Azərbaycanda dərmanların qiyməti niyə bahadır? - AÇIQLAMA

22-06-2023, 11:34           
Azərbaycanda dərmanların qiyməti niyə bahadır? - AÇIQLAMA
"Azərbaycanda dərmanların qiyməti həqiqətən yüksəkdir".

Bu sözləri HİT.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov deyib.

O bildirib ki, bunun səbəbi Azərbaycandakı gömrük qiymətləridir:

"Bəzi dərmanların və məhsulların qiyməti Azərbaycanla müqayisədə, Türkiyədə 10-15 dəfə ucuzdur. Məsələn, Türkiyədə 6 manata olan bir dərman bizdə 45 manata satılır. Azərbaycanda dərman preparatları strateji məhsul olduğuna görə qiymətlərini Tarif Şurası təyin edir. Lakin oradakı tənzimlənmədə ciddi problemlər aşkarlanır. Azərbaycan vətəndaşı Türkiyədə, Hindistanda ucuz olan dərmanları ölkəmizdə çox baha qiymətə almaq məcburiyyətində qalır. Bunun da səbəbi gömrük tarifləri ilə bağlıdır. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu var.

Qanuna uyğun olaraq 6 üsul qiymətləndirmə üsulu var. Orada birinci üsul sövdələşmə üsuludur. Amma nədənsə bunun kimi preparatların ölkəyə gətirilməsi zamanı sahibkara hər zaman özlərinin dediyi qiymətə deklarasiyanın yazdırılması baş tutur. Bu da altıncı üsuldur. Qanunda isə belədir ki, birinci üsulla müəyyənləşdirilmək mümkün olmadığı halda ikinci, o isə olmadıqda üçüncü üsul seçilməlidir. Yəni bunlar ehtiyat üsulla müəyyənləşdirilməlidir. Lakin gömrükdə ən son ehtiyat üsulu seçilir".

Ekspertin sözlərinə görə, Dövlət Gömrük Komitəsi Türkiyədə, Hindistanda, Avropada olan dərmanların qiymətini burada müəyyənləşdirir:

"Bu isə düzgün deyil. Qiyməti bazar müəyyənləşdirməlidir. Konkret olaraq, orada minimal və maksimal limitlər müəyyən olunur. Deklarasiya da ona uyğun olur. Hazırda isə Azərbaycan sahibkarı da həmin müəyyən olunmuş qiymətin 40 faizi miqdarında ölkəyə məhsulların gətirilməsini təmin etməyə məcbur olur. Dərman preparatları bir az spesifik məsələdir.

Tarif Şurası tərəfindən tətbiq olunan qiymətlərə uyğun olaraq rəsmiləşdirmə həyata keçirilir. Buna görə də Azərbaycanda dərmanların qiyməti çox yüksəkdir. Düşünürəm ki, bu istiqamətdə Tarif Şurasına tapşırıqlar verilməlidir. Eyni zamanda, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanuna dəyişikliklər olunmalıdır. Çünki həmin qanunda çox ciddi boşluqlar var".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.