Müdafiə Nazirliyindən 143 milyonluq oğurluq işi - şahidi məhkəməyə məcburi gətirəcəklər
23-06-2024, 18:03
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, general-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil.
Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hazırda şahidlərin dindirilməsi mərhələsi davam edir. Prosesdə şahid A.Rzayevin məhkəməyə gəlmədiyi məlum olub.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, A.Rzayev və digər şahidlərin məhkəməyə məcburi gətirilməsi üçün onlar tərəfindən vəsatət verilib. Vəkil deyib ki, həmin şahidlərin məhkəmədə bu müddətdə dindirilməsi mümkün olmayıb.
Vəkil həmin şahidlərin məhkəməyə gətirilməsi barədə vəsatətlərindən imtina etdiklərini bildirib. O, həmin şahidlərin məhkəmədə ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan olunması barədə vəsatət verib.
Məhkəmə vəsatəti qismən təmin edib. Hakim bildirib ki, A.Rzayevin məhkəməyə gəlməsi üçün müvafiq tədbirlər görüləcək.
Daha sonra prosesdə Cəlal Kazımovun vəkili müvəkkilinin ailə üzvlərinə məxsus bəzi əmlakların həbsdən çıxarılmasını xahiş edib.
Daha sonra məhkəməyə gəlməyən bəzi şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Proses iyulun 5-də davam edəcək.