İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

17-05-2024, 13:25           
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev 3 il 6 ay azadlıqdan məhrum edilib.

Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib. Hökmdən həm polkovnik, həm də zərərçəkmiş qadın apellyasiya şikayəti verib. Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil.

Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Sabah”a danışıb. Hüquq müdafiəçisi zərərçəkmişin sözügedən qərara olan etirazını belə qiymətləndirib:

“Həmin qadının hər hansısa bir məbləğdə təzminat tələb etməsi onun öz hüququdur. Azərbaycan mentalitetinə görə, isə bu doğru deyil. Zərərçəkmiş qismində çıxış edən həmin o qadının təzminat istəməsi avropalı xanım kimi öz haqlarını müdafiə etdiyini göstərir. Təzminatın məbləğinə gəlincə, yəqin ki, bu miqdar azdır. Biz məsələnin detallarını araşdırmamışıq və faktlarla bağlı məlumatımız yoxdur. Bəlkə də, qarşı tərəf ona hər hansı formada təzyiq göstərib və bu hadisələr yaşanıb. Mövzuya belə yanaşdıqda, təbii ki, onun yüksək məbləğdə təzminat istəməyə haqqı var. Məsələdə təzyiq faktoru olsa, şərtlər tamamilə dəyişə bilərdi. Hazırda isə ən yaxşı seçim təzminat istəmək yox, o kişinin həbs olunmasını tələb etməkdir”.

N.Cəfəroğlu bildirib ki, görüntüləri yayan polkovnik Zaur Mirzəyevə ömürlük həbs cəzası verilməlidir:

“Hər bir halda, zərərçəkmiş nə isə edə bilərdi ki, bu vəziyyətə düşməsin. Məhkəmədə bu tərzdə hüquqlarını müdafiə edirsə, iş yerində də hər hansı təzyiqə məruz qalma durumu olubsa, o zaman da müxtəlif tərzdə özünü qoruya bilərdi. Təzyiq göstərilirdisə, səsini çıxarardı, o zaman işdən çıxsa belə, şəxsən mən onu müdafiə edərdim. Belə olan halda, qarşı tərəf də işdən azad edilərdi, ailəsi də dağılmazdı. Olmasın, iş, olmasın vəzifə. Qadının qüruru olmalıdır. Belə bir halda hər kəs, bütün qadınlar onu müdafiəsinə qalxardı. Həmin kişiyə isə bu cür hərəkətinə, iyrənc görüntüləri yayımladığına görə, ömürlük həbs cəzası təyin edilməlidir. Çünki onun ixtiyarı yoxdur ki, kiminsə həyatına qarışsın, şəxsi görüntüləri yaysın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.