Azərbaycan ailə modeli: - “Təki qızım ərə getsin, eybi yoxdur, boşananda da boşansın...”

16-07-2021, 17:26           
Azərbaycan ailə modeli: -
Bu ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 19 141 nikaha daxilolma və 6 745 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, əhalinin hər 1 000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,7-dən 4,6-ya, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

Boşanmaların səbəbinə gəldikdə, bu müxtəlif amillərlə izah olunur. Burada ailə dəyərlərinin zəifləməsi, iqtisadi problemlər, bəzi xarici ölkələrdə ailə vəziyyətinə meyillilik, valideynlərin zərərli vərdişləri kimi faktorlar öz əksini tapır.

Boşanan ailələrin əksəriyyətində isə yalnız bir valideynlə yaşamağa məcbur qalan uşaqlar olur.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Cebhe.info-ya bildirib ki, boşanmaların sayının artması ilk növbədə ailə dəyərlərinin aşağı olmasından irəli gəlir:

“Bu gün təəssüf ki, ölkədə ailə modelimiz çat verib. Ailədə uşaqlara diqqətsizlik, baxımsızlıq, laqeyidlik, nəticədə onun yeniyetmə kimi formalaşması ilkin nikaha gətirib çıxarır. Digər bir tərəfdən, hətta rəsmi qaydada belə, evlənənlərin arasında hər hansı sevgidən çox, hansısa qohumluq əlaqələri, təsadüfi münasibətlər nəticəsində, sosial şəbəkələrdən “tanıdım evləndim” prinsipinə əsaslanaraq qurulan ailələrdə möhkəmliliyi, davamlılığı çox az görürük. Valideynlərin öz övladlarına qarşı olan münasibəti, ailə çərçivəsində razılıqların çox aşağı halda olması, evləndirilən və ərə verilən qızların fikirlərinin o qədər də önəmli olmaması faktoru da var.

Hər iki tərəfin ailə bağlılığının araşdırılmaması, “Təki qızım ərə getsin, eybi yoxdur, boşananda da boşansın, ancaq bilim ki, qızım ərə gedir”, yaxud da “təki oğlum evlənsin, sonra deməsinlər ki, nə problemi var idi evlənmirdi?” kimi halların hamısı ailə dəyərlərinin aşağı olmasına gətirib çıxarır. Bütün bunların nəticəsində isə biz boşanmaları görəcəyik. Boşanmalardan hər zaman əziyyət çəkən uşaqlar olur. İstər məhkəmə proseslərində, alimentin verilməsində, hətta atalığın müəyyən edilməsində o qədər problemlər olur ki, bunlar birbaşa uşaqlara sirayət edir. Uşaqla ünsiyyətin qurulması, alimentin verilməsində bir çox hallarda uşağın rifahından çox, qarşı tərəfə olan qıcıq, qərəz uşaqdan faydalanaraq istifadə olunur”.

Valideynlərin narkotika kimi zərərli vərdişlərinə gəldikdə, Kəmalə Ağazadə deyir ki, bu hazırda cəmiyyəti ən çox narahat edən məsələlərdən biridir:

“Bu zərərli vərdişlərin kökünə baxanda görürük ki, ailələrin biganəliyi gətirib o uşaqları asılılığa çıxarır. Mənim tanıdığım bir neçə ailə var ki, elə evlənməyinin, ərə verilməyinin səbəbi məhz bu problemin həllinə çalışmaq olub. Daha çox oğlanlarda bununla rastlaşmışıq ki, “evlənər, bəlkə başı qarışar, pis vərdişindən əl çəkər, yığılar evə”. Ancaq bununla bir qızı məhv edirlər. Burada həmçinin dünyaya gələn uşağın taleyi məhv olur. Hələ mən bu vərdişlərin onların sağlamlığına vurduğu zərərdən danışmıram.

Bunların hamısı kompleks şəkildə bir-biri ilə bağlıdır. Daha çox diqqəti, ailələrin təməlinin möhkəm qurulmasına yönəltmək lazımdır. Biz nə qədər çox təməlli ailə formalaşdırarıqsa, onun davamlılığı, dayanıqlılğı da möhkəm olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.