Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
Bu gün, 00:07
Avropa İttifaqının Ali Nümayəndəsi Kaia Kallas Macarıstanın ikitərəfli məsələləri əsas gətirərək Ukraynanın Aİ-yə inteqrasiya prosesinə maneə yaratmasını tənqid edib.
"Bizimxeber" bildirir ki, estoniyalı diplomat bu barədə “Ukrinform”a verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, Ukraynanın Macarıstanla danışıqlar apararaq ikitərəfli məsələləri həll etməsi müsbət haldır, lakin bu problemlər namizəd ölkənin islahat proqramını yerinə yetirməsinə baxmayaraq Aİ-yə inteqrasiyasına əngəl yaratmamalıdır.
“Əgər bir ölkə Aİ-nin tələb etdiyi islahatları yerinə yetiribsə, ikitərəfli məsələlər bu prosesə mane olmamalıdır”, – Kallas bildirib.
O, həmçinin Aİ-nin qərar qəbuletmə mexanizmlərinin dəyişdirilməsinin zəruriliyini vurğulayıb: “Əgər 26 dövlət lehinə, bir dövlət əleyhinədirsə, bu, qalan ölkələri girov saxlamaq demək olmamalıdır”.
Kallasın bu çıxışı, Macarıstanın Ukraynanın Aİ-yə inteqrasiya yolunda tez-tez veto hüququndan istifadə etməsi fonunda səslənib. Xüsusilə Macarıstan Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskinin Budapeşt hökumətini dəyişdirməyə çalışdığını iddia edərək, gərginliyi daha da artırıb.