İnsanlar beynini qida ilə sıradan çıxarır

24-09-2021, 11:45           
İnsanlar beynini qida ilə sıradan çıxarır
Fastfudun fiquranı korladığını, insanı kökəltdiyini bilməyən yoxdur. Məlumdur ki, belə qidanın ürəyə də zərəri var. Amma çoxu bilmir ki, hamburger, kartof fri, pitsa beyni necə sıradan çıxarır.
Bizimyol.info xəbər verir ki, tədqiqatçılar fastfudun əqli zəifliklə əlaqəsini ortaya qoyublar. Avstraliya Milli Universitetinin əməkdaşları yarımfabrikat qidaların beynə böyük zərər yetirməsinə əmindir. Tədqiqatçılardan Nikolay Çerbuin bir az dəqiqləşdirir: “Fastfud beyni “yeyir”.

Tədqiqatçılar müəyyənləşdirib ki, belə qidalar insan orqanizmində demensiyaya tutulmaq ehtimalını artırır. Elm adamlarından ibarət komanda 200-ə qədər araşdırmanın nəticələrini çək-çevir edib. Üzə çıxıb ki, insanlar fastfuda meyl edib idmandan uzaq dayandıqca demensiya aşkarlanmaq riskini yüksəldirlər. Ümumiyyətlə, fastfud idrak disfunksiyası ilə bağlı müxtəlif problemlər yaradır.

Tədqiqat materialında deyilir: “Fastfud sizi kökəldir, üstəlik, ikinci növ diabetin yaranmasına səbəb olur. Şəkərli diabetin beyin funksiyasını poza biləcəyi digər tədqiqatlarda artıq sübut edilib. Araşdırmanın nəticələri bunu təsdiq edir. Fastfud əqli zəifliyə daha sürətlə çatmağa təkan verir”.

Çerbuin deyir ki, araşdırma neyronların xeyli tez itirilməsi faktını ortaya qoyub. Məlum olub ki, insan iş qabiliyyətini çox əvvəl itirə bilər. Planetin əhalisinin 30 faizi artıq çəkidən əziyyət çəkməyə başlayıb. 2030-cu ilə qədər diabetin ikinci növü bütün insanların 10 faizində aşkar olunacaq.

İnsan gənc olanda qidalanmasına, sağlamlığına yetərincə diqqət ayırmır. Tədqiqatçılar idmana mümkün qədər tez başlamaq lazım gəldiyini hesab edir. Onlar insanları sağlam həyat tərzinə səsləyir.

Çerbuin rəqəmlərlə də vəziyyətin necə pis olduğunu göstərməyə çalışır. Onun sözlərinə görə, insanlar indi ötən əsrin 70-ci illəri ilə müayisədə sutkada 650 kalori çox əldə edir.

Məsələ heç də indi insanların daha yaxşı qidalanmasında deyil. Sadəcə, planetin əhalisi fastfuda meyli artırıb.

Tədqiqatçılar konkret hansı məhsullardan uzaq dayanmalı olduğumuzu da bildirir. Biz tərkibində şəkər çox olan içkiləri, şirniyyatı, kolbasanı, kərə yağını nadir hallarda yaxına buraxmalıyıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.