Məkkədə son 30 ildə zəvvar ölümlərinin şok statistikası – “Allah onları niyə qorumadı?” demək…
25-06-2024, 08:34
Həcc ziyarəti zamanı şiddətli istilər səbəbindən Məkkədə ölən zəvvarların sayının artması və 100-dən çoxunun itkin düşməsi ciddi narahatlığa səbəb olub. Bəziləri isə əvvəllər də belə hadisələrin yaşandığını bildirir.
Tarixdə ən çox zəvvarın öldüyü ziyarət hansı olub?
Mövzunu Globalinfo.az-a şərh edən tarixçi alim Zaur Əliyev deyib ki, bu sualı cavablandırmadan əvvəl bir suala cavab axtarmaq lazımdır.
Tarixçi qeyd edib ki, Həcc ziyarəti zamanı ölən insanlarla bizim sosial media seqmentində lağ-lağı və ironik statuslar, mövqelər görə bilərik:
“Düzü, bizim cəmiyyətin bəzi üzvlərini başa düşmürəm. İnsan ölümünə bu qədər ironiya etmək nəyə lazımdır?! Hesab edək ki, İspaniyada öküz yürüşündə və ya Braziliyada samba festivalında ölüblər. Onda niyə ironiya etmirlər? Əzizlərim, zəvvarlar tək Məkkədə olmur. Qüdsdə də olur, xristianların ziyarət etdikləri yerlər də var. Eləcədə, Hindistanda və digər ölkələrdə. Məsələn, Hindistanda Qanq çayında qüsl almaq üçün “Kumbxa mela” adlanan mərasimdə və digər çoxsaylı dini ayinləri icra edən yüzlərlə zəvvar dünyasını dəyişir. Bizim sosial mediada Hindistanda, yaxud digər ölkələrdə zəvvarlarla bağlı faciələri paylaşan, ona gülüb sevinənləri görmüsünüz? Ölən müsəlmandır deyə bu qədər sevinirlər? Nə ediblər o yazıqlar sizlərə? Seçim ediblər dinlərini, səfərlərini. Məgər demokratik düşüncədə olan insanlar üçün vicdan, din, inanc azadlığı önəmli deyilmi? Bir-iki adama görə bütöv inanca belə aqressiya nəyə lazımdır axı?! Belə insanlarımızi görəndə kədərlənirəm. Durub, anormal sual da verirlər: “Allah onları niyə qorumadı?”
Tarixçi deyib ki, hər kəsin bir ölüm günü, ölüm anı və ölüm səbəbi var:
“Əvvəla, sən Həcc ziyarəti zamanı da ölə bilərsən, evində də, yolda da, işdə də. İkincisi, niyə Allahı bu qədər qəddar, cinayətkar, cani kimi təqdim edirik?! Baş verən hadisələri niyə Allahın boynuna yıxırıq axı? Allah-Təala insana seçim ixtiyarı verib və bu seçimi edən sağ da qala bilər, ölə də. İnsan seçim edib, dənizə istirahətə gedib orada da ölə bilər, avtomobil sürüb qəza keçirərək və ya başqa cürə də. Buna Allah nə etsin?! Ən böyük demokratik yanaşma göstərən Allah durub sənin əlindən tutub aparmayacaq ki?! Seçim azadlığı verib və insan öz taleyini seçir. Ayəni misal göstərmək hansı ağlın məhsuludur? Ayədə tamam başqa məna nəzərdə tutulur. Ayənin mənası budur ki, Allah evində olan hər kəs əmin-amanlıqdadır, təhlükəsizdir. Son bir neçə gündür bizdə də anomal istilər var. Hələ bizdə 40-dərəcəni keçməyib, amma dözmək olmur. Ziyarət dövründə Məkkədəki Məscidül-həramda temperatur 51,8 dərəcəyə çatıb. Bu il Həcc ziyarəti başlayandan bəri ən yüksək temperatur qeydə alınıb. Bu anomal istilərə görə də Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1 300-ü keçib. Allah onlara rəhmət eləsin”.
Zaur Əliyev tarixə çox getməyə gərək olmadığını, elə müasir dövrdən danışmağın kifayət etdiyini bildirib:
“2 iyul 1990-cı ildə Məkkədən Mina vadisinə gedən piyada tunelində baş verən izdihamda 1426 zəvvar öldü. Qurbanların çoxu Malayziyalılar, İndoneziyalılar və Pakistanlılar idi. 23 may 1994-cü ildə ən azı 270 zəvvar şeytanı daş-qalaq edərkən izdihamda həlak oldu. 9 aprel 1998-ci ildə Cəmrət körpüsündə ən azı 118 nəfər həyatını itirdi, 180 nəfər yaralandı. 5 mart 2001-ci ildə izdihamda 35 nəfər həlak oldu. Onda da hadisə şeytanı daş-qalaq etmə mərasimi zamanı baş verib. 2003-cü il fevralın 11-də yuxarıda qeyd olunan mərasim zamanı 14 zəvvar dünyasını dəyişdi. 2004-cü il fevralın 1-də Mina vadisində şeytanın döyülməsi zamanı izdihamda 251 nəfər həlak olmuşdu, daha 244 nəfər yaralanmışdır. 2006-cı il yanvarın 12-də Həccin sonuncu günü şeytanı daşqalaq edərkən Mina vadisində yenidən insan tələfatı ilə izdiham yaranıb. Nəticədə 346 zəvvar həlak olub, azı 289 nəfər yaralanıb. Hadisə eyni vaxtda çoxlu insan kütləsinin körpüyə gəlməsi səbəbindən baş verib. Bu zaman ritual eyni vaxtda 2 milyona yaxın insan tərəfindən icra edilib. 2015-ci il sentyabrın 24-də Məkkədə minlərlə qurbanın olduğu izdiham baş verdi. Onların dəqiq sayı Səudiyyə rəsmiləri və müxtəlif media orqanları tərəfindən fərqli şəkildə verilib. 2400-dən çox adamın öldüyü bildirilir. Bütün bunlar Səudiyyə rəsmlərinin sərişətsiz işinin nəticəsidir”.
Alim təklif edib ki, gələcəkdə Həcc ziyarəti müştərək komissiya tərəfindən təşkil edilsin:
“Məsələn, Türkiyə, İran, İndoneziya, Pakistan, eləcə də Azərbaycan bu komissiyada təmsil oluna bilər. Həm də yaxşı olar ki, yaşlı insanların ziyarət etməsi üçün izn verilməsin. Günvurma, yaşdan doğan xəstəliklər, müxtəlif sağlamlıq problemləri olan bu insanların o cür istidə ziyarət məsələsində qadağalar olsun. Tək sağlamlıq kağızı ilə izn verilməsin. O adamların bütün tibbi göstəriciləri nəzərə alınsın”