Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyib? Xərcin artım tempi düşür

20-05-2024, 08:20           
Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyib? Xərcin artım tempi düşür
Azərbaycanda adambaşına düşən aylıq xərcin artım tempi azalmaqda davam edir. Yanvarda adambaşına düşən orta aylıq xərc illik müqayisədə 17 manat, yanvar-fevralda 14,5 manat, yanvar-martda 13 manat, yanvar-apreldə 11,8 manat artıb.
Azərbaycanda adambaşına düşən orta aylıq xərc artsa da, bu artım tempində azalma davam edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manat pul xərcləyib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 manat və ya 2,9 faiz çoxdur. Pərakəndə ticarətdə 416,5 manat xərcin 235 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 181,5 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Adambaşına düşən xərcin artım sürəti azalır
Qeyd edək ki, Azərbaycanda adambaşına düşən orta aylıq xərcin artım tempi azalmaqda davam edir. Belə ki, bu ilin yanvar ayında adambaşına düşən orta aylıq xərc illik müqayisədə 17 manat, yanvar-fevral aylarında 14,5 manat, yanvar-mart aylarında 13 manat, yanvar-aprel aylarında 11,8 manat artıb. Rəqəmlərdən də göründüyü kimi, ölkədə adambaşına düşən orta aylıq xərcin artımı azalır.
İnflyasiya aşağı düşdükcə xərcin artım tempi də azalır
Ölkədə adambaşına düşən orta aylıq xərcin artım tempinin azalması inflyasiyanın azalması ilə bağlıdır. Belə ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda orta illik inflyasiya illik müqayisədə 0,7 faizə düşüb. Halbuki keçən il ölkədə 2022-ci illə müqayisədə orta illik inflyasiya 8,8 faiz təşkil edib. Beləliklə, ölkədə infyasiya kəskin şəkildə aşağı düşməkdədir. Növbəti aylarda inflyasiyanın aşağı düşməsi davam edərsə, adambaşına düşən orta aylıq xərcin artım tempi də azalacaq.
"Qlobal inflyasiya yavaşlayıb"
Mərkəzi Bankın məlumatına görə, inflyasiyanın xarici fonu əlverişli olaraq qalır. Qlobal inflyasiya dünya əmtəə qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlayıb. Geosiyasi gərginliklər, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, iqlim dəyişiklikləri, dünya bazarında əmtəə qiymətlərinin və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyi xarici mənşəli başlıca inflyasiya riskləri olaraq qalır. Bununla belə dünyada monetar şərtlərin sərt olaraq qalması, ortamüddətli perspektivdə aparıcı ölkələrdə mərkəzi bankların faizləri daha mülayim endirməsi gözləntiləri qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də dövlət xərclərinin aktivləşməsi və məcmu tələbin izafi artımı ilə əlaqədardır.
"Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində olacağı gözlənilir", - Mərkəzi Bankın məlumatında bildirilib.

Pərakəndə ticarət dövriyyəsi artır
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq, o cümlədən 9,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,1 faiz artıb.

Ən çox ərzaqlara pul xərclənir
Bu ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin:
51,2 faizi ərzaq məhsullarının,
5,2 faizi içkilər və tütün məmulatlarının,
13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların,
5,8 faizi avtomobil benzini və dizel yanacağının,
4,4 faizi elektrik malları və mebellərin,
2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların,
1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Əhalinin dərman xərcləri artıb
Bu ilin yanvar-aprel aylarında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 401,9 milyon manat pul xərcləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çoxdur.
Xatırladaq ki, Baş nazir Əli Əsədov bildirib ki, 2023-cü ildə inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb:
"Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb. Keçən il Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində "İnflyasiya və qiymət monitorinqi" üzrə İşçi Qrup yaradılıb".
Əlavə edək ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilib ki, ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.
Sputnik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.