"Uzun yolda sürücü avtomobildə təkdirsə, qəza riski daha yüksək olur"

5-11-2021, 13:18           
"Uzun yolda sürücü avtomobildə təkdirsə, qəza riski daha yüksək olur"
Son zamanlar yuxulu halda baş verən avtomobil qəzalarının sayı artıb. Yuxulu halda avtomobil idarə etmək, günün və ya gecənin hərhansı bir saatında qəzaya səbəb ola bilər.

Noyabrın 2-də Qaradağ rayonunda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən növbəti bu cür ağır yol-nəqliyyat hadisəsi də sürücünün yuxulu olması səbəbi ilə baş verib. Hadisə zamanı iki nəfər ölüb, bir nəfər ağır xəsarət alıb. Ötən ay 5 nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən qəza da sürücü 19 yaşlı Mahmud Əzizovun yuxulu olması səbəbilə baş vermişdi.

Mütəxəssislərə görə, yuxulu olmaq səbəbilə baş verən avtomobil qəzaları, gecə saat 1-dən səhər 6-ya qədər və yaxud günortadan sonra baş verir. Bu saatlar insan orqanizminin bioloji olaraq yuxunu nizamlayan saatlarıdır. İnsanlar bu saatlarda daha çox yuxulu olurlar.

Nəqliyyat məsələləri üzrə ekspert Fazil Məmmədov qeyd edir ki, uzun yol zamanı sürücü avtomobildə təkdirsə, qəza riski daha yüksək olur.

Mütəxəssislər, gecə 7-8 saat yatmağı məsləhət görür. Buna görə də gün ərzində yetərli yuxunu almaq, yuxulu olan zaman baş verəcək qəzalardan özünü qorumağın tək yoludur. Uzun yola çıxmamışdan öncə yaxşı yatın ki, özünüzü və sevdiklərinizi riskə atmayasanız.

Ekspert qeyd edib ki, gənclər, yaşından irəli gələn düşüncə ilə bioloji yuxu ehtiyacının artdığı bir mərhələdə yetərincə yatmır. Bu da onların, xüsusilə uzun yollarda avtomobil qəzalarını gerçəkləşdirmə ehtimalını artırır.

"Avtomobil idarə edəcəksinizsə, alkoqollu içkilər qəbul etməyin. Spirtli içki yuxululuq halı yaradır. Əgər yuxu yaradan dərmanlar qəbul edirsinizsə, avtomobil idarə etməyin. Təkbaşına avtomobil idarə edən zaman, yuxunu qaçırmaq üçün kofe və yaxud enerji içkisi içmək yetərli olmaya bilər. Düzdür, bu vasitələr yuxunuzu bir müddət qaçıra bilər, amma onların təsir müddəti az olur. Gecə avtomobil sürürsünüzsə və yuxunuzun qaçması üçün enerji içkisi və ya kofe içirsinizsə, unutmayın ki, idarə etmə müddətində ara-sıra 5-6 saniyəlik yuxulu ola bilərsiniz" - deyə ekspert bildirib.

Avtomobil sürdüyünüz zaman yuxunuz gəldisə, avtomobili kənara çəkib bir qədər yatın.

Baş Dövlət Yol Polisi İdarəsi, ağır nəticəli yol-nəqliyyat hadisələrinin yaşanmaması üçün bir daha sürücülərdən iş və istirahət rejiminə düzgün əməl etməyi, yorğun, yuxulu, əzgin halda, dərman preparatlarının təsiri altında sükan arxasına əyləşməməyi xahiş edir.

"Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz" - deyə DYP-nin məlumatında bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.