Dünyada dollar bahalaşır - Bizə təsiri olacaqmı?
29-04-2022, 00:10
![Dünyada dollar bahalaşır - Bizə təsiri olacaqmı?](/uploads/posts/2022-04/1651169990_1.jpg)
Aprelin 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq. AMB-nin İdarə Heyəti uçot dərəcəsini, faiz dəhlizinin aşağı və yuxarı həddini müəyyən edəcək.
Bəs Mərkəzi Bank faizləri yenidən artıracaqmı? Yüksək inflyasiyanı gücləndirən amillər nələrdir?
Məsələ ilə bağlı Bakupost.az -a iqtisadçı-ekspert Natiq Cəfərli açıqlama verib.
Ekspert bildirib ki, uçut dərəcəsi artırılsa, kredit faizlərində də müəyyən artım müşahidə olunacaq:
“Böyük ehtimal Mərkəzi Bankın növbəti dəfə 0.25% faizləri artıra bilər. Belə bir ehtimal yüksəkdir. Mərkəzi Bankın rəhbərlik dəyişikliyindən sonra həm faiz artımı, həm də bu qərardan sonra veriləcək mesajlar çox önəmlidir. Amma Mərkəzi Bankının atdığı addımlar çox zaman ABŞ Fedrezervin atdığı addımlara paralel olur. O nöqteyi-nəzərdən ola bilər ki, uçot dərəcəsini növbəti dəfə artırmaqla bağlı qərar olsun. Qərardan əlavə maraq doğuran məsələ Mərkəzi Bankın yeni rəhbərliyinin hansı parametrləri, hədəfləri önə çəkəcəyidir. Azərbaycanın indiki iqtisadi modelində uçot dərəcəsinin iqtisadiyyata birbaşa və çox güclü təsirləri yoxdur. Amma bank faizlərinə təsiri olur. Mərkəzi Bank uçot dərəcəsini artıran kimi kredit faizlərində də müəyyən artım müşahidə olunur”.
Ekspert dünyada dolların bahalaşmasına da diqqət çəkib: “Dolların bahalaşması, dollar-manat münasibətlərinə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanda sabit və inzibati məzənnə rejimidir. Ona görə də dünyada dolların bahalaşması bizə dolayı təsirləri olur. Məsələn, avro ucuzlaşır. Digər valyutaların manata nisbətən ucuzlaşmasını görə bilərik. Xarici ticarətdə də müəyyən təsirlər olacaq. Dolların baha olması xaricdən alınan məhsulların qiymətinin bahalaşmasında da müəyyən rol oynaya bilər. Amma birbaşa Azərbaycan manatının məzənnəsinə məhz dollar-manat münasibətinə təsiri olmayacaq. Çünki bizdə inzibati məzənnə rejimidir”.