Azərbaycanda nüvə sığınacaqları varmı?

3-10-2022, 11:08           
Azərbaycanda nüvə sığınacaqları varmı?
Rusiyanın Qərbi nüvə silahı ilə hədələməsi region ölkələri üçün ciddi təhlükədən xəbər verir. Bir çox xarici ekspertlər və rəsmi şəxslər Moskvanın hədəsinin ciddi olduğunu deyərək, sözün əsl mənasında həyəcan təbili çalıblar. Ehtimal olunur ki, Kreml rəhbərliyi Ukrayna müharibəsindəki uğursuzluğa son qoymaq üçün hər an nüvə silahına əl at bilər.

Rusiyanın nüvə bombasını işə salması təkcə Qərb üçün deyil, eləcə də region ölkələri üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Bəs, belə təhlükədən qorunmaq üçün Azərbaycanda nüvə sığınacaqları varmı?

Teref.az xəbər verir ki, bu barədə modern.az-a danışan hərbi analitik Alp Arslan İmamqulu deyib ki, Prezident Vladimir Putinin Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı təhdidi ciddi qəbul olunmalıdır.

Onun sözlərinə görə, nüvə silahından istifadə ediləcəyi təqdirdə ölümcül təsirindən qorunmaq heç cür mümkün olmayacaq:

“Nüvə silahının ölümcül təsirindən qorunmağın ən yaxşı yolu bu silahdan istifadə edilməməsidir. Moskvadan gələn təhdidin reallaşmasının qarşısını almaq üçün nüvə silahına sahib böyük dövlətlər müvafiq addımlar atmalıdır. Nüvə silahından istifadə edildiyi təqdirdə ondan qorunmağın mümkünsüzlüyünün tarixdə nümunələri mövcuddur.

Məsələn, Yaponiyanın Naqasaki və Hiroşima adalarında və Çernobılda baş verənləri göstərmək olar. İnsanlar uzun illər öncə atılmış nüvə silahının zərərini bu gün də yaşadılar. Təbii ki, Rusiyanın Ukraynaya nüvə silahı atması halında bunun təsiri Azərbaycanda da hiss olunacaq. Bu təsirin nə qədər şiddətli olması istifadə ediləcək başlıqların sayından asılı olacaq”.

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, dünyada nüfuz sahibi olan dövlətlər Rusiyanın nüvə silahından istifadə etməsinə imkan verməyəcək:

“Bu silahın istifadəsi təkcə bir milləti, xalqı hədəf almaycaq. Bu silah baxmır ki, qarşısındakı amerikalı, ingilis, yaxud ukraynalıdır. Rusların özləri də bundan ciddi zərər çəkəcəklər. Təəssüf ki, Azərbaycan da nüvə silahının mənfi təsirlərindən kənarda qalmayacaq. Hadisə bizdən uzaq məsafədə baş versə də, Ukraynanın özündə, ona yaxın ölkələrdə, Belarusda, Moldovada və Rusiyada azərbaycanlıların yaşadığını unutmamalıyıq”.

Azərbaycan nüvə təhlükəsindən necə qorunur?

Üzeyir Cəfərov sualı belə cavablandırıb: “Azərbaycanda Fövqəladə Hallar Nazirliyi digər qurumlarla birgə mütəmadi olaraq maarifləndirmə işi aparmalıdır. İnsanların belə hallar olcağı təqdirdə necə davranmalı olduqları ilə bağlı informasiya verilməli, maarifləndirici təlimlər keçirilməlidir. Belə təlimlər televiziyada da göstərilməlidir. Mütləq deyil ki, hadisə baş versin. İnsanlar yaşadıqları ərazini yaxşı tanımalıdır ki, həyacan siqnalı çalındığı zaman hansı addımları atmalı olduqlarını, hara getməli olduqlarını yaxşı bilsinlər. Harada neçə gün qalacaqlar bilsinlər. Bu gün bizdə kağız üzərində hər şey yaxşıdır. Təlimlər də keçirilir, yerlər də var. Ancaq həmin yerlərin əksəriyyəti gecə klublarına, çay evlərinə verilib. Onların yerində kafelər, müxtəlif iaşə obyektləri var”.

“İran bizi təhdid edir, Ermənistan Hindistandan ağır silahlar alır. Düşmənə deyə bilmərik ki, sən elə silahlar almamalısan. Gərək, Bakını hədəf ala biləcək silahlardan sonra biz nəsə edək? Axı bu iş vaxtında görülməlidir. Təhlükə zamanı kim harada hansı addımları atmalıdır. Bu ciddi şəkildə insanlara öyrədilməlidir. Bu məsələdə çox böyük boşluq var. Belə olmamalıdır”,- deyə o bildirib.

Hərbi ekspert Rusiyanın nüvə silahını atacağı halda Azərbaycana mümkün təsirlərindən söz açıb:

“Nüvə silahının Ukraynaya atılması halında onun Azərbaycana təsirinin nə qədər olacağı həmin silahın kilotonundan asılıdır. Ola bilsin ki, kiçik raketin bir məsafədə təsiri olsun, dalğa buludu 1 kilometr, ya 10 kilometr getsin. Hər halda Azərbaycan az zərər çəkmiş ölkələr içərisində olacaq. Əlbəttə, bir nəfər, ya 10 nəfər vətəndaşımızın həyatına təhlükə yaranması bizi ciddi düşündürməlidir. Bunun üçün ehtiyyatlı olmaq lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.