Gəliri 5 dəfə artan Azərbaycanda qaz niyə limitlə verilir?
19-07-2022, 16:18
2022-ci ilin 1-ci yarısında (yanvar-iyun dövründə) Azərbaycanın 18 milyard 479 milyon dollarlıq ixracın 17 milyard 22 milyon dolları və ya 92,11%-i neft-qaz sektoruna daxil olan mallar üzrə olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin ilk 6 ayında 9 milyard 361 milyon 250 min dollarlıq xam neft, 7 milyard 440 milyon 434 min dollarlıq təbii qaz ixrac edilib. Ötən ilin eyni dövründə 5 milyard 743 milyon 625 min dollarlıq xam neft, 1 milyard 585 milyon 636 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, gəlirlər xam neft ixracından 25,8%, təbii qaz ixracından isə 4,7 dəfə artıb. Ölkə daxilində isə təbii qazın satış qiyməti artırılıb, qaz istifadəsi limiti tətbiq edilib.
Əgər bu gün Azərbaycanın qaz ixracından gəlirləri 5 dəfəyə yaxın artırsa, ölkədə qaza tətbiq olunan limit niyə ləğv olunmur?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, əslində ixracla limit tətbiqinin əlaqəsi yoxdur:
“Yəni biz qaz ixrac etməsək də, qaz ölkəsində ümumiyyətlə, limit olmamalıdır. Bu, qaz hasil, ixrac edən, səmt qazını pulsuz alan ölkədə olmamalıdır. “BP” şirkəti uzun illərdir ki, “Azəri-Günəşli-Çıraq” platformasından çıxan səmt qazını Azərbaycana pulsuz verir. Belə bir şəraitdə onsuz da qaz limitlə olmamalıdır. İstər 7 milyard manat, istərsə də 1 milyard manatlıq qaz satılsın, qaz ölkəsində öz əhalisinə limitlə qaz sat satmaq məntiqsizlikdir. Ona görə də qazın hasilatı artırsa, Azərbaycan təbii qaz ölkəsi sayılırsa, Avropanın qaz təchizatında mühüm rol oynadığı söylənilirsə, əhali də bundan ən qazından qaz limitlərinin aradan qaldırılmasında xeyir görməlidir”.
Ekspertin fikrincə, ixracla bağlı açıqlanan miqdar satış həcmidir:
“Qazın maya dəyəri, payçı şirkətlərə düşən pay var. Çünki “Şahdəniz-2” yatağından daha çox qaz çıxır və payçı şirkətlər öz payını götürür. Yəni sırf gəlir, mənfəət məsələsi deyil. Satış həcmi kəskin artırsa, təbii ki, Azərbaycanın götürdüyü sırf ölkəmizə çatan gəlirlərdir. Təəssüf ki, Azərbaycan hökuməti bunu ayrıca statistika kimi vermir. Bu mənada dövlət büdcəsinin indiki qiymətlərdə əlavə gəlirə ehtiyacı yoxdur. Ona görə də ümumiyyətlə, limitin olması, kommunal xidmətlərlə bağlı problemlər, elektrik enerjisi, qazın verilişində limitlərlə bağlı əhalinin yüklənməsi tamamilə məntiqsiz və doğru olmayan bir qərardır”.