Xocalı dəhşətindən sağ qurtulan körpə və xilaskarı illər sonra görüşdü – Video
26-02-2024, 13:17

“Belə belə işlər” layihəsi Xocalı faciəsi zamanı anasının qucağında donmuş və sonradan basdırılmaq üçün aparıldığı məsciddə ayılan iki yaşlı körpəni 32 il sonra onu xilas edən hərbiçi Əsəd Fərəcovla görüşdürüb.
Layihə çərçivəsində 26 fevral dəhşətlərindən danışan Ə.Fərəcov illərlə xilas etdiyi körpəni axtardığını, ancaq heç vaxt tapa bilmədiyini bildirib. Ə.Fərəcov bildirib ki, həmin gün o təklif edib ki, heç olmasa uşaq meyitlərini yığaq. Xilas edilən 2 yaşlı körpəni isə Fərəcov son anda görüb:
“Vertolyota minib gedirdik. Uzaqdan anasının qoynunda körpə gördüm. Hər ikisi donmuşdu. Ana qan içindəydi. Güclə də olsa donmuş halda olan körpəni götürdüm. Mənə sonradan dedilər ki, həmin körpə məsciddə yuyulan zaman ayılıb”.
Xilas edilən Kübra Orucova faciə gecəsi 2 yaşında olduğu üçün heç nəyi xatırlamadığını deyib:
“Ailəmizdən 3 nəfəri həmin gecə itirmişəm. Anam, atam və 4 yaşlı bacım həlak olub. Mən anamın belində olmuşam. Atamı ermənilər vurub, bunu biləndə anam arxaya çevrildiyi üçün anamı da vurublar və güllə anamın sinəsinə dəyib. Çevrilməsəydi kürəyinə, mənə dəyərdi. Həmin gecə evdən çıxmazdan əvvəl atam hamımızın adını, soyadını, ata, ana adını yazıb yaxamıza qoydu. Dedi, bilmək olmaz, müharibədir, itərik, bir-birimizi tapa bilək. Mənim 2 yaşım olub, xatırlamıram, hamısını böyük bacım danışıb. Məni kimin xilas etdiyini bilmirdim. Yaşadığıma görə göydə allah, yerdə Əsəd Fərəcova minnətdaram. Mən anamın üzünü heç xatırlamıram. Anam vurulandan sonra məni kürəyindən açıb qucağına alıb. Men qucağında olan vaxt yıxılıb. Mən yaxasını açıb döş əmmişəm. Elə o şəkildə də donmuşam”.