Evlərə niyə “kupça” verilmir? - HƏQİQƏTƏN DƏ...
25-06-2024, 00:05
Bu ilin yanvar-may aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 154 337 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,45 faiz azdır. 5 aylıq göstəricinin 23 989-u (15,5 %) ilkin, 130 348-i isə (84,5%) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 31,4 % və 32,6 % azdır. Yanvar-may aylarında fərdi yaşayış və bağ evi üzərində 24 355, mənzil üzərində 34 094, torpaq sahəsi üzərində 91 749, qeyri-yaşayış binası üzərində 1 357, qeyri-yaşayış sahəsi üzərində 3 345, əmlak kompleksi üzərində 321, çoxmərtəbəli yaşayış binası üzərində isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 39 177-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb. 5 ay ərzində 114 705 texniki pasport tərtib edilib, 29 311 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Qeyd edək ki, son vaxtlar ölkədə sənədsiz evlərə çıxarışların kütləvi veriləcəyi ilə bağlı məlumatlar yayılmasına baxmayaraq, hələ də 500 mindən artıq fərdi həyət evinin çıxarışsız olduğu bildirilir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının azalması nə ilə bağlıdr?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebhe.info”-ya bildirib ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı dedikdə çıxarış nəzərdə tutulur:
“Hazırda göstərilən rəqəmlər təkrar alqı-satqı, təkrar özəlləşmələrlə bağlıdır. Yəni bir vətəndaş çıxarışlı binada ev alıb, alqı-satqı edib, yenidən sənədləri təqdim edib çıxarış alıb. Hazır çıxarışların təkrar verilməsi, bir də ilkin çıxarışların verilməsi var. Bunlar ümumi olaraq statsitikada çıxarışların verilməsi kimi göstərilir”.
O bildirib ki, hazırda daşınmaz əmlak bazarında bir durğunluq hökm sürür:
“Bu baxımdan təkrar alqı-satqı bazarında da vəziyyət ürəkaçan deyil. Yəni əmlak bazarı mövsümi olaraq bir az dayanıb. Həm də sənədsiz evlərin sənədləri elə sürətlə verilmir ki, bu da bir göstərici olsun”.
Ekspertin sözlərinə görə, həyət evlərinin alıcıları çoxalır:
“Ancaq satılan həyət evlərinin böyük əksəriyyətinin çıxarışı yoxdur. Çıxarış olmayanda rəsmi statistikada göstərilə bilmir. Eləcə də çıxarışı olmayan torpaqlarda fərdi həyət evi tikmək qadağan olunub və kommunal xətlərin çəkilməsinə icazə verilmir. Alqı-satqı olunan həyət evlərinin böyük əksəriyyətinin çıxarışı olmadığına görə onlar rəsmi rəqəmlərlə göstərilə bimir. Evləri bir-birinə etibarnamə və yaxud ilkin alqı-satqı yolu ilə satdıqları üçün statistikası aparıla bilmir və buna görə də rəqəmlər aşağı olur”.