Qarabağa qayıdış: kim necə köçə bilər? 8 suala cavabda

18-05-2024, 11:58           
Qarabağa qayıdış: kim necə köçə bilər?
May ayında "Qarabağın döyünən ürəyi" adlanan Şuşa şəhərinə yüzə yaxın ailə köçürülüb.

Onlardan biri, Kərimli ailəsi bunu "hüdudsuz səadət, xoşbəxtlik" adlandırıb.

Videoda izləyin: Şuşaya qayıdan Kərimli ailəsi

Bu il həm də Xocalı, Xankəndi və Qarabağın digər bölgələrinə də ilk köçün başlanması nəzərdə tutulur.

Məcburi köçkünlər hansı meyarlar əsasında geri qaytarılır? Azərbaycanın başqa bölgələrindən olanlar Qarabağa köçə bilərmi?

BBC Azərbaycanca rəsmi qurumlardan bu və digər suallara cavab axtarıb.

Hansı ərazilərə köç artıq baş tutub?
İndiyə qədər beş yaşayış məntəqəsinə – Zəngilan rayonunun Ağalı kəndi, Tərtər rayonunun Talış kəndi, Laçın şəhəri və rayonun Zabux kəndi, Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin köçürülməsi yekunlaşıb.

Bu ilin sonunadək Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı, Şuşa şəhərlərinə təxminən 20 min nəfərin qayıdacağı planlaşdırılır.

Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə qayıdış isə 2025-ci ildə nəzərdə tutulur.

Bundan başqa, hazırda yüzdən çox şəhər və kəndin baş planı təsdiqlənib, bir çox şəhər və kənddə inşaat işləri aparılır, rəsmi məlumatlarda bildirilir.

Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindən BBC-yə bildiriblər ki, yenidən inşa edilən mənzillərə, ilk növbədə, qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr köçürüləcək.

“Şəffaflığın və obyektivliyin qorunması üçün püşkatmadan istifadə olunur”, - Komitədən bildiriblər.
"Böyük Qayıdış"la bağlı dövlət proqramı nədən bəhs edir?
Məcburi köçkünlərin qayıdışı və Qarabağda yaşayışın bərpası üçün hökumət iki mərhələli dövlət proqramını həyata keçirdiyini deyir.

"İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış" üzrə birinci proqram iki il əvvəl başlayıb və 2026-ci ilədək davam edəcək.

Bu, həm də Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biridir.

Proqram bu bölgələrdə dövlət və özəl sektorda iş yerlərinin açılmasını da hədəfləyir.

Ötən il Laçına köçürülmüş ailələrdən biri BBC-yə müsahibəsində dövlət işlərindən başqa, orada özəl iş yeri kimi parnik və fermer təsərrüfatlarının olduğunu deyir.

"Hökumətin sonradan bərpa etdiyi atam evinə anam və qardaşım köçüb", - adının açıqlanmasını istəməyən müsahibimiz bildirib.

Onun sözlərinə görə, Laçına internet xətti yenicə çəkilib. Onların gəliri anasının təqaüdü və məcburi köçkünlərə yardım məqsədilə verilən müavinətlərdir.

Bu laçınlı ailə bahalıqdan, xüsusilə ətin qiymətindən şikayətlənib. Ötən il yerli media da Laçında yaşayış xərclərinin baha başa gəlməsindən şikayətlərin olmasından yazıb. Həmin vaxt Laçın rəsmiləri belə iddiaları təkzib ediblər.

BBC-nin danışdığı, işğaldan azad edilmiş ərazilərə köçmüş bəzi sakinlərin dediyinə görə, hazırda onlardan qaz, işıq, su üçün heç bir ödəniş tələb edilmir, amma bunun gələcəkdə necə olacağı barədə onlara hələlik heç bir açıqlama verilməyib.
Xankəndi və Xocalının azərbaycanlı sakinləri nə zaman geri qaytarılacaqlar?
Xocalı və onun Malıbəyi kəndi Birinci Qarabağ müharibəsi dövründə xüsusi ziyan dəymiş ərazi hesab olunurdu.

