Qırmızı atəş qarışqalarının dəstələri Avropa şəhərlərini zəbt edə bilər

13-09-2023, 14:14           
Qırmızı atəş qarışqalarının dəstələri Avropa şəhərlərini zəbt edə bilər
Avropa ölkələri qırmızı atəş qarışqalarının hücumu təhlükəsi altındadır.

Bu fikri Britaniyanın “Guardian” qəzetinin icmalçısı Patrik Barkham bildirib.

Onun sözlərinə görə, güclü neştərə malik olan qırmızı atəş qarışqaları əkin sahələrinə ziyan vurur, həmçinin elektrik avadanlıqlarını, o cümlədən avtomobilləri və kompüterləri sıradan çıxara bilər.

Barkham qeyd edib ki, bu cür qarışqalar artıq İtaliyada kök salıb və qlobal istiləşmə səbəbindən bütün Avropanı tez bir zamanda zəbt edə bilər. Onların ərazi boyu yayılması yerli flora və faunanın sayının və müxtəlifliyinin ciddi azalması ilə müşayiət olunur.

İcmalçı xəbərdarlıq edib ki, qarışqalar tez bir zamanda "superkoloniyalar" yarada bilər və sonra onurğasızları, daha böyük onurğalıları ovlaya, bitkiləri məhv edə və yerli qarışqaları, həşəratları və ot yeyən heyvanları onların yaşadıqları ərazidən sıxışdırıb çıxara bilər.
Barkham, həmçinin vurğulayıb ki, London, Paris, Roma və Barselona kimi Avropanın böyük şəhərlərində mövcud iqlim şəraiti qırmızı atəş qarışqasının yaşaması üçün uyğundur.

Məqalədə qeyd olunur ki, Avstraliya bu qarışqa növünü məhv etmək üçün 200 milyon funt sterlinqdən çox (425 milyon manatdan çox) pul xərcləyib, lakin həşəratı tamamilə məhv etmək mümkün olmayıb.

Daha əvvəl bildirilib ki, Siciliya adasında ən təhlükəli invaziv (kənardan gələn və yerli təbiəti təhlükə altına qoyan) qarışqa növlərindən biri “Solenopsis invicta” aşkar edilib.

Mənbə: “Guardian” qəzeti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru