İcra başçıları xofdadırlar – Məmurların adamları redaksiyaları gəzirlər

16-03-2016, 02:33           
İcra başçıları xofdadırlar – Məmurların adamları redaksiyaları gəzirlər
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində “sahibkarları soyurlar, boğurlar, incidirlər”,- deyə sərt çıxışı yəqin ki, hər kəsin xatirindədir.

Həmin çıxışında biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacağını bildirən prezident, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəldiyini vurğulamışdı. Bu yoxlamaların sayının kəskin şəkildə azaldılmasının vacibliyini deyən dövlət başçısı qeyd etmişdi ki, yerli icra hakimiyyətləri, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradır, onlardan pul tələb edirlər.

“Sahibkar heç kimə – nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir”.

Dövlət başçısının bu çıxışından sonra əməli addımlar göründü ki, bu da bütövlükdə cəmiyyət tərəfindən dəstək qazandı. Sahibkarların işinə müdaxilə edən Milli Təhlükəsizlik Nazirliyinin şefi Eldar Mahmudov işdən azad edildi.

Hələ o dövrdə Modern.az saytı məsələyə dair yazılarının birində növbənin icra başçılarına çatacağı proqnozunu vermişdi. Heç kəsə sirr deyil ki, sahibkarların işinə əngəl törədən böyük qüvvələr həm də yerli icra hakimiyyəti orqanlarıdır. Həmin icra başçıları özlərini az qala əyalət padşahı kimi aparır, sahibkarlarla istədikləri kimi davranırlar. Yerlərdəki rüşvət, məmur özbaşınalığı, insanlar arasında ayrı-seçkilik mühiti əhalinin vəziyyətini çətinləşdirir. Kiçik və orta sahibkarlar rayon icra hakimiyyəti nümayəndələri tərəfindən sıxışdırılır, eyni zamanda insanlara hədələyici münasibət göstərilir. Yerlərdə külli miqdarda mənimsəmə əməliyyatları həyata keçirilir ki, bunun da başında icra başçıları və onların komandaları durur.

Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin diqqətindədir. Elə bu diqqətin nəticəsi olaraq ölkə başçısı son 1 ayda imzaladığı sərəncamlarla 4 icra başçısını vəzifəsindən uzaqlaşdırıb. 3 mart 2016-cı il tarixində imzalanan sərəncamlarla iki icra başçısı – Mahmud Quliyev və Akif Səlimov müvafiq olaraq Cəbrayıl və Laçın rayonlarına rəhbərlikdən azad edildilər.

Əgər Mahmud Quliyev bu vəzidəfə 16 ildir işləyirdisə, Akif Səlimovun icra başçılığı heç 3 il sürmədi ki, etimadı itirdi.

Qalmaqallı fotosu ilə gündəmi qarışdıran Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov da son bir ayda vəzifəsini itirən məmurlar sırasındadır.
Azərbaycan Prezidenti martın 14-də Elçin Hüseynəliyevi Naxçıvan Muxtar Respublikasının Babək rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Ölkə başçısı keçirdiyi müşavirədə icra başçılarına özlərini yığışdırmaları barədə xəbərdarlıq edərək, “məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”, -deyə bildirib.

Prezident İlham Əliyev etimadı itirən, yerlərdə insanları incidən icra başçılarını vəzifədən azad etməklə bir daha xalqın yanından olduğunu sübut etdi.

Cəmiyyət tərəfindən müsbət qarşılanan vəzifədən azadetmələrin davam edəcəyi istisna olunmur. Baş verən hadisələrin fonunda daha bir neçə icra başçısının tutduğu postdan uzaqlaşdırılacağı gözlənilir.

Modern.az saytına bəlli olub ki, bir çox icra başçıları “kreslo sevdası”nın sona çatacağından bərk qorxuya düşüblər. Elə bu xofun nəticəsidir ki, bəzi icra başçıları hazırda kütləvi informasiya vasitələrində müxtəlif vaxtlarda barələrində yazılan tənqidi yazıların çıxarılması ilə məşğuldurlar. Belə ki, icra başçıları və havadarları ciblərini qalın edərək redaksiya-redaksiya gəzir, həmin yazıların müəyyən məbləğ qarşılığında silinməsini xahiş edirlər. Hətta bu işə görə milyonlarından vaz keçməyə hazır olanlar barədə məlumatlar da var…шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.