Paşinyanı devirməyə çağıran “FSB” generalını keçmiş “Alfa” üzvləri mühafizə edir... - Ermənistan KİV
28-04-2022, 20:54
![Paşinyanı devirməyə çağıran “FSB” generalını keçmiş “Alfa” üzvləri mühafizə edir... - Ermənistan KİV](/uploads/posts/2022-04/1651164817_1.jpg)
“Bu günlərdə çoxları diqqət edib ki, Artur Vanetsyanı daim hərbi görkəmli kişilər - mühafizəçilər, silahdaşları olan 30-a yaxın adam müşayiət edir. Onların hamısı Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşlarıdır. Vanetsyan vəzifədən getdikdən sonra onlar da işlərini tərk ediblər, amma indi yenidən onun yanında dayanıblar”. Teref.az moderator.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazır.
Onların bəziləri vaxtilə Milli Təhlükəsizlik Xidmətinin Dövlət Mühafizə Xidmətində - məşhur “Alfa” qrupunda işləyib. Onlar Vanetsyanın Qarabağa döyüşə gedən dəstəsinin tərkibində olublar. Onlar küçə mübarizəsinə öyrəşməyiblər və əvvəlki həyatlarında, çox güman ki, barrikadaların o biri tərəfində olublar. Ona görə də mitinqi dağıdanların psixologiyasını, hərəkət tərzini çox gözəl bilirlər.
Və bu, ikinci haldır ki, polis qoşunları, hətta "Alfa" belə, Vanetsyana yaxınlaşa bilmir. Çünki Vanetsyanın oğulları divar kimi dayanaraq onlara mane olurlar. Yəni əslində indikindən daha təcrübəli və bacarıqlı olan keçmiş "Alfa" indiki "Alfa"ya qarşı dayanıb" - erməni qəzeti belə yazır.
Zəruri xatırlatma və arayış:
Hazırda Azərbaycana qarşı revanşist mövqeyi ilə seçilən və terrorçu eks-prezident Serj Sərkisyanın lideri olduğu "Şərəf duyuram" müxalif blokunun üzvü olan general-mayor Artur Vanetsyan 2002-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2018-ci il mayın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı və Ermənistan prezidentinin fərmanı ilə o, Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib, 2019-cu il sentyabrın 16-da isə baş nazirin təklifi ilə vəzifəsindən azad edilib. Və bundan sonra "Vətən" partiyasının sədri kimi daim Paşinyana müxalif mövqedə dayanıb.
Hələ MTX sədri olduğu dövrdə Ermənistan siyasi dairələrində A.Vanetsyanın Moskvanın adamı olması haqda fikirlər səslənib. A.Vanetsyan 2020-ci ilin yanvarında o vaxt işğal altında olan Cəbrayıl rayonunun Arazyanı ərazilərimizə gələrək buradakı torpaqların təcili məskunlaşdırılmasından danışmışdı... 2020-ci ilin noyabrında isə populist çıxışlar edərək bir dəstə tərəfdarıyla Xankəndinə gəlmiş, lakin ordumuz Şuşaya yaxınlaşan kimi aradan çıxmışdı...
Ötən il isə A.Vanetsyan Qarabağa növbəti səfərində Xocavənd rayonundakı qədim Amaras məbədimiz üzərinə separatçı-terrorçu rejimin əski parçasını qaldırıb...
Aprelin ortalarında erməni mediasında A.Vanetsyanın həmin günlərdə Rusiya Federasiyasında müəyyən siyasi dairələrlə bir sıra görüşlər keçirməsi haqda məlumatlar yayılmışdı. Görünür, erməni “FSB” generalı Moskvada Paşinyana qarşı mitinq başlatmaq tapşırığını alıb və İrəvana geri döndükdən sonra – aprelin 17-də bu günədək davam edən həmin etiraz aksiyalarını başladıb...