Fəlsəfə və Hüquq İnstitutundakı dava haqda şok açıqlama

8-04-2016, 21:57           
Fəlsəfə və Hüquq İnstitutundakı dava haqda şok açıqlama
Professor Sakit Hüseynov: “Xaliq Əhmədzadə saxtakardı və onun keçmişi qaranlıqdır”

Aprelin 6-da AMEA Fəlsəfə və Hüquq İnstitutunda qalmaqal olduğu haqda məlumat vermişdik. Məlumatda bildirilirdi ki, institutun aparıcı mütəxəssisi Xaliq Əhmədzadə ilə Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin müdiri Sakit Hüseynov arasında insident yaşanıb.

İnsidentə səbəb isə X.Əhmədzadənin S.Hüseynovdan istefa ərizəsi yazmasını tələb etməsi olub. Bu zaman tərəflərin arasında qarşıdurma yaranıb və nəticədə Sakit Hüseynovun səhhəti pisləşib. İnstitutun binasına təcili tibbi yardım briqadası və polis əməkdaşları gəlib.

Məsələnin təfərrüatını öyrənmək üçün qalmaqalda adı hallanan fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynovla əlaqə saxladıq. S.Hüseynov “Yeni Müsavat”a açıqlamasında Xaliq Əhmədzadənin vəzifəli adamların adından istifadə edərək institutda xof yaratdığını bildirdi: “Bəzi hüquqşünaslar araşdırıb görüblər ki, Xaliq Əhmədzadə 2007-2008-ci illərdə Xətai rayon Polis İdarəsində saxlanılıb.

Bundan sonra da ona iki dəfə cinayət işi açılıb və axtarışa verilib. Buna görə o, neçə illərdir Bakıda qeydiyyata düşə bilmir. Onun şəxsiyyət vəsiqəsi saxtadır. Bu şəxsə şəxsiyyət vəsiqəsi 21 mart 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının polis orqanı tərəfindən verilib. 21 mart bayram günüdür, həmin gün heç bir dövlət idarəsi işləmir. Şəxsiyyət vəsiqəsindəki ikinci saxtakarlıq isə boyu ilə bağlıdır. Bizdə onun diplomunun saxta olması haqda da məlumatlar var. Hüquqşünaslar bu məsələ ilə məşğuldur. Bu şəxsin keçmişi qaranlıqdır. Cinayət məsuliyyətinə dəfələrlə cəlb olunmuş bir adam 2013-cü ildən Fəlsəfə və Hüquq İnstitutuna işə düzəlib və bu günə kimi işləyir. İnstitutun bütün personalı ondan qorxur. Çünki Xaliq Əhmədzadə özünü böyük vəzifəli şəxslərin yaxın adamı kimi qələmə verir və tanıdığımız bütün vəzifəli şəxslərin adından istifadə edir. İnstitutun iki otağını zəbt edib. Halbuki, onun işlədiyi şöbənin elmlər doktorlarının hamısı otaqda yer olmadığına görə koridorda gəzirlər. Bu şəxs Fəlsəfə İnstitutunda elə bir xof yaradıb ki, bu cür xof tarixdə görülməyib. Jurnalistlərdən də xahiş edirik ki, bu şəxsin keçmişini araşdırsınlar”.

Aralarında yaşanan insidentə gəlincə isə S.Hüseynov X.Əhmədzadənin tək onunla deyil, institutda çox adamla dalaşdığını və təhqir etdiyini dedi: “Xaliq Əhmədzadənin qulağına çatıb ki, bəzi hüquqşünas dostlarım onun haqqında araşdırma aparır. Buna görə də mənə hücum elədi. Bunu təsdiqləyəcək şahidlərim də var və polisdə akt bağlatdırmışam. O mənə hücum edəndə əsəbiləşdim və ürək ağrılarım başladı. Buna görə də təcili yardım çağırdılar. Xaliq Əhmədzadə qonşu otaqdan baxıb gördü ki, mənim otağımın qabağında çoxlu adamlar yığılıb. Bundan qorxuya düşüb oyunbazlıq edib o özü də təcili yardım çağırdı ki, guya özünü yaxşı hiss etmir.

Amma bunlar yalandır. Sağlam adamdır və heç bir xəstəliyi yoxdur. Onun barəsində mətbuatda çox yazılıb, amma indiyədək bir tədbir görən yoxdur. İnstitutda heç bir elmi iş görülmür. Çünki bu şəxs imkan vermir. Təsəvvür edin ki, biz yığışıb ancaq ondan xilas olmaq haqda düşünürük. Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev onun haqqında bir neçə məqalə yazıb. Həmin məqalələrdə Xaliq Əhmədzadə haqda obyektiv və düzgün məlumatlar var. O, institutun əməkdaşlarının ürəyindən keçənləri yazıb. Bizim institutun əməkdaşları Etibar Əliyevə bu institutun xilaskarı kimi baxırlar. Ancaq onun məqaləsində göstərilən faktlara da rəsmi qurumlar münasibət bildirmir”.

Xaliq Əhmədzadə haqqında deyilənlərə cavab vermək istəsə, redaksiya ona cavab haqqı tanıdığını bildirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.