Maraqlı demoqrafik fakt - keçmiş köçkün rayonlular arasında boşanmalar yüksək olub…

25-08-2022, 11:38           
Maraqlı demoqrafik fakt -
Könül İsmayılova: “İşğaldan azad edilən bölgələrin əhalisi arasında psixoloji təzyiq yüksəkdir”
2022-ci ilin birinci yarısında Azərbaycanda 7531 boşanma qeydə alınıb, hər 1000 nəfərə 1,5 boşanma düşüb. Bu günlərdə Dövlət Statistika Komitəsindən verilən məlumatda qeyd olunub ki, Bakıda hər 1000 nəfərə 2,2 boşanma rəsmiləşib.

Hər 1000 nəfərə boşanmanın 1,5-dən yüksək olduğu qalan bölgələr bunlardır:

Mingəçevir, Zəngilan – 2,1

Naftalan – 2

Ağdam, Naxçıvan şəhəri, Sumqayıt, Şahbuz – 1,9

Füzuli, Qubadlı, Samux, Şirvan şəhəri, Yevlax – 1,8

Gəncə, Xocalı – 1,7

Cəbrayıl, İsmayıllı, Kəlbəcər, Laçın – 1,6.

Maraqlı məqam ondan ibarətdir ki, statistikaya görə, keçmiş məcburi köçkünlər arasında boşanmalar artıb. Halbuki, 44 günlük müharibəyə qədər bu rayonlarda boşanmalar indiki kimi çox deyildi.

“Bölgələrdə valideynlərin təkidi ilə qohum nikahlarının olması da boşanmaların sayının artmasında ciddi rol oynayır”

Psixoloq Könül İsmayılova qeyd etdi ki, son illər boşanan gənc ailələrin sayı durmadan artır: “Cütlüklərin ayrılması məsələsinə isə hər iki tərəfin valideyninin baxışı fərqli olur. Bəzi ailələr üçün xüsusilə qızının boşanması ölümə bərabər haldır. Yaşlı nəsildən eşitdiyimiz sözlər “geri qayıda bilməzsən”, “bu evə ancaq kəfəndə gələ bilər” və s.-dir. Bu məqamlarda tək cütlük yox, eyni zamanda boşanmaq üzrə olan ailədəki uşaqların psixologiyası ciddi zədə alır və gələcəkdə bu onlarında evlilik həyatına təsir edir. Boşanmanın səbəblərinə sosial durum, mənəvi-fiziki uyğunsuzluq, cütlüklərin böyüklərin istəyi ilə qısa tanışlıq müddətindən sonra ailə qurmasını misal gətirmək olar”

Psixoloq onu da vurğuladı ki, bu gün boşanmaların nəinki sayının artması, müddəti də azalıb. 6 ay, 8 ay evli qalan insanlar boşanmaya gedir. İli tamam olmayan nikahlar var ki, heç o nikahın bitməsi üçün boşanmaya getməyin mənası olmur: “Bu gün insanlar seriallara baxırlar, şəhərə çıxırlar ki, kinoda da, şəhərdə də insanlar gözəl yaşayır, geyinir. Onlar elə bilir ki, şəhərdə gördüyü insanlar hər gün gəzirlər. Xüsusilə qadınlarımız bu düşüncədədir. Əslində isə belə deyil. İnsanlar yaxşı yaşamaq uğrunda sanki mübarizəyə çıxıblar. Bir çox qadın düşünür ki, mən həyat yoldaşımdan ayrılsam, sərbəst və rahat olacam, istədiyim kimi yaşaya biləcəm. Diqqət etsəniz, əxlaqsız qadınların və estetik əməliyyatların da sayı artıb.

Eləcə də maddi durumun aşağı olması boşanmalara səbəb olur. Maddi durum aşağı olanda qadınla kişi arasında tez-tez söz-söhbət yaranır. Amma boşananlar arasında kifayət qədər imkanlı insanlar olduğunu da unutmamaq lazımdır".

Həmsöhbətimiz hesab edir ki, işğaldan azad edilən bölgələrin əhalisi arasında psixoloji təzyiq yüksəkdir. 30 il ərzində yaşananlar psixologiyada öz təsirini, təbii ki, buraxır. Son illərin statistikasında isə digər amillərin təsiri daha çoxdur: “Danılmaz faktdır ki, bölgələrdə valideynlərin təkidi ilə qohum nikahlarının olması da boşanmaların sayının artmasında ciddi rol oynayır”.

Günel CƏLİLOVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.