Azəriqaz, Azərişıq və Azərsu nə zaman vahid elektron şəbəkədə birləşəcək ? - Azəriqaz hansı sayğaclardan istifadə edir və cəmiyyəti narahat edən məqamlar hansılardı ?

17-01-2023, 16:49           
Azəriqaz, Azərişıq və Azərsu nə zaman vahid elektron şəbəkədə birləşəcək ? -
Bir neçə gün öncə Azəriqaz ASAN-la birgə elektron xidmətlərin təqdimatını edib.
Düşündüm ki, yəqin Prezidentin imzaladığı fərmanlarda və sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan "kommunal xidmətlərin vahid informasiya sistemini" təqdim ediblər.
Lakin təəssüf ki, söhbət adi informativ yönümlü xidmətlərdən gedirmiş.
Görünən isə odur ki, kommunal qurumlar, xüsusən də Azəriqaz rəhbərliyi tərəfindən əhali arasında, abonentlər arasında nə qədər iş canlandırılsa da problemlər qalır.
Qəribədir ki, illər öncə "ASAN Kommunal" yaratmaq mümkün olduğu halda, keçən dövr ərzində rəqəmsallaşma xeyli inkişaf etməsinə baxmayaraq onun rəqəmsal variantını yaratmaq mümkün olmayıb.
Əgər belə bir sistem qurmaq mümkün olsa vətəndaşlar bir şəxsi kabinet vasitəsilə onlayn formada bütün kommunal xidmətlərə nəzarət edə bilərdi, sərfiyyatı izləyə bilərdi, müqayisələr apara bilərdi, proseslər tam elektronlaşardı, limitlərin sıfırlanması bir anda baş verərdi, distant formada sayğacla bağlı qərarlar icra olunardı, qeyri-qanuni müdaxilələr aradan qalxardı və s.
Bu sistemin qurulması və işləməsi üçün təbii ki ağıllı sayğaclar, kənardan idarə olunan sayğaclar lazımdır.
Son zamanlar Azəriqaz həm mexaniki sayğacların "ağıllı" -onlayn formaya keçirilməsi, eləcə də onlayn rejimdə işləyən ağıllı sayğaclar quraşdırılmasına diqqəti artırıb.
Amma təəssüf ki, kommunal sektorda "ağıllı" sayğaclar yetərli deyil.
Azəriqaz son dövrlərdə smart-kart tipli sayğacları mexaniki-elektron tipli sayğaclarla əvəz edib və bu proses davam edir. Eyni zamanda yeni smart-kart sayğaclar və tam onlayn rejimdə işləyən sayğaclar tətbiq etməyə başlayıb.
Ümumiyyətlə, hazırda Azəriqaz şəbəkəsində aşağıdakı sayğac tiplərindən istifadə edilir :
1. Smartkart tipli sayğaclar, oflayn rejimdə işləyir
2. Mexaniki-elektron sayğaclar, oflayn işləyir
3. Mexaniki-elektron saygaclar+ona quraşdırılmış xüsusi qurğu, radiodalğalar vasitəsilə onlayn rejimdə işləyir
4. Mobil operatorların Sim-kartı ilə təmin edilən və GPRS texnologiya ilə onlayn rejimdə işləyən sayğaclar
Təbii inhisar subyekti olan Azəriqaz və eləcə də digər kommunal qurumlar bütün sayğac məsələlərinə, onlara avadanlıq və proqram təminatı yüklənməsinə, billing məsələlərinə, məlumatların ötürülməsinə və öz ofislərində emal edilməsinə, bildirişlər hazırlanmasına özləri nəzarət edirlər.
Fikrimcə , təbii inhisar suyektləri üçün bu ciddi risklər yaradır.
Məhz cəmiyyəti narahat edən, abonentləri sayğac-sərfiyyat üzrə aldadılacağı ilə bağlı narahat edən əsas məqamları burada axtarmaq lazımdır.
Bu sahədə dövlət və ictimai nəzarət imkanlarının təkmilləşdirilməsinə də ciddi ehtiyac var.
Ümid edirəm, Azəriqaz və adı çəkilən vahid elektron şəbəkənin qurulmasına cavabdeh olan ASAN və Energetika Nazirliyi bu sistemi yaxın zamanda heç olmasa pilot rejimdə hazırlaya biləcəklər.
Düşünürəm ki, kommunal sektorda vahid rəqəmsal platforma yaratmaqla, sayğaclara dövlət və ictimai nəzarət üçün daha effektiv, ağlabatan, şəffaf mexanizmlər qurmaqla mövcud problemləri birdəfəlik həll etmək olardı.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.