El-aləm adama nə deyər… ayıbdır, vallah!

4-07-2021, 00:30           
El-aləm adama nə deyər…
Görünür, pandemiya da bizi islah edə bilmədi

Bizim nə qədər şöhrətə meyilli insanlar olduğumuzu bilmək üçün yad ölkədən gələn bir qonağın da, elə bircə dəfə xeyrimizdə-şərimizdə iştirak etməyi bəs edər. Özümüzü nə qədər gizlətsək də, iç üzümüz xeyir-şərimizdə ortaya çıxır. Əvvəla, “Toyunku yemək-içməkdir” fikrini qalxan edib arxasında israfçılıq etmək də, “Sonra deyərlər, filankəsin oğul-uşağının bir para qeyrəti çatmadımı ki, dədəsinin yasında yaxşı yemək-içmək versin?” deyib yası yemək-içmək məclisinə çevirən, ölüdən və ölümdən başqa hər şeyi masaya qoyan elə bizik.

Bu da sübutu...

“Toy iki gəncin xoşbəxtliyinə şahidlik etməyimiz üçün təşkil olunmuş bir məclisdir. Orada gərək diqqət mərkəzində gənclər olsun. Onların rahatlığı, onlara xoş olması üçün imkan vermək lazımdır ki, ürəkləri necə istəyir, elə də toy keçirsinlər. Bər-bəzək, qır-qızılla, 500 nəfərlik toyla xoşbəxt olunmur, əsas odur ki, ürəklər bir döyünsün və s.” fikrin sahibi də bizik.

Amma bu sözləri yox, əməlimizi götür-qoy edirsən, görürsən ki, bu sözlərlə biz sadəcə üzgörənlik edir, özümüz özümüzü aldadırıq, vəssalam. Daxilən elə çoxumuz dillərdə dastan olacaq toy keçirmək, maksimum qonaq çağırmaq, hər kəsin bu şöhrəti, şanı görməsini istəyirik. Bunun üçün lap min əziyyətə qatlanmağa da razıyıq.

Yeri gəlmişkən, mənim kimi böyük toyların, şənliklərin əleyhinə olan adamlar bunu insanafob (insanlardan qorxmaq) olduğumuz üçün yox, çoxluqdakı qarışıqlıqdan, nəzarətsizlikdən sığortalanmaq, səmimi sevgi axını üçün dəstəkləyirik. Buna görə Nazirlər Kabinetinin 50-150 nəfərlik toylara icazə verməsini, bəlkə də bu adət-ənənəmizdə bir düzənin, səmimiyyətin başlanğıcı üçün şans hesab edirdim. Ona görə keçmiş zamanda danışıram ki, toylar keçirilməyə başlayan ilk gündən mötəbər qonaqlar hər şeyin əvvəlki kimi olduğunu dedilər. Yenə israfçılıq, yenə şöhrətpərəstlik...

Hələ də mənim ağlım almır ki, qohumlar, dostlar-tanışlar içərisindən COVID-19 pasportlu və ya immunitet sertifikatlı 150 nəfəri seçməyə, sonra onları bir-bir portalda qeydiyyatdan keçirməyə insanda həvəs, maraq necə ola bilər? Nəysə, “təki həmişə toy olsun, dünya insanı başını xeyir işlərlə qatsın” deyib təsəllimə sığınıram.

Yəqin ki, bu pandemiya qadağalarından, məhrumiyyətlərindən sonra elə çoxu məni gündədir: Səs-küyü sevməsəm də, insanlarımızın toylarında “Qudam, ay qudam” mahnısına qol qaldırıb oynaması üçün belə, darıxmışdım.

Mahnı demişkən, elə icazə xəbəri açıqlanar-açıqlanmaz, şou-biznes əhlinə mikrofon uzatdılar ki, bəs qiymətlərdə dəyişiklik edəcəksinizmi? Onların əksəriyyətinin də cavabı belə idi ki, “pandemiya bizi də “vurub”, qiymətlərdə artım eləməsək də, endirim eləmək fikrimiz də yoxdur”.

