Reklamı “ailə biznesinə” çevirən məmurlar - ARAŞDIRMA

7-06-2016, 17:13           

Bizi, bir jurnalist kimi, hər zaman ictimaiyyətin (daha doğrusu, ölkəmizin sıravi vətəndaşlarının) rezonans işlərə, hadisələrə, əhvalatlara münasibəti maraqlandırır və açıq, əlçatan informasiya mənbələrini (pressa, televiziya, internet və s.) nəzərdən keçirərək dəfələrlə paytaxtımız Bakı şəhərində açıq hava reklamı sahəsində yolverilməz faktlar barədə məlumatlara rast gəlirik. Bu barədə ən diqqəti çəkən və əlamətdar olanı İsmayıl Səlimovun başçılıq etdiyi "Mediaqraf” şirkəti ilə Əli Əsgərov və Zahid İsmayılovun başçılıq etdiyi Bakı şəhəri Reklam və İnformasiya İdarəsi arasındakı münaqişədir. Məlumatla tanış olduqdan sonra verilən mövzuya bu məsələ ilə birbaşa əlaqəsi olan şəxsləri dinləyərək jurnalist araşdırması apardıq. Mümkün olan bütün mənbələrdən aldığımız və açıq hava reklamında ixtisaslaşan reklam agentlikləri və bu seqmentdə mütəxəssislər ilə qapalı müzakirələrdən əldə etdiyimiz bilgi və faktlar bizi şok vəziyyətinə gətirdi. Reklam İdarəsi və "Mediaqraf” şirkəti arasında mübahisə sadəcə aysberqin görünən hissəsidir, bu sahədə məsələlərin həqiqi vəziyyəti isə sözün geniş mənasında korrupsiya, özbaşınalıq, məmur səlahiyyətlərindən sui-istifadə dərəcəsi yalnız korrupsiyanın baş alıb götürdüyü Afrika və Latın Amerikası ölkələri ilə müqayisə edilə bilər. Nəzərdən keçirilən mövzudan uzaq insanlar üçün açıqlama vermək məqsədilə demək istərdik ki, şəhərimizin hər bir sakini və qonağı şəhərin küçələrindən keçərək geniş sayda reklam lövhələrini seyr edir. Onlar hər yerdədir – stasionar (hərəkətsiz) reklam daşıyıcıları (bilbordlar, laytbokslar, tumbalar, vitrinlər və s.) və dinamik – skrollerlər, prizmatronlar, monitorlar, nəqliyyat vasitələrində, köşklərdə, dayanacaqlarda, körpülərdə, estakadalarda və transparantlarda – bir sözlə, məhsul və xidmət istehlakçısının reklama diqqət yetirə biləcəyi mümkün olan hər yerdə. Belə ki, onların yerləşdirilməsinin qaydaları reklam haqqında qanuna əsasən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təyin olunur, o ki qaldı reklam daşıyıcılarının yerləşdirilməsinə dair normativlərin riayətinə və kirayə ödənişinə - buna Reklam İdarəsi nəzarət edir. Əslində açıq hava reklamı sahəsinə nəzarət edib nizamlamaq əvəzinə, İdarənin müdriyyəti, adları məlum Ə. Əsgərov və Z. İsmayılov qohumlarının adına kommersiya strukturları yaradaraq faktiki olaraq reklam bazarının bu seqmentində inhisar qurublar. İdarənin digər məsul işçiləri də rəhbərlərindən geri qalmayıblar, onları nümunə götürərək, qohumlarının adına firmalar yaradaraq açıq hava reklamı sahəsini mənimsəyirlər, sadəcə, sonuncuların nəfsi daha kiçikdir. Faktiki olaraq belə alınır ki, Reklam İdarəsi, daha doğrusu, onun məsul işçiləri özləri özünə nəzarət edir və özlərini idarə edirlər.
