Şagirdlər arasında aqressiya niyə artıb?
30-01-2024, 11:54

Son zamanlar məktəblərdə şagirdlərin öz aralarında, o cümlədən şagirdlərlə müəllimlər arasında baş verən müxtəlif xoşagəlməz hallar cəmiyyətdə və sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Təəssüf ki, məktəbdə təhsil alan yeniyetmə və uşaqlarla bağlı xoş olmayan hadisələri eşitmək məcburiyyətində qalırıq.
Məsələ ilə bağlı "İki sahil"ə fikirlərini bildirən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva qeyd etdi ki, bu gün yeniyetmə şagirdlər və gənclər arasında aqressiv davranışların və bunun yaratdığı fəsadların nəticələri artmaqdadır: “Əlbəttə ki, həmin şəxslərdə aqressiyanın səbəblərini bir və ya bir neçə amillərlə bağlamaq olmaz. Lakin baş verənlər fonunda aparılan araşdırmalar və müşahidələr göstərir ki, öz sinif yoldaşına qarşı aqressiv davranış və zorakılıq göstərən şagirdlərin bir qayda olaraq ailə daxilində normal münasibət görməməsi, ailədaxili münaqişələr, şiddətin yaratdığı psixoloji çətinliklər, aqressiya, stress özünü göstərir və bu aqressiyanı məhz öz yaxın dostları, sinif yoldaşlarına nümayiş etdirirlər. Bundan əlavə televiziya, internet vasitələri, sosial şəbəkələrdə vaxtın çox keçirilməsi, orada şagirdlərə faydalı olmayan müxtəlif məlumatlar, videolar, fotolar və digər vasitələrdən istifadə zaman keçdikcə həmin şagirdlərin psixologiyasına təsir edir, aqressiv davranışlar sərgiləməsinə gətirib çıxarır. Qeyd etdiyim səbəblərin yaratdığı aqressiya hər zaman yaxşı sonluqla nəticələnməyə bilir.”
Ekspert hesab edir ki, bu halların qarşısını qısa zamanda almaq mümkün deyil. Çünki bu cür hallar müəyyən ərazidə deyil, bütün ölkə ərazisində ola bilər. Odur ki, kompleks tədbirlərin həyata keçirilməsi tövsiyə edilir. Digər tərəfdən isə burada məktəb direktorları, müəllimlər, məktəb psixoloqları aktiv şəkildə iştirak etməli və bu prosesə şagirdlərin valideynlərini, yaxınlarını cəlb etməlidirlər. Başqa sözlə, buna görə də burada müəllim-valideyn-məktəb psixoloqundan ibarət şəbəkənin formalaşması labüddür.
Şagirdlərin günlərinin əsas hissəsini məktəblərdə keçirdiyini nəzərə alsaq, müəllimlər bu kimi hallarla qarşılaşmamaq üçün xüsusilə diqqətli olmalıdırlar. Hansısa bir şagirddə şiddətə meyillilik, aqressiya və ya digər məqamları görüb hiss edərlərsə bu barədə direktor, məktəb psixoloqu və ailəsinə xəbər verməlidirlər. Həmin şagirdlə sərt və ya ciddi şəkildə deyil, sakit və anlaşıqlı formada profilaktik söhbət edilməli, onu narahat edən məqamlar dinlənilməli, etdiklərinin yalnış olduğu və hansı fəsadlar törədəcəyi başa salınmalıdır. Bundan əlavə, həmin şagirdin ailəsi ilə mütəmadi əlaqədə olmalı, görüşlər keçirilməli, şagirdin öz ailəsi və yaxınlarına olan münasibətləri də araşdırılmalıdır.
Bu kimi hallarla üzləşməmək üçün direktor və müəllimlər daha çevik və operativ davranmalı, baş verən hadisəni gizlətmək əvəzinə, onu lazım gələrsə tərəflərin ailələri ilə birgə həll etməli, məktəb psixoloqu və digər mütəxəssislərlə birgə çalışmalı, valideynlərlə görüşləri daha qısa zamanda və mütəmadi şəkildə reallaşdırmalı, ehtiyac olarsa aidiyyəti qurumlardan yardım almalıdırlar.
Yaqut Aslanova, “İki sahil”