Üç polisi qətlə yetirən Rövşəni Rüstəm Şahbazovla nə bağlayır? - DETALLAR

25-06-2024, 00:09           
Üç polisi qətlə yetirən Rövşəni Rüstəm Şahbazovla nə bağlayır? - DETALLAR
Xəbər verildiyi kimi, bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev tərəfindən 3 polis qətlə yetirilib. Xatırladaq ki, hadisə onun saxlanması zamanı baş verib. Belə ki, R.Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, bir mülki şəxsi qətlə yetirib.

Rövşən Allahverdiyev kimdir və niyə axtarışda olub?

AFN.az onun haqqında hələ aprel ayında yazıb. Belə ki, Bakı sakini Dadaşov Abbas Eldar oğlunun redaksiyamıza ünvanladığı Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı Teymur Şahbazovla bağlı şikayət məktubunda R.Allahverdiyevin də adı keçir. Şikayətçi bildirir ki, Teymur Şahbazov qardaşı, 15 ilə yaxındır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini işləyən Rüstəm Şahbazovun onun işini düzəldəcəyinə söz verərək külli miqdarda pulunu mənimsəyib. "Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Şahbazov Teymur Adıgözəl oğluna və onunla birgə olan Allahverdiyev Rövşən Oqtay oğlu adlı şəxsə danışdım. Onlar mənə bildirdilər ki, bizim Əmlak Komitəsində tanıdığımız şəxs var və bu işi çox asanlıqla həll edə bilər".
Bu "sövdələşmə" Dadaşov Abbas Eldar oğluna nə az, nə çox 236 min manata başa gəlib. Şikayətçinin sözlərinə görə, T.Şahbazov və Rövşən Allahverdiyev hər dəfə ona Rüstəm Şahbazovla görüşdüklərini, narahatçılığa əsas olmadığını deyib vaxtı uzadıblar: "Lakin mən artıq Teymurun və Rövşənin yalan danışdıqlarını, mənə qarşı dələduzluq etdiklərini anladım. Bundan sonra Teymura və Rövşənə nə qədər zəng vurdum telefon zənglərimə cavab vermədilər. Artıq mən əmin oldum ki, Teymur Rövşənlə birlikdə məni aldadaraq, Teymurun qardaşı Rüstəmlə qabaqcadan əlbir olub, 236000 manat pulumu ələ keçirib, mənə qarşı dələduzluq etməklə, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələrində nəzərdə tutulan cinayət əməlini törədiblər".
Teymur Şahbazov və Rövşən Allahverdiyevin əməlləri bununla bitməyib. Belə ki, şikayəçinin sözlərinə görə, onlar sənəd saxtakarlığına da gediblər: "Mənimlə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 iyul 2022-ci ildə müqavilə bağladılar. Bununla da Teymur Şahbazov məni daha da inandırdı. Sonra mənə məlum oldu ki, tərtib olunan həmin müqavilə də saxtadır. Həmin müqaviləyə görə də Teymur məndən 4-5 ay olmaqla hər ay 7850 manat "icarə haqqı" aldı".
Bir neçə ay əvvəl Rövşən Allahverdiyevlə bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.