Aldığımız bilgilər əsasında belə bir mənzərə canlanır: ümumi olaraq Azərbaycanda, və məhz Bakı şəhərində açıq hava reklamı ilk addımlarını atmağa başladığı andan bu günədək yuxarıda göstərilən İdarədə beş rəhbər dəyişib və hər birinin fəaliyyəti zamanı çatışmazlıqlar, nöqsanlar, agentliklərin işinə sanksiyasız müdaxilələr olmuşdur. Lakin hal-hazırkı rəhbərliyin işi müddətində Reklam İdarəsində məmur özbaşınalığı, korrupsiya və qanunsuzluğun əhatəsi daha geniş yayılıb. Obyektiv səbəblərə görə, İdarənin məhz indiki rəhbərliyinin gəlişindən sonra Bakı şəhərində, xüsusilə də onun mərkəzi hissəsində geniş abadlıq işləri aparılmağa başladı. Daha dəqiq desək, onun rəhbərləri Ə. Əsgərov və Z. İsmayılov, öncədən açıq hava reklamında inhisar yaratmaq məqsədi qoyaraq böyük məharətlə və həyasızcasına vəziyyətdən yararlandılar və müxtəlif bəhanələr, hiylələrlə bazarda 10-15 il işləyən reklam agentlikləri də daxil olmaqla bir çox agentliyin reklam daşıyıcılarının kütləvi demontajını təşkil etdilər, xüsusilə də şəhərin mərkəzi küçələrində. Bu mövzuda söhbət etdiyimız insanların çoxusu demontajın hər hansı vacib texniki səbəbi və əsası olmadığına əmindirlər, çünki reklam daşıyıcılarının binövrəsi 1m2-dən az sahə tutur və buna görə də, şəhərin abadlaşdırılma işlərində onların hər hansı bir maneə və narahatçılıq yaratması mümkün deyildi. Hadisələrin gələcək gedişatı da şəhərin mərkəzi küçələrində reklam daşıyıcılarının kütləvi demontajının öncədən düşünülmüş məqsədini tam aydın şəkildə aşkara çıxardı. Onlar, yəni Ə. Əsgərov və Z. İsmayılov öz reklam qurğuları üçün məqsədyönlü şəkildə yer boşaldırdılar. Demontaj zamanı İdarə rəhbərliyinin agentliklərə şifahi və yazılı şəkildə daşıyıcıların əvvəlki yerlərə və kirayəçilərə qaytarılmasına zəmanət versələr də, abadlıq işlərinin başa çatdırılmasından sonra müxtəlif uydurma bəhanələrlə verdikləri sözü yerinə yetirmədilər , qısa bir zamanda, tələsik şəkildə yaxın qohumlarının adına bir neçə şirkət açdılar və işlər bitən kimi bu şirkətlərin reklam daşıyıcılarını eyni yerlərdə quraşdırdılar. Süni şəkildə səlahiyyətlərini manipulyasiya edərək onlardan da əvvəl fəaliyyət göstərən agentlikləri Bakı şəhərinin mərkəzi küçələrindən uzaqlaşdırdılar, nəticədə isə agentliklərin təklif etdikləri xidmətlərə tələbat da dəhşətli dərəcədə azaldı və bəziləri hətta müflis oldular. Bəzi agentliklərin işçiləri ilə müzakirələrdə aşağıdakılar məlum oldu: bu kimi hərəkətlərin qanunauyğunluğu barədə suallara İdarənin rəhbərliyi reklam daşıyıcılarının eyni yerdə yox, 2-3 metr aralıqda quraşdırıldığını söyləyirdi. Bu cür izahatlar sadəlövh adamlara hesablanıb, çünki reklam mütəxəssislərinə yaxşı məlumdur ki, daşıyıcının əsasının (dirəklər) dəqiq koordinatları önəmli deyil. Bu halda əsas və başlıca meyar reklam üzünün görünmə rakursudur və məhz bu səbəbdən də açıq hava reklamının yerləşdirilməsi qaydalarında reklam daşıyıcıları arasında məsafənin ən azı 50 metr olması barədə norma təyin