İsrafı azaltmaq üçün hazırlandı, dünya markasına çevrildi
Bu gün, 15:24

Dünyanın ən tanınmış qəhvə markalarından olan "Nescafe"nin tarixi, onun bu gün hər kəsin həyatının bir parçasına çevrilməsindən daha maraqlı və ilhamvericidir.
Markanın hekayəsi 1929-cu ildə başlayıb. O zaman "Nestle" şirkətinin rəhbəri Lui Dappləsə Braziliyadan xüsusi müraciət ünvanlanmışdı. Ölkədəki böyük qəhvə artıqlığının qarşısını almaq üçün "Nestle"dən tez hazırlanan və israfı azaldan yeni bir məhsul istehsal etməsi xahiş olunmuşdu.
Əvvəlcə ideya kub şəklində qəhvə tabletləri hazırlamaq idi, lakin bu format dadın qorunmasına imkan vermirdi. Araşdırmalar nəticəsində kimyaçı Maks Morgentaler qəhvəni toz şəklində hazırlamağın daha effektiv olduğunu və dadın karbohidratlar əlavə olunanda daha yaxşı qaldığını aşkar etdi. Uzunmüddətli sınaqlardan sonra 1938-ci ildə İsveçrədə "Nescafe" adı ilə yeni məhsul satışa çıxarıldı. Cəmi iki ayda illik ehtiyatlar satılıb tükəndi. 1940-cı ilə gəldikdə isə "Nescafe" artıq bütün qitələrdə, 30-dan çox ölkədə satılırdı.
İkinci Dünya müharibəsi zamanı "Nescafe" ABŞ əsgərlərinin təcili ərzaq payına daxil edildi. Müharibədən sonra isə Avropa və Yaponiyadakı ehtiyac içində olan əhaliyə göndərilən yardım paketlərinə əlavə olunaraq markanın daha da məşhurlaşmasına səbəb oldu.
1950-ci illərdə şirkət qəhvə dənələrinin özündə dadı qoruyan karbohidratları çıxarmağın yolunu tapdı və məhsul daha zəngin dada sahib oldu. 1960-cı illərdə isə "Nescafe" qızıl dövrünü yaşadı: 1962-ci ildə şüşə qablaşdırma tətbiq olundu, 1965-ci ildə "Nescafe Gold" Avropada satışa çıxarıldı, 1966-cı ildə toz qəhvə dənələri formaya keçdi, 1967-ci ildə isə markanın simvoluna çevrilən qırmızı fincan təqdim edildi.
2000-ci illərdən etibarən "Nescafe" dayanıqlı istehsal prinsiplərinə önəm verərək Fairtrade sertifikatlı "Nescafe Partners Blend" məhsulunu bazara çıxardı. Hazırda marka 2030-cu ilə qədər qəhvəsinin 100 faizini məsuliyyətli mənbələrdən, yarısını isə regenerativ kənd təsərrüfatı metodlarından əldə etməyi hədəfləyir.
Beləliklə, kiçik bir ideyadan doğan "Nescafe" bu gün dünya səhərlərini müşayiət edən və milyonlarla insanın sevimli içkisinə çevrilən brend kimi mövcudluğunu davam etdirir.