Kamikadze dronlar hazırlayan İran şirkətlərinin adları açıqlandı

20-06-2023, 08:34           
Kamikadze dronlar hazırlayan İran şirkətlərinin adları açıqlandı
İsrailin “ALMA” araşdırma və təhsil mərkəzi Ukraynada və digər ölkələrdə istifadə edilən "Şahed 136" kamikadze dronlarının hazırlanmasında rolu olan İran mülki şirkətlərini və onların rəhbərlərini aşkarlayıb.

Trend xəbər verir ki, “Şahed 136” dronunun hissələrinin istehsal edilməsində və inkişaf etdirilməsində iştirakı mümkün olan bu şirkətlərdən biri “Chekad Sanat Faraz Asia” və ya digər adı ilə “Shakad Sanat Asmari”dir. Şirkət 2013-cü ildə qeydiyyatdan keçib, əsas müştərisi İranın aviasiya sənayesidir. Şirkət SEPAH tərəfindən idarə edilir və müxtəlif aviasiya komponentləri istehsalı üzrə ixtisaslaşıb. Şirkətin hazırkı CEO-su Hadi Zahoriyan, onun müavini isə Mohammad Şahab Xaniyandır.

Digər şirkətin adı “Daria Fanawar Burhan Sharif”dir, CEO-su Ehsan İmaninecaddır. Şirkət 2016-cı ildə Tehranda təsis edilib, direktorlarından biri Saba Hassanpurdur. Mohammad Hossein Suleiman Biki və Seyyed Mahdi Alua isə idarə heyəti üzvləridir. Bu şirkətin də SEPAH ilə əlaqələri olduğu, elektron sxemlərin, optik sistemlərin, kommunikasiya sistemlərinin hazırlanmasında ixtisaslaşdığı bildirilir.

Hər iki şirkətin İrana qarşı tətbiq olunan Qərb sanksiyalarının hədəfinə düşməmək üçün vaxtaşırı olaraq adlarını dəyişdiyi diqqətə çatdırılıb.

"ALMA"nın tədqiqat departamentinə rəhbərlik edən Tal Beeri "Şahed 136" kamikadze dronunun bütün dünya üçün spesifik təhlükə yaratdığını bildirib. O əlavə edib ki, “bu, idarə olunması asan, uzun məsafələrə çata bilən və nisbətən ucuz bir drondur”.

"İctimaiyyət bu dronların yaratdığı təhlükələr barədə kifayət qədər məlumatlı deyil, bu, qlobal təhlükənin yeni növüdür", - Tal Beeri vurğulayıb.

Qeyd olunub ki, İran dronları Ukrayna və Afrika ilə yanaşı, Mərkəzi Amerikada (Venesuela) da istifadə edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.