olunub. Agentliklərin çoxusu Reklam İdarəsinə yerlərin ayrılması barədə rəsmi şəkildə müraciət etmişlər (bütün müvafiq sənədlər saxlanılıb), lakin İdarə həsəd aparılacaq dərəcədə böyük inadla onlara rədd cavabı vermişdir və buna standart başdansovdu cavablarla münasibət bildirmişdir: yerlərin estetik uyğunsuzluğu, şəhər hakimiyyətinin qadağası və s. Buna baxmayaraq, öz şirkətləri üçün hər zaman və hər yerdə yaşıl işıq yanırdı. Qeyri-rəsmi söhbətlərdə agentlik nümayəndələri həmçinin məlumat verdilər ki, Reklam İdarəsinin rəhbərliyinin idarəçiliyində olan kommersiya strukturlarında maliyyə maxinasiyaları faktları mövcuddur. Onların əlində olan məlumata görə, bu agentliklər potensial reklam verənlərə dempinq qiymətləri ilə (yəni maya dəyərindən aşağı qiymətə) yerlər təklif edirlər. Bu isə yalnız şəhərin büdcəsinə reklam yerinə görə icarənin tam və ya natamam ödənilməməsi hallarında mümkündür. Eləcə də, belə bir diqqət çəkən faktı da nəzərinizə çatdıraq, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının sərəncamına əsasən şəhər daxilində reklam daşıyıcılarının görünüş sahəsi ölçülərinə məhdudiyyətlər qoyulmuşdur və bununla bağlı bütün agentliklər təcili olaraq bütün reklam daşıyıcılarının ölçüsünü azaltdılar. Təbii ki, təkcə öz nəzarətində olan agentliklərdən başqa (bəziləri isə hətta böyük daşıyıcıların yerləşdirilməsinə davam edirdilər). Düzdür, bu sərəncamda istisna hallar nəzərə alınıb, odur ki, bu sərəncam da çox güman ki, bazarın maksimal dərəcədə ələ keçirilməsi üçün nəzərdə tutulmuşdur. Çünki reklamverənlərin çoxu kiçik ölçülü reklam daşıyıcılarından imtina edərək şəhər daxilində yalnız İdarə rəhbərliyinin havadarlıq etdiyi agentliklərdə olan iri formatlı reklam daşıyıcılarına keçdilər. Fəaliyyəti İdarənin işlərinin neqativ təsirinə məruz qalmış reklam agentliklərinin nümayəndələri dəfələrlə mümkün olan bütün müvafiq instansiyalara müaciət etmişlər, amma onların sözü hər zaman qulaq ardına vuruliurdu. Müxtəlif təşkilat və strukturların keçirdiyi araşdırma və təhqiqatlar necə başlayırdısa, elə də bitirdi (çox güman ki, qərəzli olaraq). Hətta getdikcə sürət yığan korrupsiyaya qarşı güzəştsiz mübarizə də İdarə rəhbərliyinə mane olmadı. Əksinə, onlar heç bir normalara sığmayan qurama üsullarla digərlərinin biznesini ələ keçirməyə davam edirlər. "Mediaqraf” şirkətinin rəhbəri cənab Səlimovun səs-küylü ifşalarından sonra İdarə rəhbərliyi həyəcanlanaraq təcili surətdə nəzarətləri altında olan kommersiya strukturlarının adının və təsisçilərinin dəyişdirilməsinə, yeni (bununla belə, öz nəzarətləri altında olan) strukturların yaradılmasına start verdi. Bu kimi manipulyasiyalar əslində heç nəyi dəyişmir, çünki bazarın bu seqmenti ilə əlaqəli hər kəsə hansı agentliyin kimə mənsub olduğu və kimə gəlir gətirdiyi aydın şəkildə məlumdur. Göstərilənləri yekunlaşdıraraq onu da demək lazımdır ki, Azərbaycanda bir sahənin nizamlanması və nəzarəti üçün təyin olunmuş məmurlar çox zaman elə