“Chatham House”:“Lavrovun “Madrid-layt” gedişi - Rus ordusu Qarabağa gəlir” (TƏHLİL)

18-07-2016, 10:01           

Böyük Britaniyanın Kral Araşdırmaları İnstitutu – “Chatham House” Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə yolları barədə elmi-tədqiqat işi hazırlayıb.

Qurumun Rusiya və Avrasiya üzrə Proqramının üzvü Lourens Broers özünün “Müharibə üçün defolt” adlı geniş tədqiqatında münaqişənin tarixi, aparılan danışıqlar prosesi və beynəlxlaq güclərin problemə yanaşmasına toxunub. Tədqiqatda aprel ayında aparılmış “4 günlük müharibə” və Rusiyanın problemin həlli üçün vasitəçilik səyləri araşdırılıb.

Xatırladaq ki, Lourens Broers "Chatham House”un Rusiya və Avrasiya Proqramının üzvüdür. O, London Universitetinin Mərkəzi Asiya və Qafqaz üzrə Mərkəzinin elmi əməkdaşıdır. Hazırda erməni-azərbaycanlı münasibətlərinin tədqiqi ilə məşğul olur.

Onun tədqiqatında qeyd olunur ki, 2014-cü ilin avqustunda Qarabağda, cəbhə xəttində baş vermiş gərginlikdən sonra Rusiya hazırladığı və “Lavrov planı” adlanan ideyalar toplusu ilə Minsk Qrupunu yerindən tərpədib: “Təəssüf ki, bu ideyaların nədən ibarət olduğu bəlli deyil və bu barədə yalnız mülahizələr irəli sürmək mümkündür. “Madrid prinsipləri” özünün müəyyən hissələrinin reallaşdırılmasını tələb edir. Bu mənada “Lavrov planı” termini "Madrid prinsipləri"ndən fərqli olan hansısa düzgün ifadə olunmayan termin kimi anlaşılır. Bu termini daha çox “Madrid-layt” kimi çevirmək olar. Bu, 10 il ərzində danışıqlar stolu üzərində olan bir sıra ideyaları əvəzləmək deyil, onların rekombinasiyasıdır”.

Təhlildə deyilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu təşəbbüsü birtərəfli geopolitikaya söykənməklə çoxtərəfli yanaşmanın yönünün pozulması və Fransa və ABŞ-ın təşəbbüsü əldən verməsi barədə intensiv spekulyativ tənqidlərlə müşayiət olunub: “Rusiya aprel hadisələri zamanı və ondan sonra atəşkəs barədə sazişi razılaşdırmaqla vasitəçiliklə bağlı bütün təşəbbüsləri öz əlinə aldı. Bir sıra şərhçilər Lavrovun təşəbbüslərini Minsk Qrupu üzərindən manevr kimi qəbul edirlər. Eyni zamanda bu təşəbbüsü rus sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsi üçün bir layihə sayırlar”.

Müəllifin fikrincə, tarixi şərait elə gətirib ki, münaqişənin tənzimlənməsi prosesində inkişafa az nail olunub: “Rusiyanın prosesi öz əlinə alması barədə təhlükə yeni deyil. Moskva Qarabağla bağlı aparılan sülh prosesində açıq və gizli olaraq “bərabərlər içində birinci” olduğunu həmişə təsdiqləyib. Moskva, digər beynəlxalq güclərdən fərqli olaraq, böyük rıçaqlara malikdir. Bu isə münaqişəyə digər xarici qüvvələrin müdaxiləsinin qarşısını alır. İndiyə qədər Minsk Qrupunun digər həmsədr dövlətləri Dağlıq Qarabağa kifayət qədər diqqət və resurs ayırmayıblar. Moskvanın nəticələri isə göz önündədir”.

Təhlildə deyilir ki, Rusiya postsovet məkanında öz xarici siyasətini yürüdərkən, onun Dağlıq Qarabağla bağlı çoxtərəfli siyasətini Kremlin əlində daha çox təsir aləti saymaq olar.

Bununla yanaşı, o da vurğulanır ki, Rusiyanın münaqişə bölgəsində böyük müharibədən qaçmaq marağı digər xarici subyektlərin də maraqları ilə üst-üstə düşür: “Tamamilə mümkündür ki, belə qovuşan maraqların fonunda Rusiya özünün ikili xarakter daşıyan siyasətinə yenidən baxmaq niyyətindədir. Odur ki, Lavrovun təşəbbüsləri ilə bağlı bir sual yaranır: bu təşəbbüslər “şəhərdə yeganə şou”dursa, o zaman bunlar beynəlxalq ictimaiyyətin dəstəyini alması üçün kifayət qədər legitimdirmi?”

