“700 bal toplayanları təhqir etmək səviyyəsizlikdir” - Sosioloq
27-07-2016, 22:29
Qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin universitetə hazırlıq dövründə iki il televizordan və internetdən uzaq olduqları barədə açıqlamaları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirə mövzusuna çevrilib. Bəzi şəbəkə istifadəçiləri tələbə namizədlərini savadsızlıqda ittiham ediblər. Onlar bildiriblər ki, intellektual insan belə açıqlama verməz. Hətta böyük uğura imza atan gəncləri təhqir etmək məqsədi ilə onları “monqol” da adlandırıblar.
Çoxlarına məlumdur ki, yerli əhali arasında “monqol” sözü təhqir kimi işlədilir və savadsız, kütbeyin, hər şeyi gec anlayan mənasında istifadə olunur. Bir millətin adının təhqir kimi istifadə edilməsi nə dərəcədə doğrudur? Tələbə namizədlərinin açıqlaması təhqirə layiqdirmi?
Musavat.com-un əməkdaşı mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu ilə əlaqə saxlayıb. O, deyib ki, 700 bal toplayanları təkcə aşağı səviyyəli insanlar təhqir edir: “Uğur əldə etmiş şagirdləri təhqir edənlər məktəbdə oxumayan, təhsilə soyuq münasibət göstərən insanlardır. Həmişə nöqsanlı insanda uğur qazanmışa qarşı paxıllıq olur. İnsanları təhqir etmək üçün “monqol” sözünün işlədilməsi ayıbdır. Mən gənc olanda Moskvada oxuyurdum. O zaman “tatar”, “türk” sözləri təhqir kimi istifadə olunurdu. Biz o sözləri pis qəbul edirdik, o sözə görə dalaşırdıq. Bu, xoşagəlməz məsələdir. Səviyyəsiz adamlar bu terminləri ortaya atır. Monqollar dəyərli xalqdır, onların qədim tarixi var. “Monqol” sözünü təhqir kimi işlədənlərin təsəvvürü yoxdur ki, sözügedən ifadənin arxasında nə dayanır və onun təhqir kimi işlədilməsi səviyyəsiz insanların əxlaqından irəli gəlir.
700 bal toplayan gənclərin televizora baxmamasında qəbahət yoxdur. Onlar televizora baxmayıb, imtahana hazırlaşıb yüksək nəticə göstəriblərsə, bu, alqışlanmalıdır. Onları təhqir etmək aşağılıqdır. Bu cür insanlara fikir vermək lazım deyil. Uğur qazanan şagirdlər dizlərini qatlayıb dərsləri ilə məşğul olublarsa, onlara ancaq rəğbət bəsləmək olar. Onlar 700 baldan əlavə özlərinə baza yığıb, ailəsinə, ölkəsinə, dövlətinə layiqli, savadlı insan olublar”.
Musavat.com saytının redaktoru Xalid Kazımlı da məsələyə öz mövqeyini bildirib. O, deyib ki, bir millətin adını kütbeyinlik, gerizəkalılıq etalonuna çevirmək iqrçilik, faşistlikdir: “Özünə hörmət edən, özünü demokrat sayan heç bir ziyalı belə ifadələrə yol verməməlidir. 700 bal toplayan abituriyenti heç cür kütbeyin, əzbərçi, savadsız hesab etmək olmaz. Orada 125 sual var və bu sualın təxminən 75-i favorit olmayan fənlərə məxsusdur, amma abituriyent bu suallara da yüz faiz düz cavab verməlidir. Elə fənlər var ki, (məsələn, riyaziyyat), əzbərləməklə öhdəsindən gəlmək mümkün deyil. Bu, əzbərçiliklə başa gələcəksə belə, insandan kompüter yaddaşı tələb edir. Bu baxımdan yüksək bal toplayanların əməyini puça çıxarmaq, onları aşağılamaq, gələcəklərini şübhə altına almaq olmaz. Onlar bu xalqın sərvətləridir. Gələcəkdə uğurlu kadr olmayacaqlarsa, bunun günahı dövlətdə, hakimiyyətdə və cəmiyyətdə olacaq”.
Musavat.com