Açığı, mən bundan da baş açmıram ki, axı niyə fonoqramı özünün oxuması üçün toya minimum 5-10 min manat verib müğənni dəvət edəsən? Bu müğənni ki öz səsi ilə ifa edəndə zövq almırsan, fonoqramda ifası xoşuna gəlirsə, onun siluetinin sənin toyunda olub-olmaması qonaqlarına nəyi artıq, nəyi əskik hiss etdirə bilər? Bunun adı birbaşa şöhrətdir. Şöhrət isə bizə başucalığı gətirmir.

“Yas, qəbir ziyarəti insanlara ölümü xatırlamaq üçün verilən bir şansdır. Yasa gedən hər kəsə yəqin olur ki, bir gün ölüm onu da haqlayacaq. Dəfndə iştirak edən adam əmin olmalıdır ki, bu dünyadan gedəndə özü ilə nəsə aparmayacaq. Gözünü yumdunsa, vəssalam və s”.

Bu fikrin də sahibi bizik. Amma gəl gör ki yasda neçə adam taparsan, gəldiyi bu yerdən dərslə qayıtsın? Biz yasda özümüzü dərs keçən, elmli olmağın faydalarından danışan müəllimin gözlərinin içinə baxa-baxa yanında əyləşmiş parta yoldaşı ilə pıçıldaşan yeniyetmələr kimi aparırırq. Gözümüz görür, qulağımız eşidir, amma fərqində olmuruq. “El-aləm adama nə deyər” qalxanının arxasında gəlib-gedən qonağı razı yola salmaq naminə çəkdiyimiz əziyyətlərdən öz doğmamızın bizi tərk etdiyini də anlaya bilmirik.

Yaxşı yemək-içmək vermək, mərhumun yanında uyuyacağı yoldaşlarından seçilməməyi üçün götür-qoy etmək, bahalı başdaşı sifarişi, şəkil seçimi və s. bizə azı yarım il vaxt verir ki, başımız qarışsın. Ta aylar sonra oyanırıq ki, bizi kim tərk etdi, onun həyatımızdakı yeri, rolu nə idi, ondan sonra nəyi necə edə bilərik, etməliyik və s. Bu qarışıqlıqda heç mərhumun vəsiyyəti də yada düşmür. Bir sözlə, hər şey elə sözdə qalır, dünya insanı isə dünya üçün yaşamağa davam edir.

Zəruri qeyd:

Mənə elə gəlir ki, “Adamı adam edən pul-paradır” deyimini biz çox ciddi qəbul etmiş, hətta bir çoxumuz həyat fəlsəfəmizə çevirmişik. Bəli, pullu adamın hörməti, şöhrəti çox olur, amma bir gün o para olmayanda yıxılmağı, sürünməyi də yaman olur. Xeyirdə-şərdə şöhrətə, xaosa para xərcləməkdənsə, yaxşı olardı ki, faydalı əməllər uğrunda çalışaq-çabalayaq.

Guya, biz bilmirikmi ki, dünya malı dünyada qalır, bizə isə ancaq yaxşı əməllərimiz? Məncə, bilirik, xəbərimiz var ki, bizə bu dünyada da, o dünyada da əl tutan tutduğumuz əllər olur. Sadəcə nəfsimizə qalib gəlmək, erkən qəbullanmaq istəmirik. Bunun özü də aid olduğumuz cəmiyyətin biixtiyar olaraq qanımıza, canımıza yeritmiş olduğu, qəbullanmağımıza çalışdığı stereotiplərdir. Bu zəncirlərdən azad olmaq üçün həyata, yaşayışa qarşı daha həssas, daha gözüaçıq olmalıyıq. Yalnız bu halda azad ola, dünyamızı daha yaşanar hala gətirə bilərik. Yaşamaq diləyi ilə...

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.