Yazıda qeyd olunur ki, “Madrid-layt”ın qısa müzakirəsi onu göstərir ki, Rusiyanın təkbaşına oynamaq üçün bütün əsasları var: "“Madrid prinsipləri"nin bir hissəsinin reallaşması Ermənistanın Dağlıq Qarabağdan şərqdə, cənubda və cənub-qərbdə işğal etdiyi bir sıra ərazilərin Azərbaycanın yuridiksiyasına verilməsini ehtiva edir. De-fakto, Dağlıq Qarabağdakı hakimiyyət yenidən sülh prosesinə daxil olacaq, azərbaycanlı məcburi köçkünlərin əksəriyyəti öz evlərinə qayıtmaq imkanı əldə edəcək”.

Təhlildə deyilir ki, bu prinsiplər üzrə sazişin imzalanması ilə də region üçün mühüm nəticələr əldə olunacaq: “Atılan addımlar geniş regional əlaqələr üçün ciddi nəticələr verəcək. Bu, ilk növbədə, özü ilə İranla əlaqəni yaradan yeni nəqliyyat və kommunikasiya dəhlizini ortaya qoyacaq. Azərbaycanın dəstəyi ilə Ermənistan-Türkiyə sərhəddinin qərbindən keçən dəhliz Rusiya-Türkiyə arasında ikinci ən mühüm yenilik olacaq".

Təhlildə vurğulanır ki, buna baxmayaraq, bütün bu razılaşmalar köhnə “labirinti” açmayacaq: “Yəni "Madrid prinsipləri"nin bir hissəsinin həyata keçməsi onun əsas və ən çətin elementini o dəqiqə həll etməyəcək. Bu, Dağlıq Qarabağın son statusu ilə bağlı taleyidir. Bu məsələ "Madrid prinsipləri"nin dediyimiz formatında ilk həll olunacaq məsələ olmayacaq. Bu isə o deməkdir ki, “Madrid-layt”ın qərarları çoxdankı dilemma olan “paket həll” və “mərhələli həll” formatından qaça bilməyəcək. Dağlıq Qarabağın statusunun müəyyən edilməsini gecikdirən istənilən təklif Dağlıq Qarabağ və Ermənistan tərəfindən müqavimətlə qarşılanacaq. Ermənilər üçün statusun gecikməsi qətnamənin ləngiməsi deməkdir”.

Müəllif vurğulayır ki, bu səbəbdən də tərəflərin bu yaxınlarda elan etdiyi bəyanatda da “mərhələli həll” variantı dilemma kimi qalmaqdıdır: “Aprel ayında Ermənistan prezidenti Serj Sərksiyan bildirdi ki, Yerevan münaqişə bölgəsinə sülhməramlıların gəlməsinə razıdır, lakin bu, münaqişənin həlli ilə bağlı “tam və yekun qərar"dan sonra mümkündür. Azərbaycan aprel hadisələrinin başlanmasına qədərki dövrdə Lavrovun təkliflərinə dəstək verirdi.

Hazırda erməni və azərbaycanlılar bir məsələdə razıdırlar: Rusiya sülhməramlılarının bölgəyə gətirilməsinə qarşı çıxmaqda… Bu isə onu deməyə əsas verir ki, əgər Rusiya “Madrid-layt” prosesində təkbaşına oynasa da, onu reallaşdırmaq çoxtərəfli yanaşmanı tələb edir. Yalnız bir tərəfin deyil, bir neçə tərəfin iştirakı tənzimlənmədən sonrakı təhlükəsizliyi təmin etmək imkanındadır”.

Təhlildə daha sonra qeyd olunur ki, hazırkı situasiyada konsensusun yalnız iki nöqtəsi var: "Xarici maraqlı tərəflərin yeni müharibədən, münaqişə tərəflərinin isə Rusiyanın birtərəfəli qaydada təhlükəsizliyi təmin etmə cəhdindən qaçması… Bu ikiqat rəddetmə son illərin kövrək status-kvosunu saxlayıb".

Yekunda təhlildə belə nəticəyə gəlinir ki, Dağlıq Qarabağ münaqişəsi özünün coğrafi, struktur və geopolitik xüsusiyyətinə görə, Avrasiya regionunun separatçı münaqişəsi olaraq qalır. Onun fraqmental geopolitik xətti ya total müharibə, ya da danışıqlar potensialını saxlayır: “Rusiya özünün siyasətinin ikili xarakteri ilə həm münaqişəni alovlandırmaq potensialını nümayiş etdirir və eyni zamanda münaqişə tərəflərinə güc tətbiq etməyi məhdudlaşdırmağı təklif edir. Bu çəkindirci faktorun əsasında çoxillik ehtiyatlılıq durur. Moskva hesab edir ki, belə siyasət aparmasa, tərəflərə nəzarəti itirəcək və xarici qüvvələr münaqişəyə müdaxilə imkanları əldə edəcəklər”.

“Baxımsız qalmış bu günkü status-kvo və tərəflərin radikal ovaqtı böyük regional müharibənin başlanması riskini artırır” – deyə “Chatham House”un təhlilində vurğulanır.

Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.