İqlim dəyişikliyi bu insanların sağlamlığına mənfi təsir göstərir
20-05-2024, 07:34
İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.
Bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin himayəsi altında fəaliyyət göstərən bir qrup alimin apardığı tədqiqatın nəticələrində bildirilir.
"The Lancet Neurology” jurnalında qeyd olunur ki, 1968-ci ildən 2023-cü ilə qədər dünyada nəşr olunan 332 məqaləni təhlil etdikdən sonra nevroloq Sanjay Sisodiyanın başçılığı ilə tədqiqatçılar iqlim dəyişikliyinin nevroloji xəstəliklərə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcəyini vurğulayırlar.
Komanda iqlim dəyişikliyinin narahatlıq, depressiya və şizofreniya da daxil olmaqla, bir neçə ciddi, lakin ümumi zehni xəstəliklərə təsirini təhlil edib. "İqlimin bəzi beyin xəstəliklərinə, xüsusən də insult və sinir sistemi infeksiyalarına təsiri barədə açıq dəlillər mövcuddur. Göstərilib ki, beyin xəstəliklərinə təsir edən iqlim dəyişikliklərinə ekstremal temperaturlar, eləcə də gün ərzində daha əhəmiyyətli temperatur tərəddüdləri daxildir, xüsusən də bu nisbətlər mövsümdən asılı olaraq qeyri-adi olduqda", - deyə Sisodiya bildirib. O əlavə edib ki, gecə temperaturları xüsusilə vacibdir, çünki gecə boyunca daha yüksək temperatur yuxunu poza bilər və bu da beyin sağlamlığını pisləşdirir.
Tədqiqatçılar müəyyən ediblər ki, daha yüksək temperaturlarda və ya güclü istilərdə xəstəxanaya yerləşdirmə, əlillik və ya insult nəticəsində ölüm hallarının sayı artır.
Bu arada, komanda iddia edir ki, demensiya (unutqanlıqla bağlı xəstəlik – red.) diaqnozu qoyulan insanlar ekstremal temperaturlar və hava hadisələrindən zərərçəkməyə meyillidirlər, çünki idrak pozğunluğu davranışı ətraf mühitdəki dəyişikliklərə uyğunlaşdırmaq qabiliyyətini məhdudlaşdıra bilər.//Azertac.az