Bank kartlarından oğurlanan vəsaitlər: Pullarınızı necə qaytara bilərsiniz? – VİDEO
20-10-2021, 16:22
Son vaxtlar kibercinayətkarların müxtəlif yollarla vətəndaşların bank kartlarından vəsaitləri mənimsəməsi hallarına tez-tez rast gəlinir.
Bəs görəsən, bu hallarla rastlaşan vətəndaşa dəyimiş ziyan necə ödənilir?
Bu barədə ARB telekanalında yayımlanan "Diqqət efir" verilişinə açıqlama verən DİN-nin əməkdaşı Anar Qafarov bildirib ki, vətəndaşlara dəyən ziyan baş verən cinayət işi ilə paralel aparılır:
"Cinayəti törətməkdə şübhəli bilinən şəxsə vətəndaşa dəymiş zərəri ödəməyi təklif edirik. O, ödəmədikdə isə iş məhkəmə yolu ilə həll olunur. Vətəndaş məhkəmə prosesindən sonra mülki qaydada iddia qaldıra bilər və dəymiş maddi ziyanın ödənilməsini tələb edə bilər".
Məsələ ilə bağlı danışan hüquqşünas Samir İsayev bildirib ki, bu kimi əməllər ağır cinayət olduğu üçün həmin şəxslər müvafiq olaraq 5 ildən 10 ilədək və ya 10 ildən 14 ilədək cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Kərimov isə bank kartlarının təhlükəsizliyi üçün onların hər yerdə istifadəsinin doğru olmadığını və təmassız kartlar üçün xüsusi pul qablardan istifadəni məsləhət görüb.