Qara kürünün qeyri-qanuni istehsalı müəyyən əllərdədir - Ekspert danışır...

16-01-2024, 17:28           
Qara kürünün qeyri-qanuni istehsalı müəyyən əllərdədir - Ekspert danışır...
Xəzər dənizinin qara kürüsünün satışına icazə verilməsə də, bəzi restoranlarda qara kürüsünə rast gəlinir və qiyməti də çox ucuz. Bəzi restoran işçiləri bildirir ki, ölkəyə kürü Rusiyadan gətirilir və yarım kiloqramı 125 manata satılır. Yüz qramı 340 manatdan başlayan kürüyə tələbat ölkədə az olduğundan, bir çox satış məntəqəsində tapmaq olmur.
Ölkəyə gətirilən kürülərin real, yoxsa saxta olmasını necə ayırd etmək olar? Bu məhsulların mənşəyi bilinirmi? Kürüdən zəhərlənmə halı yüksəkdirmi? Xəzər kürüsünün satışının qadağan edilməsi hansı amillərlə əsaslandırılır? Bu sahədə ölkədə monopoliya mövcuddurmu? Məlumdur ki, ölkədə bir çox sahədə satışı qadağan olunan məhsullar qeyri-qanuni yollarla satışa çıxarıla bilir və bəzi qurumlar da buna göz yumurlar. Ölkədə dəniz məhsullarına nəzarət hansı səviyyədədir?

"Azad İstehlakçılar" Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

"Azərbaycanlılar dünyanın çox az xalqlarından biridir ki, 25 il əvvəl Bakı səmasından şəhərə yeddi ton qara kürü səpilib. Yəqin ki, bu tarixi çoxları bilir. Azərbaycan qara kürü ölkəsi hesab olunur. Lakin artıq 30 ilə yaxındır ki, Eyyub Hüseynov qara kürünün dadına süfrəsində baxa bilmir. Təsadüf hallarda şadlıq evlərində olur və sair. Ölkəyə əlbəttə ki, xaricdən də qara kürü gətirilir. Eyni zamanda Həştərxanda süni qara kürü istehsalı da mövcuddur. Bu, Azərbaycanda da var. Onlar çox ucuz qiymətə satılır.

"Azad istehlakçılar Birliyi" uzun illərdir yalnız ona nail olub ki, həmin o süni kürünün bankasının üzərindən nərə balığının şəklini yığışdırtdıra bilib. Lakin Rusiyadan gələn qara kürülərdə nərə balığının şəkli olur. Məndə olan məlumata görə, qara kürünün istehsalı müəyyən limit daxilində "Caspian Fish" şirkətinə icazə verilir. Digərlərinə icazə verilmir. Kürü Azərbaycanın üç-dörd məhsulundan biridir ki, fındıq, qoz ləpələri və qara kürü xarici bazara ixrac olunur. Əlbəttə bu, təbii sərvətdir və bu şəkildə də tənzimlənməlidir.

Qara kürünün satışına yalnız "Caspian Fish" üçün icazə verilməsinə rəğmən, biz onun satışını bazarlarda, balıq dükanlarında görürük. O cümlədən, restoranlarda və şadlıq evlərində də bunun şahidi oluruq. Mən güman edirəm ki, onlar bu məhsulu qanuni istehsal olunmuş yerlərdən alırlar. Lakin qeyri-qanuni şəkildə əldə edilməsi də istisna olunmur.

Təsadüfi deyil ki, uzun müddət Bakı-Quba yolunun üzərində fəaliyyət göstərən balıq bazarında uzunluğu 30-40 sm olan nərə balıqlarının satışını görürük. Yəni suya ötürülmüş təzə nərə balıqları tutulur və orada da satılır, biz bunun şahidi olmuşuq. İllər boyu bu balığın kökünün kəsilməsi davam etdirilib. Xüsusən Şabran, Xaçmaz zonasında bu, davam edir. Bunu isə adətən yuxarı vəzifəli şəxslər dəstəkləyir, onların himayəsi altında baş verir. İstisna olunmur ki, Rusiyadan gətirilən kürülərin süni kürü ilə qarışığı olsun. Bu kürülər təhlükəsiz olsa da, keyfiyyətsizdir. Onların balıqla heç bir əlaqəsi yoxdur. Şübhəm yoxdur ki, AQTA onun təhlükəsizliyinə nəzarət edir. Məlumdur ki, keyfiyyət məsələsi masanın üzərindədir və onunla heç kəs məşğul olmur.

Çox yaxşı olar ki, bu keyfiyyət məsələsinə də diqqət yetirilsin. Süni kürünün qablaşdırılmasının arxa tərəfində onun süni kürü olduğu qeyd olunur. AQTA isə onun təhlükəsizliyinə təminat verir və necə deyərlər, o yazını görüb, "okey" deyir. Beləliklə, kürü Azərbaycan bazarına buraxılır. Şübhəsiz ki, qara kürünün qeyri-qanuni istehsalı müəyyən əllərdədir. Çünki biz buna hər yerdə, hətta açıq şəkildə satışına da rast gəlirik. Ancaq "Caspian fish"in bazarlara verdiyi kürülər qablaşdırılmış formada olur. Düşünürəm ki, açıq şəkildə istehsal olunan kürülər qeyri-qanuni şəkildə istehsal olunmuş kürülərdir.

Bu sahəyə nəzarət çox zəifdir. Azərbaycanı kürü ölkəsi bilib, qara kürü adı altında süni kürü alan turistlər də az deyil. Çox təəssüf ki, məsələ beləcə açıq qalıb. Ona görə də istehlakçılara tövsiyə edirəm ki, kürü aldığınız zaman onun üzərindəki yazıları diqqətlə oxuyun və nərə balığının şəklinə inanmayın. Üzərində süni kürü yazılan məhsulların həqiqətən də süni olduğunu bilin, bəzən qeyri-peşəkar adam bunları ayırd edə bilmir" - deyə, qida eksperti qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.