Taleh Ziyadovun yol verdiyi özbaşınalıqlar – ŞİKAYƏT
18-03-2016, 00:37
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında nələr baş verir?
1902-ci ildə təsis edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. Öz fəaliyyətinin əvvəlində cəmi iki ağacdan düzəldilmiş körpüsü və azsaylı dokerləri olan Liman, keçən bir əsrdən artıq dövr ərzində daim inkişaf edərək Azərbaycanın əsas dəniz qapısına çevrilib və trans-Xəzər ticarətində mühüm rol oynayır. Liman bütün il ərzində fəaliyyət göstərir və Avropa ilə Asiya arasındakı ticarətə böyük təkan verən, tarixi İpək Yolunun bərpası olan TRACECA layihəsində körpü rolunu oynayır.
Ötən ilin mart ayında ölkə başçısı «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə bağlı daha bir sərəncam imzalayıb. Həmin sərəncamda qeyd olunur ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC yaradılıb. Həmçinin sərəncama əsasən Taleh Məhəmməd oğlu Ziyadov adıçəkilən QSC-nin baş direktoru təyin edilib.
Nəzərinizə çatdıraq ki, Taleh Ziyadov Azərbaycan Diplomatik Akademiyasının elmi işçisidir və professoru olub. O, ABŞ-da, Vaşinqton dairəsində yerləşən Corctaun Universitetinin Diplomatik Xidmət məktəbində magistr təhsili alıb. Hazırda isə Kembric Universitetində doktorluq dərəcəsi üzrə təhsil alır. O daha əvvəl, ABŞ-da Kolumbiya dairəsində Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktorunun müavini vəzifəsində və ADA-da dekanın akademik məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.
“Gündəlik-Bakı” qəzeti yzır ki, Əldə edilən bilgilərə görə, məhz bu təyinat zamanı nəqliyyat naziri Ziya Məmmədovun rəyi nəzərə alınmayıb. Bu isə o deməkdir ki, qeyd olunan sərəncam qüvvəyə mindiyi andan «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC Ziya Məmmədovun nəzarətindən kənarda qalıb. Mövzu ilə bağlı verilən digər informasiyalarda isə deyilir ki, hazırda sözügedən QSC-də bir sıra neqativ hallar yaşanmaqdadır. Məhz elə bu səbəbdən də təxminən, bir ay öncə «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nın bir qrup işçisi mətbuat vasitəsilə ölkə başçısına müraciət ünvanlayıb. Nəzərinizə çatdıraq ki, həmin müraciətdə QSC-nin fəaliyyətində yer almış neqativ hallardan bəhs edilib, cəmiyyətin sədri Taleh Ziyadovun yol verdiyi özbaşınalıqlardan dolayı yaranmış şikayətlər öz əksini tapıb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nizamnaməsi Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 407 nömrəli qərarı ilə təsdiq edilib. Bu nizamnaməyə əsasən liman hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir. Liman il boyu, günün 24 saatı ərzində fasiləsiz iş cədvəli əsasında işləyir. Burada 800 nəfərə yaxın işçi çalışır. Bununla belə, bu gün limandan daxil olan məlumatlara əsasən bu qənaətə gəlmək olur ki, Taleh Ziyadov dövlət başçısı tərəfindən ona göstərilmiş etimadı doğrulda bilməyib. Belə ki, «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nın bir qrup işçisinin ölkə başçısına müraciətində deyilir ki, son bir ildə onların normal əmək şəraitində çalışmalarına maneçilik törədilir:
«Taleh Ziyadovun limana rəhbər təyin olunması ilə qara günlərimiz başladı. Təzə baş direktorun komandası fəaliyyətə başladıqları gündən liman kollektivi ilə qeyri-normal rəftar etməyə başladılar. 80-dən çox işçi heyəti olan Əsas Yük Terminalında indi 61 nəfər qalıb. Onlar uzun illərin təcrübəli mütəxəssislərindən ibarət kollektivi müdafiəsiz qoymaq məqsədilə ilk növbədə Liman Həmkarlar İttifaqı Komitəsini ləğv etdilər. Sonra bəzi şöbələri tamamilə ləğv etdilər və qalan şöbələrin əksəriyyətində ixtisarlar edərək, işçilərin sayını azaltdılar. Maliyyə çatışmazlığını bəhanə gətirərək kollektiv müqavilədə nəzərdə tutulmuş, müntəzəm olaraq hər il aldığımız uzunmüddətli əməyə görə mükafatı, ilin yekunlarına görə mükafatı (13-cü əmək haqqını), əmək şəraitinin zərərli və ağır olması ilə bağlı verilən əlavə məzuniyyət günlərini ləğv etdilər. Bizim (Dekor-mexanizatorların) əmək haqqımızı günbəgün azaltdırlar. Növbə ərzində 11 saat işləməyimizə baxmayaraq, yalnız 6 saat üçün pul ödəyirlər».
Şikayətçilər iddia edirlər ki, QSC sədri Taleh Ziyadov «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nın aparıcı qüvvəsi olan, yükaşırma işlərini yerinə yetirən dekor-mexanizatorları (ixtisarlardan sonra qalan 61 nəfəri) tamamilə işdən azad etmək qərarına gəlib: «Deyirlər ki, yükaşırma işlərini hansısa şirkətin işçiləri yerinə yetirəcək. Bu, 61 ailəni ölkə konstitusiyasında dövlət tərəfindən vəd olunan layiqli həyat səviyyəsindən məhrum etmək deməkdir. Onlar – rəhbərlikdə çalışanlar maliyyə çatışmazlığı və qənaətdən danışdıqları halda, çoxlu təzə ştatlar açıb özlərinin xeyli sayda dost-tanışlarını, qohumlarını yüksək maaşla işə götürmüşlər və hər biri üçün dəbdəbəli kabinetlər düzəltməklə məşğuldurlar. Dəfələrlə müraciət etməyimizə baxmayaraq onlar bizimlə görüşməkdən, bu məsələlərə aydınlıq gətirməkdən boyun qaçırır, bizi görmək belə istəmirlər».
Bütün bunlar onu deməyə əsas verir ki, hazırda «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı»nda vəziyyət heç də ürəkaçan deyil. Görünür, QSC sədri Taleh Ziyadov sözügedən vəzifəyə nə üçün təyin olunduğunu unudub tamam başqa işlərlə məşğuldur. Hər halda bununla bağlı araşdırmalarımız davam edir və tezliklə QSC ilə əlaqədar daha ilginc bilgiləri təqdim edəcəyik.