ABŞ-dan Azərbaycana böyük dəstək, “Azərbaycan”dan U dönüşü...

2-06-2016, 09:57           
ABŞ-dan Azərbaycana böyük dəstək, “Azərbaycan”dan U dönüşü...
Bakı – Vaşinqton münasibətlərində yeni dönəm; Amerika Azərbaycanı enerji lideri və etibarlı tərəfdaş elan etdi – Bakıya mühüm reverans və siyasi avans; bu həm də prezident İlham Əliyevə “islahatlara davam et, yaynındayıq!“ mesajıdır...
İyunun 1-də Bakıda 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi açılıb. Öncəkilər kimi, budəfəki sərgi də ölkəmizin dünya enerji bazarında tutduğu özünəməxsus, bənzərsiz yerinin nümayişidir. ABŞ prezidenti Barak Obamanın Azərbaycan rəhbərliyi və sərgi iştirakçılarına ünvanlandığı məktubdan da bunu görmək olar.

“Azərbaycan dünya enerji resurslarının tədarüklərində həlledici rol oynamaqda davam edir” - məktubda deyilir. Sərginin açılışında oxunan məktubda daha sonra bildirilir ki, “son 20 il Azərbaycan üçün həm siyasi, həm də iqtisadi sahələrdə transformasiya dövrü olub və bütün bu müddətdə ABŞ enerji sahəsində Azərbaycan hökuməti ilə çox sıx işləyib”.

ABŞ lideri daha sonra bildirir: “Azərbaycan enerji resurslarının tədarükü proseslərində həlledici rol oynamaqda davam edir və regional şaxələndirmənin, bazar rəqabətinin və enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərə nail olmağımızda bizim etibarlı tərəfdaşımızdır”.

Obamaya görə, indiki şəraitdə enerjidaşıyıcılarının tədarüklərinin şaxələndirilməsi heç vaxt olmadığı qədər vacib əhəmiyyət daşıyır: “Azərbaycan, onun tərəfdaşları ötən il ərzində Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində əhəmiyyətli irəliləyişə nail olublar. Azərbaycan və onun beynəlxalq tərəfdaşları arasında gələcək əməkdaşlıq bu əhəmiyyətli layihənin rəqabət qabiliyyətini təmin edəcək”. Məktubda bir daha qeyd olunur ki, ABŞ layihənin həyata keçirilməsində kömək göstərməyə hazırdır.

***
Açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev də əldə energetika, qaz nəqli, o sırada “Şahdəniz -2" qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı əldə olunan uğurların gərgin iş və beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olduğunu söyləyib. Bu da əslində elə Bakının ”qaz müharibəsində" ABŞ-ın Azərbaycana verdiyi dəstəyin minnətdarlıqla etirafı deməkdir.



Dövlət başçısı Cənub Qaz Dəhlizinin icrasının qrafik üzrə getdiyini də söyləyib: “Bu gün bizim qarşımızda duran əsas vəzifə Cənub Qaz Dəhlizi ilə bağlıdır. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz hər zaman qarşımıza enerji faktorundan əməkdaşlığı dərinləşdirmək məqsədilə istifadə etmək hədəfi qoymuşuq. .. Yalnız maraqların uzlaşması şəraitində istədiyimizə nail ola bilərik. İstehsalçı, tranzit və istehlakçı ölkələrin hər hansı biri yalnız öz marağını güdsə, uğurlara nail ola bilməzdik. Enerjidən şantaj, imtiyaz üçün istifadə edilməməlidir”.

***

“Şantaj” dedikdə böyük ehtimalla, Avropa qaz bazarında hələ ki dominant rolunu saxlayan Rusiya nəzərdə tutulur. Maraqlı məqamlardan biri də məhz sərginin açılışı ərəfəsində Rusiyanın Cənub Qaz Dəhlizinə, onun üçüncü seqmenti kimi TAP-a əngəl olmaqdan vaz keçməsidir. Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin Afina səfəri zamanı gözlənildiyinin əksinə olaraq, TAP-a alternativ sayılan “İTGİ Poseidon” qaz kəməri layihəsinin həyata keçiriləcəyinə dair hər hansı bəyanat verməyib. Yalnız onu bildirib ki, Rusiya Avropa bazarına qaz ixracını genişləndirmək üçün əsas stavkanı Baltik dənizinin dibindən keçən “Şimal axını-II” qaz kəməri layihəsinin reallaşmasına yönəldəcək.



2003-cü ildə irəli sürülən “İTGİ Poseidon” layihəsinin marşrutu eynilə TAP-ı təkrarlayırdı. Ancaq artıq belə görünür ki, Moskvanın səylərinə baxmayaraq yunan baş nazir Aleksis Tsipras Qərbin dəstəklədiyi TAP layihəsini həyata keçirməyə, ona alternativ layihələri kənara qoymağa üstünlük verib, daha doğrusu, təzyiq altında buna məcbur edilib. Bununla da Azərbaycan qazının Avropanın cənubuna nəqli layihəsinə hər hansı rəqib qalmayıb.
Həm Azərbaycan, həm Avropa üçün mühüm strateji əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin yolunu hansısa formada kəsməyə yönəlmiş qaz müharibələrinin Bakının qələbəsi ilə bitməsində sözsüz ki, Qərb, ABŞ həlledici rol oynayıb. Təsadüfi deyil ki, Ağ Ev başçısının məktubunda da, İlham Əliyevin çıxışında da bu məqam qırmızı xətt kimi keçir.