Lakin rəsmi məlumata görə, artıq bu ərazilər, demək olar ki, yaşayış üçün hazırdır və "yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək".

Bu il həm də Xocalının Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin qaytarılması nəzərdə tutulub.

Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi bu məqsədlə həmin şəxslərlə sorğu keçirdiyini açıqlayıb.

Komitədən həmçinin açıqlayıblar ki, sorğu mərhələsində hökumət geri dönəcək ailələrin "sayını dəqiqləşdirir, onların sosial vəziyyəti və məşğulluq imkanları ilə bağlı zəruri addımlar atır", əhali arasında məlumatlandırma, təbliğat işləri görür, köçürülmənin texniki-təşkilati məsələlərini həll edir".

Amma qurum məşğulluqla bağlı hansı zəruri addımların atıldığını açıqlamayıb.

Xocalı, Malıbəyli və Kərkicahana köçürüləcək azərbaycanlıların ya özlərinin bərpa edilmiş evlərində, ya da yeni evlərdə məskunlaşacağı gözlənilir.

Şuşaya köç nə vaxta qədər davam edəcək?
Mayın 10-da Şuşa şəhərinə ilk köç baş tutub və indiyədək 60-a yaxın ailə köçürülüb.

Şuşadakı yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra oraya köçən ilk sakinlərdən biri Kərim Kərimlinin BBC-yə dediyinə görə, şəhərə ilk olaraq şəhid və qazi ailələri, daha sonra isə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililərdə məskunlaşan ailələr köçürülüb.

Onun sözlərinə görə, evlərin verilməsi püşkatma ilə baş tutub və onların əşyaları Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən "ödənişsiz Şuşaya aparılıb".

Kərim Kərimli deyir ki, indi Şuşada Bakıdakı böyük mağazalar şəbəkəsindən üçü, həmçinin dörd hotel, bir hostel, bir restoran, muzeylər, Şuşa Dövlət Qoruğu və digər dövlət binaları fəaliyyət göstərir.

Şəhərdə, həmçinin poliklinika və doğum evi fəaliyyət göstərir, paralel olaraq yeniləri də tikilir, deyə o gördüklərini təsvir edib.

1000-ə yaxın şagird üçün nəzərdə tutulan Şuşa məktəbinin isə sentyabrdan fəaliyyətə başlayacağı gözlənilir.

Şuşa İcra Hakimiyyətinn saytındakı məlumata görə, Şuşanın 35 minə yaxın əhalisi var.

Xankəndidə yaradılan Qarabağ universiteti nə vaxt və necə fəaliyyət göstərəcək?
Ötən ilin sonu Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılıb.

2024-2025-ci tədris ilində işə başlayacaq Qarabağ Universitetində ilkin mərhələdə təxminən 1000 tələbənin oxuması planlaşdırılır.

Qarşıdakı beş ildə bu rəqəmin 5000-ə çatacağı gözlənilir.

İlk təhsil ilində universitetdə yalnız bakalavr, növbəti illərdə isə magistr və aspirantura təhsilinin tədrisi nəzərdə tutulub.

Qarabağ Universitetində pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial sahələrdə fakültələri olacağı planlaşdırılır.

Elm və Təhsil Nazirliyindən BBC-yə deyiblər ki, tələbələr ibtidai sinif, riyaziyyat və başqa fənnlər üzrə müəllimlik ixtisasına yiyələnə, iqtisadiyyat, mühasibat uçotu, maliyyə, hüquqşünaslıq, komputer mühəndisliyi üzrə təhsil ala bilər.

Universitetdə 70 nəfərlik professor-müəllim heyətinin işləyəcəyi planlaşdırılır.

Universitetin professor-müəllim heyəti dövlət tərəfindən yataqxana və ya mənzillə təmin olunacağı bildirilir.

