Qazaxda su kanalının döşəməsi niyə çökdü?
26-04-2022, 12:16

Qazax rayonunun Qarapapaq kəndindən keçən Ağstafaçay Sağsahil Magistral Kanalının döşəməsi anidən çöküb. Nəticədə 10-a yaxın evin həyətini su basıb, sakinlər təxliyə olunub.
Bununla bağlı Axar.az-a açıqlama verən təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev bildirib ki, araşdırma aparıldıqdan sonra hadisənin səbəbi məlum olacaq.
“Kanal yollarında baş vermiş qəzaların əsas səbəbi təbii proseslər, kənar müdaxilələr və istismar müddətini başa vurmuş ehtiyat hissələrinin vaxtında dəyişdirilməməsidir. Bu məsələ hansı qurumun balansındadırsa, vaxtında texniki qulluq göstərməlidir. Qulluq zamanı istifadə olunan avadanlıq və materialların keyfiyyətli olmasına diqqət yetirməklə baş verən qəzaların qarşısını almaq mümkündür”.
Ekspert deyib ki, bəzən insanların kanal yollarına fiziki müdaxiləsi zamanı da bu cür qəzalar baş verə bilir:
“Bu səbəbdən kanal yollarının istismarı zamanı texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Əks halda hər hansı əməliyyat aparmaq kanal yollarını zədələyir və təhlükəni qaçılmaz edir”.
Qeyd edək ki, mənbəyi Kür çayı olan Ağstafaçay Sağsahil Magistral Kanalı 1970-ci ildə inşa edilib.