Titanikdən sağ çıxdı, ayaqlarını don vurdu, Olimpiya çempionu oldu

22-11-2022, 18:16           
Titanikdən sağ çıxdı, ayaqlarını don vurdu, Olimpiya çempionu oldu
1912-ci il aprelin 15-də "Titanik" gəmisinin Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü həlak olmuşdu.
Birinci dərəcəli kabinələrdə olan sərnişinlərin sağ qalma şansı daha yüksək idi. Lakin bəzi sərnişinlər sağ qalsalar da, əvvəlki sağlamlıqlarını bərpa edə bilmədilər...

Gəminin sərnişini Riçard Norris Villiams perspektivli gənc tennisçi idi. Əslində, bir çox insanın üçüncü dərəcəli kabinələrdə belə səyahət etmək istədiyi Titanikdə sərnişin olmaq arzusu yox idi. O, tennisdə özünü təkmilləşdirmək və beynəlxalq turnirlərdə iştirak etmək üçün Nyu-Yorka getmək və Harvarda təhsil almaq istəyirdi. Ancaq xəstəliyi onun taleyində fərqli bir dönüş yaratdı.

O, gözlənilmədən qızılcaya tutuldu. Bu da onun fevral ayına planlaşdırılan səfərinin gecikməsinə səbəb oldu. Buna görə də Riçard atası Çarlz Uilyamsla birlikdə Nyu-Yorka səfər etmək üçün aprel ayında Titanik-in birinci dərəcəli kabinələrindən birinə bilet aldı...

Titanikə mindikdən dörd gün sonra , aprelin 14-də ata və oğul kapitan Edvard Smitlə şam yeməyi yeyib, öz kabinələrinə çəkildilər. Bu, dünyanın ən dəbdəbəli transatlantik gəmisində sonuncu şam yeməyi oldu.


Qısa müddət sonra gəmi aysberqə çırpılanda onların hər ikisi yatmışdı. Sarsıntı və səs-küylə oyandıqları zaman 1997-ci ildə çəkilmiş Titanik filminin mövzusu olacaq səhnə baş verirdi.

Riçard sıxılmış qapını açmağa çalışan xidmətçini itələyərək qapını sındırdı. Xidmətçi White Star şirkətinə şikayət edəcəyini bildirsə də, bu, heç vaxt baş vermədi... Britaniyanın fəxri olan gəmi ikiyə bölünməzdən əvvəl Riçard və Çarlz xilasedici jilet geyinmişdilər. Titanik batsa belə, boğulmazdılar. Ancaq unutmaq olmazdı ki, uzun müddət 0 dərəcədən aşağı soyuq suda sağ qalmaq mümkün deyildi.

Ata və oğul gəmi ikiyə bölünənə qədər birgə idilər. Titanik batarkən ata oğlunu sakitləşdirirdi. O, 30 il əvvəl başqa bir gəmi qəzasından sağ çıxmışdı. Çarlz Titanikin əvvəlki qəzasında olduğu kimi 10-15 saat suda qala biləcəyini düşünürdü. Lakin White Star-ın heç vaxt batmayacağına inandığı gəmi aysberqə çırpıldıqda 2 saat 40 dəqiqə davam gətirə bildi.

Çarlz oğlu qədər şanslı deyildi. O, gəmi batarkən suya qərq oldu və həyatını itirdi. Riçard indi tək idi və ayaqlarını suda hiss etmirdi. O, bütün gücü ilə çevrilmiş xilasedici qayığa doğru üzdü. Onu 4 saat sonra Titanik sərnişinlərini xilas etməyə gələn "Karpatiya" gəmisi xilas etdi.


Onun ayaqlarını don vurmuşdu, Riçard heç nə hiss etmirdi. Gəminin həkimi ayaqlarının kəsilməsini təkid etsə də, tenisçi bununla razılaşmırdı. "Mənə ayaqlarım lazım olacaq" deyirdi.

Riçard gəmini gəzir, məşqlərlə zədəsini aradan qaldırmağa çalışırdı. Bu cəhdlər onu yaxın günlərdə tennis dünyasının ən tanınmış iki adından biri edəcəkdi. Riçard Titanikdən sağ çıxan yeganə tennisçi deyildi. Karl Houell Behr də sağ qalmağı bacara bilən tenisçi idi.


Qəzadan iki ay sonra Riçard turnirdəki rəqibini məğlub etdi və ABŞ Milli Çempionatından medalla qayıtdı.

1914-cü ildə Riçard Karl Behrlə qarşılaşdı. Məhz bu turnir zamanı Riçard öyrəndi ki, Behr də onun kimi Titanikdən sağ çıxıb. Uilyams veteran oyunçu üzərində qələbə qazanaraq daha bir medal qazandı. 1924-cü il Paris Olimpiya Oyunlarında Qarışıq Cütlüklərdə Hazel Hotchkiss Wightman ilə qızıl medal qazandıqda, o, illərlə xatırlanacaq gəmi qəzasından sağ çıxan Olimpiya çempionu idi.

Villiams və Behr təkcə gəmidə və ya kortda deyil, həyatları boyu bir çox yerdə görüşüblər. Behr 1913-cü ildə Villiamsın bacısının dostu olan və eyni zamanda titanikdən sağ qurtulan Helen Monypeny Nevsom ilə evlənib.

Riçard Uilyams 2 iyun 1968-ci ildə unudulmaz macəra və nailiyyətlərlə dolu həyatı ilə vidalaşıb.

O, Titaniklə bağlı unudulmaz xatirələrini "Xatırlanmalı bir gecə" kitabının müəllifi Uolter Lorda danışıb. Xatirələr daha sonra məşhur kanadalı rejissor Ceyms Kemeronun filmində əbədiləşdirilib.

Şahanə Rəhimli
Azvision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.