Ölkələri düşündürən sual: Peyvənd həqiqətən insanı virusdan qoruyur? – RƏYLƏR

6-07-2021, 00:45           
Ölkələri düşündürən sual:
Bütün dünyada koronavirus əleyhinə vaksinləmə prosesi davam edərkən digər yandan “Delta” ştammı ölkələrin qorxulu röyasına çevirilib.
Artıq 90-dan çox ölkədə yayılan bu ştamm peyvənd edilən şəxsləri belə yoluxdurur. Bununla bağlı olaraq, ÜST də dünya əhalisinə çağırış etmişdi.
İsrailin rəsmi məlumatına görə, qeydə alınan yeni yoluxmaların böyük bir hissəsini koronovirusun “Delta” variantı təşkil edir. “Delta” virusa yoluxan şəxslərin 40-50 faizi hər iki peyvəndi almış şəxslərdir. Həmin şəxslərin bir çoxunun reanimasiya şöbəsinə yerləşdirildiyi deyilir. Onu da bildirək ki, İsrail əhalisinin böyük əksəriyyəti “Pfizer” peyvəndi vasitəsilə vaksinasiyadan keçib.
Maraqlıdır, peyvənd edilən şəxslər belə virusu ağır formada keçirirsə, o zaman niyə peyvənd olunuruq?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev bildirib ki, ola bilər ki, hər hansı bir xəstəlik bir ölkədə yüngül, başqa birində ağır keçsin:
“Bunlar başa düşüləndir. Çünki hər bir ölkənin ekologiyası, qidası fərqli ola bilər. Düşünürəm ki, mütləq peyvəndləmə lazımdır. İnsanlarda peyvəndləmə zamanı ola bilər ki, başqa xəstəliklər də olsun. Peyvənd də o xəstəliyi qıcıqlandıra bilər. Sağlam adamlarda isə peyvəndlərdən ölüm halları və digər ağırlaşmalar olmamalıdır”.
İnfeksionist Vüqar Cavadzadə də qeyd edib ki, peyvənd olunmaq o demək deyil ki, virusa yoluxmayacağıq:

“Peyvənd olunan şəxslər də virusa yoluxa bilər. “Peyvənd olundum, arxayın olum, maska taxmayım, qapalı məkankara gedim, yoluxmayacağam” anlayışı olmamalıdır. Peyvənd olunmaq o deməkdir ki, şəxs xəstəliyi yüngül keçirir və ölüm halları demək olar ki, olmur. Peyvəndin özünün də qoruyuculuq müddəti var. Təqribən, bu göstərici maksimum 6 aydır. 6 ayı keçəndən sonra insan xəstələnə bilər. Britaniyada aparan ilkin araşdırmalar göstərir ki, vaksinin hər iki dozasını alan şəxslərin “Delta” ştammına qarşı 80 faiz qoruyuculuğu var.
Vaksinin bir dozasını alan şəxslərin isə ştamma qarşı 30 faiz qoruyuculuğu var. 6 ayı keçəndən sonra bu qoruyuculuq söhbəti artıq yoxdur. İstər vaksin olunsun, istər olunmasın, insan koronavirusa yoluxacaq. Məsələ ondan ibarətdir ki, vaksin olunmayan şəxs digərləri üçün təhlükəli olub yoluxdura bilər”.
Həkim qeyd edib ki, ola bilsin, peyvənd edilən şəxsdə immun sistemi yaranmır və o, ağır şəkildə xəstəlik keçirir:
“İsrail Səhiyyə Nazirliyi açıqlamır ki, vaksin olunan şəxslər neçə aydan sonra yoluxub, müddət var. Əgər desəydilər ki, vaksin olunan şəxs 2 ay sonra reanimasiyaya düşüb, onda vaksinin qoruyuculuğundan şübhə etmək olardı. Amma vaksinasiyadan 6 ay sonra belə hal olubsa, o qəbul ediləndir.
Hər iki dozanı alan şəxslər haqqında demək olmaz ki, bunlarda 100 faiz immunitet formalaşıb. Ola bilər ki, onun orqanizmində hər hansı patologiya var və immun sistemi yaranmır. İmmun sistemi yaranmadığına görə yoluxa və ağır da keçirə bilərlər”.
İnfeksionist Azər Nağıyev isə qeyd edib ki, vaksinasiya tam şəkildə qorumaya bilər:

“Peyvənd yoluxmaqdan tam sığortalamır. “Delta” ştammı da bilirsiniz ki, daha sürətli yoluxdurur. Hər bir peyvənd eləcə də koronavirua qarşı olan peyvənd yoluxmanın az olmasına, eləcə də yoluxarkən daha yüngül keçirilməsinə xidmət edir.
Düşünürəm ki, hazırkı peyvəndlər də bu xidməti göstərir və göstərəcək. Hesab edirəm ki, Azərbaycanda yoluxmanın pik həddi, əvvəlki qədər ağır formasıl müşahidə edilməyəcək. Artıq bir qisim insan yoluxub, çoxu peyvənd olunub. Aparılan tədbirlər də pik yoluxmaya imkan verməyəcək”.
Naibə
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.