Xankəndiyə işləməyə gedən müəllimlərin maaşlarına hər hansı əlavənin olunub-olunmayacağı isə hələlik rəsmi olaraq açıqlanmayıb.

Məcburi köçkünlərə verilən dövlət imtiyazları ləğv olunubmu?
BBC-nin danışdığı keçmiş məcburi köçkünlər onlara verilən müavinətləri hələ də aldıqlarını deyirlər.

Söhbət yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ayrılan ödənişlərdən gedir.

BBC-yə danışanlar bu məqsədlə hər ay adambaşına 60 manat aldıqlarını deyirlər.

"Bizə daha iki il yarım yardım veriləcək", - Laçına köçürülmüş ailələrdən biri BBC-yə deyib.

Rəsmi məlumata görə, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il sonra (və ya daimi məskunlaşdıqları vaxtdan sonra) onlar üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirləri qüvvədən düşmüş hesab edilir.

Daimi yaşayış yerinə qayıtmağa şərait yarandıqdan 3 il sonra məcburi köçkünlərə onların “çörək pulu” adlandırdıqları aylıq müavinətin də verilməsi dayandırılır.

Məcburi köçkünlər qeydiyyatlarından fərqli yerə köçə bilərmi?
Qarabağa qayıdışla bağlı proqram hazırlanandan bəri bəzi məcburi köçkün ailələri Birinci Qarabağ müharibəsindən öncə yaşadıqları ərazilərə yox, digər şəhərlərə köçürülmələrini istəyirlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi BBC-yə bildirir ki, komitə müvafiq dövlət proqramına əsasən, bərpa edilən və ya yenidən tikilən yaşayış məntəqələrinə yalnız keçmiş məcburi köçkünlərin köçürülməsini aparır.

Həmin məcburi köçkünlər isə yalnız qeydiyyatda olduqları ərazi üzrə evlə təmin edilirlər.

Bəs işğaldan azad ediləndən sonra Qarabağa və Şərqi Zəngəzura qayıdan keçmiş məcburi köçkünlər onlara verilən evləri sata və ya kirayəyə verə bilərlərmi?

Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi BBC-nin bu sualını cavablandırmayıb.

Qarabağa qayıdan keçmiş məcburi köçkünlərdən biri BBC-yə deyir ki, hələlik onlara rəsmi olaraq evlərini sata bilməyəcəkləri ilə bağlı xəbərdarlıq edilməyib.

"Lakin qeyri-rəsmi eşitdiyimə görə, hələ ki, bir müddət evləri satmaq mümkün olmayacaq. Elə mən özüm də bunun tərəfdarıyam. Çünki şəhərlərimiz ən azından özünə gələnə kimi bizə verilən evlərdə yaşamalıyıq. Ancaq gələcəkdə Azərbaycanın digər bölgələrindəki adamlar öz evlərini satıb Bakıda yaşamağa gələ bildiyi kimi, Qarabağa qayıdanlar da belə edə bilməlidir", - onlardan biri BBC Azərbaycancaya deyib.
Digər bölgələrdə qeydiyyatda olan vətəndaşlar Qarabağda ev ala bilərlərmi?
Bu ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib ki, Qarabağda yaşamaq istəyənlər oradan ev ala bilərlər”.

O bunun üçün, məsələn, Ağdam şəhərində çoxmərtəbəli yaşayış kompleksinin inşa edildiyini deyib.

BBC bu prosesin necə və nə zaman həyata keçiriləcəyi ilə bağlı sorğuya dövlət qurumlarından rəsmi cavab ala bilməyib.

Lakin Qarabağa köçü həyata keçirən qurumlardan birinin adının çəkilməsini istəməyən əməkdaşı BBC-yə deyib ki, bu prosesin 2026-ci ildən - keçmiş məcburi köçkünlərin köçünün yekunlaşmasından sonra baş tutacağı güman edilir.

Onun sözlərinə görə, hazırda ən böyük prioritet məcburi köçkünlərin köçürülməsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.