həmin sahədə sahibkarlıqla məşğul olur , bu yolla öz şəxsi biznesləri üçün əlverişli şərait yaradır və bununla qeyri-sağlam rəqabət əmələ gətirir. Halbuki, ümumi məlum olan faktdır ki, dövlət xidmətində olan məmurların bizneslə məşğul olması qadağandır, çünki bu hallarda xidmət və məhsul istehlakçılarına keyfiyyət və səmərəli qiymətləri təmin edən rəqabət prinsipləri yox dərəcəsinə endirilir. İdarə rəhbərliyinin seçdiyi yol perspektivsizdir, bu yol qısa müddətdə özlərinə böyük qazanc qoparmaqdan başqa, ümumilikdə nə iqtisadiyyat üçün, nə də özləri üçün yaxşı heç bir nəticəyə gətirib çıxarmayacaq. Bu dünyada heç nə əbədi deyil və bu aksiomdur ki, İdarə rəhərliyinin dəyişdirilməsi zamanı onların biznesi başqaları üçün qazdıqları quyuya düşəcək. Ən qəribə isə odur ki, bütün məlumatlar açıq aşkardır, amma indiyədək müvafiq səlahiyyətli orqanlardan, eləcə də hüquq-mühafizə orqanlarından heç bir reaksiya verilmir. Xüsusilə də indi, dünyada iqtisadi böhran, neftin qiymətinin kəskin düşməsi və nəticədə dövlət büdcəsinə gəlirin azalması zamanı struktur islahatlarının keçirilməsi, iqtisadiyyatın sağlamlaşdırılması, sahibkar fəaliyyətinin bütün formalarına güclü təkan vermək, inkişaf yolunda bütün maneə və sərhədləri aradan qaldırmaq, iş yerlərinin əsassız ixtisarına yol verməmək, iqtisadiyyatın qeyri-neft sektorundan ölkə büdcəsinə daxil olmaları artırmaq həyati vacib məsələdir (ölkə rəhbərliyi tərəfindən də dəfələrlə vurğulanmışdır). Və bu əsasda korrupsiya, məmur özbaşınalığı və qanunsuzluğu ilə güzəştsiz mübarizəni gücləndirmək vacibliyinə görə birinci dərəcəli olmalıdır, əks halda bütün cəhdlər və təşəbbüslər müsbət bir nəticə verməyəcək. Reklam İdarəsinin rəhbərləri İdarəni öz malikanələrinə çeviriblər və öz xeyirlərinə görə istədikləri hər şeyi edirlər. Bütün şikayət, müraciət və pretenziyalara baxmayaraq onlara çarə tapılmır ki tapılmır. Onlar özlərini dünyanın yiyələri sayırlar. Onlar üçün heç bir hüquq və qanun yoxdur, özlərini hər şeyə ixtiyarı çatan mafiozi kimi aparırlar və cəzasız qalacaqlarına əmindirlər. Axı hansı sivil ölkədə görünüb ki, Reklam İdarəsinin rəhbəri öz həyat yoldaşının adına kommersiya strukturu yaratsın və ölkənin paytaxtında bütün açıq hava reklamını öz əlinə keçirsin, onun işçisi isə qaynının adına firma açaraq bazarın qalan hissəsini öz əlinə alsın və onlar sırf formal olaraq öz aralarında rəqabət aparsınlar. Bütün bunlar çox məyusedici hallardır. Lakin nəyə görə bu vaxta kimi heç kim – nə prokurorluq orqanları, nə antiinhisar komitəsi, nə də digər hüquq-muhafizə orqanları cari vəziyyəti lazımi dərəcədə araşdırmır və məmurlara dair müvafiq qərarlar vermir? Bəyəm onlar həqiqətənmi toxunulmazdır? Onları norma və qaydalardan ayıran və dişbatmaz edən havadarlar (təbii ki, təmənnasız deyil) kimlərdir? Nəyə görə bu vaxta kimi əlində bu sayda nüfuzdan salan materiallar olan heç kim Ə.Əsgərov və Z.İsmayılov kimi başa bəla məmurların fəaliyyətinə hüquqi qiymət verməyib?
