Arkov: Qərbin Bakıya qarşı “video” oyunu

4-10-2022, 10:48           
Arkov:
Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin erməni əsgərlərini güllələməsi ehtimal olunan videonun dünya KİV-lərinin ilk səhifələrinə bu qədər tez düşməsi ümumilikdə Qərb hökumət kabinetlərində oturan bəzi rəhbərlərinin Bakıya qarşı açıq-aşkar qərəzli olduğunu göstərir.

Bu barədə Axar.az-a müsahibədə PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, tanınmış rusiyalı politoloq Vitali Arkov bildirib.

“Onlarla video var ki, erməni əsgərləri Azərbaycan hərbçilərinin cəsədləri üzərində ağlasığmaz vəhşiliklər törədirlər. Bəs nəyə görə Qərb KİV-i “medalın bu tərəfini” dərc etmir? Qərb mediası səkkiz il Donbasda davam edən Ukraynanın hücumunu da görməzdən gəldi. Orada yüzlərlə uşaq, qadın və qoca öldürülüb. Amma bütün Qərb mediası, hüquq müdafiəçiləri yalnız Kiyev hakimiyyətinin maraqlarına uyğun bəyanat yayırlar. Ermənistan da hazırda Qərb təbliğatının siyasi sifarişini yerinə yetirir”, - deyə müsahibimiz qeyd edib.

Arkovun sözlərinə görə, süni surətdə uzadılan Ermənistan-Azərbaycan münaqişəsi regionda ABŞ-ın və ümumilikdə kollektiv Qərbin nəzarəti altında olmayan "Şimal-Cənub" layihəsinin və bir sıra digər güclü iqtisadi (müvafiq olaraq, böyük siyasi əhəmiyyəti olan) layihələrin tam reallaşdırılmasını ləngidir:

“Və üçüncüsü: əlbəttə ki, Qərbin, ilk növbədə, ABŞ-ın Ermənistanı Rusiyanın orbitindən çıxarmaq, həmçinin İrəvanı Tehrana təzyiq rıçağına çevirmək cəhdlərini müşahidə edirik.

Hazırda Qərb Bakıya başqa cür – birbaşa təsir edə bilməz, çünki Avropanın Azərbaycanın karbohidrogenlərinə ehtiyacı var. İndiki vəziyyətdə rıçaq rolunda yalnız İrəvan ola bilər.

Ermənistanın hazırkı siyasi rəhbərliyinin Qərbən gələn “sifarişləri” sevinclə yerinə yetirdiklərini müşahidə edirik. Bu insanlar hakimiyyətdə qalmaq naminə münaqişənin yenidən güclənməsinə və onun hətta Üçüncü Qarabağ müharibəsinə çevrilməsinə yol verə bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.