Gədəbəydə qarşıdurmaya səbəb olan süni göl zəhərlidir? - AÇIQLAMA

21-06-2023, 16:08           
Gədəbəydə qarşıdurmaya səbəb olan süni göl zəhərlidir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dünən Gədəbəy rayonu Söyüdlü kəndində vətəndaşlarla polis əməkdaşları arasında qarşıdurma baş verib. Qarşıdurmaya səbəb sakinlərin süni göl tikintisinə mane olması olub. Onlar gölün suyu zəhərli olduğu üçün təsərrüfata və əkin sahələrinə ziyan vurduğunu deyiblər. Həmçinin iddialara görə, qızıl çıxartma şirkətinin yaratdığı bu süni göl Söyüdlü kəndində xərçəng xəstəliyinin kütləvi yayılmasına, uşaqların əlil doğulmasına səbəb olub.

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bu gün Söyüdlü kənd sakinləri ilə görüşü zamanı jurnalistlərə bildirib ki, gölün suyunun zəhərli olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib: “Bu məsələyə mütəxəssislər rəy verə bilər, müvafiq nümunələr götürülərək yoxlanılacaq. Biz də aidiyyəti qurumlara bununla bağlı müraciət etmişik, məsələ qaldırmışıq ki, gölün suyunun tərkibi yoxlanılsın”.

Gölün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yoxlanışa götürülüb-götürülməməsini öyrənmək üçün Redaktor.az nazirliyin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladı.

Nazirlik rəsmisi qeyd etdi ki, hazırda ETSN əməkdaşları tərəfindən monitorinqlər və araşdırmalar aparılır:

"Bütün təsirlər öyrəniləcək, təhlillər aparılacaq, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək", - deyə İ.İbrahimova bildirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.