Tanınmış idmançılar hakim qarşısında: Hadisənin TƏFƏRRÜATI

25-06-2024, 12:03           
Tanınmış idmançılar hakim qarşısında: Hadisənin TƏFƏRRÜATI
MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, Tofiq Musayev və Mehman Məmmədovun cinayət işi üzrə ilk məhkəmə baxış iclası keçirilib.

Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ilkin olaraq vəkillərin vəsatətləri məhkəməyə təqdim olunub. Təqsirləndirilən Vüqar Kərəmovun vəkili müvəkkilinin hadisə zamanı orada iştirak etmədiyini əsas gətirərək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək həbs olmayan qətimkan tədbiri ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb.

Vəkilin vəsatətinin prosesin sonrakı mərhələlərində müzakirə olunması qərara alınıb. Dövlət ittihamçısı isə öz növbəsində təqsirləndirilən tanınmış idmançılara ittiham elan edib. Hakim elan olunan ittihama görə, təqsirləndirilən idmançılardan özlərini təqsirli bilib-bilmədiklərini soruşduqda isə yekdilliklə özlərini təqsirli bilmədiklərini qeyd ediblər.

Prosesdə ilkin olaraq müttəhimlər kürsüsündə əyləşən idmançıların məşqçisi Ruslan Əfəndiyevin sərbəst ifadəsi dinlənilib. O, zərərçəkən Həsən Əzizovun məşqçisi olduğunu vurğulayaraq bildirib ki, Həsənlə digər idmançıların mübahisəsi dənizkənarı məkanlardan birində dövlət tədbiri zamanı yaranıb. Məşqçi tələbəsinin onun sözündən çıxmayacağına ümid edərək idmançıların arasında yaranan mübahisəni sakitləşdirmək üçün Həsənlə telefon əlaqəsi yaradıb.

Həsən isə bunun əvəzinə məşqçinin gözləmədiyi tərzdə kobud danışaraq görüşüb söhbət etmək istədiyini bildirib. Məşqçi Ruslan Əfəndiyevlə Həsən görüşərkən mübahisələrinə digərləri də qoşulub və əlbəyaxa dava düşüb. Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

İttihama görə, təqsirləndirilən idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülərək xəsarət alıb. Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbs, Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1 - bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə maddəsi ilə ittiham elan edilib. Növbəti proses iyunun 28-nə təyin olunub.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.