Bir çox agentlik işçiləri bizimlə söhbətdə təsdiqlədilər ki, onlarda İdarə rəhbərliyi tərəfindən sui-istifadə faktlarını təsdiqləyən sənədlər var və lazım gələrsə bu sənədləri qərəzsiz təhqiqat üçün təqdim etməyə hazırdılar. Bununla bərabər, onlar qeyd edirdilər ki, bəzi məsələlərin həlli üçün onlar İdarəyə müraciət etmişdilər, lakin çox vaxt məsul işçilərin ədəbsizlik və kobudluqla rastlaşıblar. Çox vaxt operativ məsələlərin həlli üçün reklam agentlikləri öz addımlarını İdarə ilə razılaşdırmalı olur, lakin məsul işçilərə zəng etmək, demək olar, mümkünsüz olur. Bu da anlaşılandır, çünki bu işçilər öz iş vaxtlarının böyük hissəsini öz biznes strukturlarının cari məsələlərinin həlli üçün istifadə edirlər və onları bu işdən ayıran zənglər onları sadəcə qıcıqlandırır və onlar bunu, elə görünür ki, şüurlu edirlər ki, onları heç kim narahat etməsin. Eləcə də, agentlik işçilərinin sözlərinə görə, İdarə rəhbərliyi özlərinə məxsus şirkətlərin xidməti işlərini (montaj, demontaj və s.) İdarənin işçilərindən və istehsal güclərindən (nəqliyyat, avadanlıq və s.) istifadə edərək həyata keçirirlər. Bu isə, təbii ki, qanunsuzdur, lakin onlar öz biznes strukturlarının xərclərini bu üsulla minimuma endirmək üçün vəziyyətdən istifadə edirlər. Bakı şəhərində açıq hava reklamının yerləşdirilməsini nizamlayan normativ hüquqi aktları təhlil etdikdən sonra biz paradoksal bir hal ilə rastlaşdıq: reklam yerlərinin agentliklərə təqdim olunması prosedurunu nizamlayan heç bir normativ hüquqi akt mövcud deyil. Reklam İdarəsinin rəhbərliyi bu hüquqi boşluqdan məharətlə istifadə edərək istədiyi kimi hərəkət edir və təbii ki, paytaxtın mərkəzi küçələrindəki ən prestijli reklam yerlərini yalnız şəxsi tabeçiliyində olan agentliklərə verir . Beləcə idarəni şəxsi varlanma obyektinə çeviriblər. Bu məsələ ilə bağlı ünsiyyət qurduğumuz insanların əksəriyyətinin fikrincə, vəziyyəti dəyişmək üçün qısa bir zamanda Reklam idarəsində struktur islahatları aparmaq və onun fəaliyyətini maksimum dərəcədə şəffaf etmək lazımdır, xüsusilə agentliklərə reklam yerlərinin verilməsi, eləcə də bütün agentliklərin Tarif şurasının təsdiqlədiyi qiymətlərə uyğun kirayə haqqının ödənilməsi məsələləri üzrə. Açıq hava reklamı sahəsində sağlam rəqabət mühitinin yaradılması üçün bazar iştirakçıları arasında ədalət, bərabər hüquq və sağlam rəqabət prinsiplərinə əsaslanan Bakı şəhərində reklam yerlərinin paylaşdırılması haqda nizamnamə hazırlayıb təsdiqlətmək zəruridir. Ümumilikdə, gələcəkdə İdarənin bütün fəaliyyətini sistemli və sərt ictimai nəzarət altına salmaq lazımdır ki, perspektivdə İdarənin fəaliyyətində özbaşınalıq və korrupsiya aradan qaldırılsın. Səmimi qəlbdən bizi sevindirən və ruhlandıran fakt ondan ibarətdir ki, bu məmur özbaşınalığının bütün qurbanları heç bir şeyə baxmayaraq ruhdan düşməyib və nəyin bahasına olursa olsun bununla sonadək mübarizə aparmağa hazırdılar. Bu, ədalətin mütləq bərpa olacağına ümid verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.