“Saqqal kişinin makiyajıdır” ifadəsi necə yaranıb? - ARAŞDIRMA + VİDEO
17-05-2024, 12:54
Bərbərlik qədim və hörmətli peşələrdəndir. Xarici görünüşə diqqət yetirmək bütün dövrlərdə insanlar üçün önəmli olduğundan bu peşəyə də həmişə hörmətlə yanaşılıb. Bu sənət ellinizmin əsəridir. Bərbərliyi ticarətə çevirənlər isə siciliyalılar olublar. Bərbərlər tarix boyu dəllək, dişçəkən, sınıqçı, qançıxaran olublar.
Qədim Romada qladiatorlar döyüş vaxtı yaralandıqda həkimlər onlara baxmaqdan üz döndərərdilər. Bu zaman ara həkimi hesab edilən dəlləklər onların müalicəsini boyunlarına götürürdülər. Bərbərliyi istifadə etdiyi texnologiya ilə mükəmməlləşdirənlər müsəlmanlar olublar. Çünki orta əsr dövrünün müsəlman kişiləri, xüsusilə də imkanlı gəncləri hər gün bərbərə müraciət edir, vaxtlarının çoxunu saqqalarına xüsusi şəkil və forma vermək üçün sərf edərdilər.
Müsəlman saç və geyim dəbi o qədər sürətlə yayılıb ki, xristianların bu dəbə aludə olmamaları üçün Roma papalarının xüsusi fərmanları var idi. Ancaq o zamanlar bu fərmanlar elə də işə yaramırdı. Tarixdə saqqalı qadağan edən sərkərdələr də az olmayıb. I Pyotr öz hakimiyyəti dövründə bığ-saqqal üçün xüsusi vergi təyin edib. Hətta bunun üçün kişilərə üzərində “bığ vergisi ödənib” sözləri yazılmış kağız da verilirdi.
Azərbaycanda bərbərliyin tarixi qədim olsa da, bu sənət hamamlarda inkişaf etdiyindən haqqında o qədər də məlumata rast gəlinmir. Bığ-saqqal qədim Azərbaycanda bir az da mötəbərlik, zadəganlıq əlaməti sayılıb. Kişinin bığı onun namusu hesab olunub. Hətta el arasında bununla bağlı belə bir atalar sözü də var: kişinin bığına, qadının saçına, atın quyruğuna toxunmazlar.
Osmanlı tarixində də bığ mərdliyin, igidliyin və qəhrəmanlığın simvolu sayılıb. Bığsız kişinin hörməti bığlıya nisbətən daha az olub. İttihad və Tərəqqi dönəmində Türkiyədəki siyasətçilərin bığı alman tərzində olub. Mustafa Kamal Paşadan tutmuş, sözügedən dönəmdə iz qoymuş bütün paşaların bığları alman tərzi idi: yuxarıya doğru və ucu iti formada.
Baku TV-nin “Saqqal kişinin makiyajıdır” mövzusu ilə bağlı hazırladığı süjeti təqdim edirik: