Vətəndaş aldığı maldan zəhərlənibsə: - Sahibkarı kim cəzalandıracaq?
30-01-2024, 07:53

“Qida təhlükəsizliyi haqqında” Qanuna dəyişiklik ediləcək.
Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsin iclasında müzakirə aparılıb. Qeyd olunub ki, Azərbaycanda insanların həyat və sağlamlığın qorunması, istehlakçıların hüquqlarının müdafiəsi, bu sahədə qanunvericiliyin ölkənin üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması, yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, habelə qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün şəraitin yaradılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minib.
Təklif olunan dəyişikliklər qanunun tətbiqi təcrübəsində ortaya çıxan məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb. Qanunun tələblərinə uyğun olaraq ölkə başçısının fərmanı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı”nda göstərilən, qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan qida obyektləri AR Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 30 (otuz) iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunur və ya onların təsdiqindən imtina edilir.
Maraqlıdır, bu qanunun qüvvəyə minməsi sahibkarlara necə təsir edəcək?
Mövzu ilə bağlı “Cebhe.info” Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, sahibkarlar təqdim etdikləri məhsulları Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qeydiyyatdan keçirməlidir:
“Məhsulun mənşəyi mənbəyi və digər məlumatları sahibkarlar AQTA-ya təqdim etməlidirlər. Gələcəkdə məhsulları qəbul edilmiş normativlərə və qaydalara uyğun olaraq idxal etməlidirlər. Bələ bir qayda dünyanın hər bir yerində var. Ölkəmizdə yanvarın ayının əvvəlindən qüvvəyə minib”.
Ekspert bildirib ki, bütün ölkə ərazisində istehsal prosesi ilə məşğul olan sahibkarlar istehsal etdiyi məhsulun keyfiyyəti barədə AQTA-ya sənəd verməlidir:
“Sahibkarlar istehsal etdiyi məhsul haqda hökumətə bildirir ki, məhsulun keyfiyyəti yetərli qədərdir. O cümlədən, utilizasiya ilə məşğul olan sahibkarlar AQTA-da qeydiyyatdan keçir və öhdəlik götürür ki, lazımikeyfiyyətdə və normativ qaydalara uyğun fəaliyyət göstərəcəkdir”.
Ekspert qeyd edib ki, nəzərət məsələsində qanunda müəyyən boşluqlar qalmaqdadır:
“Öhdəliklərin icrası məsələsi qanunda boşluq olaraq qalmaqdadır. Misal üçün, bir vətəndaş aldığı məhsuldan zəhərlənibsə, həmin vətəndaş zəhərləndiyi məhsula görə sahibkarı qanunu yolla cəzalandıra bilmirsə, o zaman bu məsələ tək AQTA-nın nəzərəti ilə yekunlaşmamalıdır. Ölkədə 10 minlərlə sahibkar fəaliyyət göstərir.
Onlara tək AQTA-nın nəzərət etməsi praktiki olaraq mümkün deyil. Mümkün olması üçün gərək AQTA-nın 10 minlərlə əməkdaşı fəaliyyət göstərsin. Ona görə də qanunda mütləq şəkildə vətəndaş nəzarəti üçün imkanlar yaradılmalıdır.