Azərbaycanda terror hazırlayan Rufulla Axundzadə kimdir? - Keçmiş məhbus, Tohid İbrahimlinin qayınatası...

16-05-2023, 16:52           
Azərbaycanda terror hazırlayan Rufulla Axundzadə kimdir? -
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat Xidmətlərinin birgə məlumat yayaraq İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadənin saxlanıldığını bildirib.

Onlar bir qrup şəxslə birlikdə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar.

Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “WhatsApp”, “Telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb. Bundan başqa R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər.

Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib.

Bu, Axundzadə Rufulla Höccətullah oğlunun İranla əlaqələrinə dair ilk belə məlumat deyil. Belə ki, 1955-ci ildə Astara rayonunda anadan olan R.Axundzadə 2011-ci ildə İranla əlaqələrinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilən İslam Partiyasının sədr müavini olub.

R.Axundzadə 2011-ci ilin yanvar ayında həbs olunub. Barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. O zaman da R.Axundzadə kifayət qədər ciddi maddələrlə - Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri üzrə ittiham edilib.

Baş Prokurorluğ həmin dövrdə yaydığı rəsmi məlumatda bildirilirdi ki, 21 yanvar 2011-ci il tarixdə istintaq qrupu və Astara Rayon Polis Şöbəsinin birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Axundzadə Rufulla Höccət oğlunun yaşadığı evdə axtarış aparılarkən həyətindəki saxlanc yerindən 4 ədəd "AKM" markalı avtomat, 1 ədəd “Naqan” tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd “F-1”, 4 ədəd “RQD-5” tipli əl qumbarası, 10 ədəd "UZRQM" tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetlər aşkar edilərək götürülüb.

Eyni zamanda, görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar 9 ədəd alışdırıcı və 1 ədəd “RQD-5” tipli qumbara mütəxəssislər tərəfindən partladılıb.

R.Axundzadə həbsxanada 10 il keçirib və 2021-ci ilin mart ayında əfv sərəncamı ilə azadlığa buraxılıb. Onunla bərabər əfv edilənlər arasında “Nardaran hadisələri”nə görə həbs olunan 31 nəfər də olub.

Lakin həbsdən çıxandan sonra İranın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycan dövlətinin əleyhinə fəaliyyətə başlayıb və bu məqsədlə bəzi dindarları öz ətrafında toplayıb. R.Axundzadənin İrana bağlı fəaliyyətində diqqəti çəkən bir məqam da onun İranda yaşayan və "Kərimə dövləti"nin əsas "ideoloq"larından olan Tohid İbrahimbəylinin qayınatası olmasıdır. R.Axundzadə həbsdə olduğu dövrdə T.İbrahimbəyli İrandakə bütün çıxışlarında Azərbaycana təhdidlər yağdırırdı.

Bu yaxınlarda Tohid İbrahimlinin İranda saxlanıldığı bildirilsə də, o, Azərbaycana təhvil verilməyib. Qısa müddət sonra isə ev dustağı kimi saxlanılan T.İbrahilinin yenidən sərbəst buraxıldığı və İranın Azərbaycana qarşı terror planlarında iştiraka davam etdiyi bildirilib. //cebheinfo.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.