Ziyalıların KQB-yə işləmələri faktını sabiq MTN-çilər təsdiqlədi
3-06-2016, 10:01
İlham İsmayıl: “Oleq Kaluginin dediklərində həqiqət var”; Ərəstun Oruclu: “Ziyalılar həqiqətən dövlət təhlükəsizlik orqanları ilə əməkdaşlıq edirdilər”
SSRİ KQB-sinin xarici kəşfiyyat şöbəsinin keçmiş rəisi, hazırda ABŞ-da yaşayan general Oleq Kalugin “ExoRossii” jurnalına sovet ziyalılarının 90 faizinin dövlət təhlükəsizlik orqanlarına işlədikləri barədə şok açıqlamalar verib. O.Kalugin deyib: “Mən Leninqradda KQB-nin idarə rəisinin birinci müavini olanda arxivə də girişim vardı, sənədlərə baxmaq imkanım olurdu... Məni ilk növbədə ümumittifaq məsələlər maraqlandırırdı.
Arxivdə elə sənədlər tapmışdım ki, ziyalıların KQB agentləri olduğunu aydın göstərirdi. Sovet ziyalılarının 90 faizi dövlət təhlükəsizlik orqanlarına işləyib. Bəziləri bunu karyerada yüksəlmək üçün edirdi, bəziləri pul xatirinə, amma çoxu inanırdı ki, KQB ali missiya yerinə yetirir və orqanlara kömək etmək lazımdır. Mənim hətta indi cibimdə bir siyahı var, amma onu sizə göstərməyəcəm...”.
Onun fikirləri vaxtilə SSRİ-nin tərkibində olan Azərbaycanda da maraqla qarşılanıb.
Sabiq MTN zabiti İlham İsmayıl KQB generalının fikirlərində həqiqətlərin olduğunu söylədi: “Bildiyimiz kimi, o, vətənə xəyanətdə ittiham olunduqdan sonra Amerikada yaşayır. Deyə bilərəm ki, sovet dövrünün ziyalıları arasında KQB ilə əməkdaşlıq edənlər olub. Sadəcə, faiz dərəcəsi 90 olmasa da, belə hallar olub. Onun dediyi faiz dərəcəsi doğru deyil. Ən azından Azərbaycan nöqteyi-nəzərindən məsələyə yanaşaq. Ola bilsin ki, bu, 1930-cu illərdə mümkün olsun. O vaxtlar çox gərgin dövr idi. Ziyalıların təhlükəsizlik orqanı ilə əməkdaşlıq etmələri yeni bir məsələ deyil. Zaman-zaman bunlar üzə çıxıb və bu barədə fikirlər deyilib. Xüsusilə bu tipli məsələlər SSRİ dağılandan sonra daha çox üzə çıxıb. KQB-yə işləyən ziyalılar zamanında var idi. Bu təkcə KQB ilə bağlı deyil. Dünya xüsusi xidmət orqanları yeri gələndə çox ünlü şəxslərlə, böyük yazıçılarla, Nobel mükafatını alan qələm sahibləri ilə əməkdaşlıq ediblər. Çünki onların təsir imkanları yüksəkdir. Sadəcə, sovet rejimi elə bil rejim idi ki, zülm üzərində qurulmuşdu. Əleyhinə olan şəxsləri neytrallaşdırmaq üçün yazıçılardan istifadə edirdilər. O əlaqələrin müəyyən qismi ziyalılar üzərində qurulub. ”Təsir agentləri" deyilən bir anlayış var ki, cəmiyyətə güclü təsir edirlər və nəticədə istədiklərinə müəyyən mənada çatırlar. O ziyalılar çox hörmətli olublar. Oleq Kaluginin dediklərində həqiqət var, sadəcə, faizi ilə razılaşmıram. Ən azı Azərbaycana görə razılaşmıram. 90% o deməkdir ki, 10 nəfərdən 9-u agent olub. Bu rəqəm çox aşağı səviyyədə olub. 30-cu illərdə mümkün ola bilərdi. Amma Kaluginin işlədiyi 70-ci illərdə bu, real rəqəm deyil".
MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı Ərəstun Oruclu da Oleq Kaluginin fikirlərində həqiqət olduğunu dedi: “SSRİ-də bununla məşğul olan şəxslər olub. Sonradan bu 5-ci idarəyə tapşırılıb. Ziyalıların daha çox bu işə cəlb olunmalarına cəhdlər edilirdi. Faiz dərəcəsini deyə bilmərəm. Amma sovet dövründə tanınmış bəzi ziyalılar həqiqətən dövlət təhlükəsizlik orqanları ilə əməkdaşlıq edirdilər. Onların çoxu SSRİ-ni qorumaq məqsədilə bunu edirdilər. Azərbaycanda bu siyasətin aparıldığını deyə bilmərəm. Amma hər halda, aparılıb”.musavat.com