* * *

Diqqətçəkici mühüm məqamlardan başqa biri Obamanın məktubunda Vaşinqtonun təkcə energetika sahəsində deyil, siyasi sahədə islahatlarla bağlı gözləntilərinin də yer almasıdır. “Son 20 il Azərbaycan üçün həm siyasi, həm də iqtisadi sahələrdə transformasiya dövrü olub” ifadəsi buna işarədir. Maraqlıdır ki, ABŞ-la mühüm yaxınlaşma və anlaşma olayı kimi dəyərləndirilən prezident Əliyevin son Amerika səfərindən sonra Azərbaycanda bu sahələrdə də kövrək irəliləyişlər qeydə alınıb, Qərb-Bakı münasibətlərində böyük əngəl olan siyasi məhbus problemi xeyli dərəcədə yoluna qoyulub və yəqin ki, prosesin davamı gələcək.



* * *
O da təqdiredicidir ki, uzun müddət ABŞ-ı Azərbaycana qarşı ədalətsiz mövqe tutmaqda qınayan, hətta onu dövlət çevrilişi, “məxməri inqilab” cəhdlərində suçlayan iqtidar mediası da bu arada zamanın nəbzini düzgün tutaraq, valı dəyişib. Amerika siyasətini, Barak Obamanı tərifləməyə başlayıb.

Məsələn, zaman-zaman Birləşmiş Ştatların xarici siyasətinə qarşı yazılarla ilə çıxış edən “Azərbaycan” qəzeti dünənki sayında ABŞ-a reverans edib. Bunu U dönüşü da hesab etmək olar. Çünki indiyədək ABŞ-da hazırlanan hesabatlarda ölkəmizə yönəlik tənqidlər olduqda, yaxud ABŞ rəsmiləri ölkəmizdə insan haqlarının və demokratiyanın durumundan danışanda, digər rəsmi qəzetlər kimi “Azərbaycan” da dünya hegemonu ilə “düşmənçiliyə” başlayırdı. Amma indi belə görünür ki, yeni dostluq büsatı qurulur.

“ABŞ Azərbaycanı enerji lideri elan etdi” sərlövhəli həmin məqalədən 2 sitat:

“ABŞ-ın yeni Azərbaycan siyasətinin əsas məramı - prezident İlham Əliyevə tam dəstək: ABŞ dünyanın ən əsas iqtisadi nəhəngi, hərbi gücü, siyasi monopolistidir, yəni şəriksiz fövqəldövlətdir. Onun maraqları artıq Yer planeti ilə məhdudlaşmır, qalaktikanı təsir dairəsinə alır. Dünya siyasətini müəyyənləşdirir. Ağ Evin ”qara siyahı"sına düşmək o ölkənin və xalqın müqəddəratı üçün böyük təhlükə sayılır... İstisnasız olaraq hər bir dövlət rəsmi Vaşinqtonla hesablaşmağa çalışır. Amma bu sırada çox az dövlət var ki, onlarla münasibətlər “hökm verən və icraçı” müstəvisində yox, tərəfdaşlıq və maraqların uzlaşdırılması kontekstində bərqərar olub. Azərbaycan da bu ölkələr cərgəsindədir".



“ABŞ Azərbaycandakı islahatları təqdir edir: bir neçə gün öncə ən qüdrətli dövlətin rəhbəri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin ”dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlət" kimi tanınması hər birimizdə iftixar hissi yaradan hal idi. Lakin Barak Obama yalnız şərəfli tariximizin etirafı ilə yox, həm də müasir Azərbaycanın beynəlxalq nüfuzunu qeyd etməklə də bizləri qürurlandırdı. Respublikamızın 25 il ərzində Avropanın enerji şaxələndirilməsini və təhlükəsizliyini dəstəkləməsinin xatırlanması nə qədər əlamətdar idisə, ABŞ tərəfindən Azərbaycanın “enerji lideri” elan olunması ondan dəfələrlə artıq əlahiddəlik daşıyırdı... Antiazərbaycançı şəbəkənin bütün iddialarına rəğmən, hər dəfə sübut olunur ki, ABŞ həm Azərbaycanı özünün önəmli tərəfdaşı sayır və onu itirmək niyyətində deyil, həm də prezident İlham Əliyevin fəaliyyətini, onun geosiyasi təşəbbüslərini hər zamankı kimi birmənalı müdafiə edir. Bu isə Azərbaycanın müstəqil siyasətinin növbəti uğurudur..."

* * *

Əslində ABŞ-la dostluq, tərəfdaşlıq kursu Azərbaycan üçün yeganə doğru yoldur. Çünki Rusiyadan fərqli olaraq ABŞ, Qərb Azərbaycanın suverenliyinin, müstəqilliyinin güclənməsində səmimi şəkildə maraqlıdır. Daha dəqiq desək, bu gün Azərbaycanın Rusiyadan müstəqilliyinin əsas qarantı vaxtilə sabiq səfir Riçard Morninqstarın da dediyi kimi, məhz Birləşmiş Ştatlardı.

O ki qaldı əlaqələrin daha da dərinləşməsi və möhkəm olması perspektivi üçün Ağ Evin Bakıdan umduğu siyasi islahatlara və gözləntilərə, məktubda da incə şəkildə vurğulandığı kimi, Amerika Azərbaycanı enerji lideri və etibarlı tərəfdaş elan eləməklə Bakıya həm mühüm reverans edib, həm də və ən vacibi, siyasi avans verib. Bu, eyni zamanda prezident İlham Əliyevə Rusiyaya çox da məhəl qoymadan “islahatlara davam et, yanındayıq!” mesajıdır... musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.