Oliqofreniya - KƏMAĞILLILIQ

26-06-2024, 00:09           
Oliqofreniya - KƏMAĞILLILIQ
Oliqofreniya- kəmağıllıq (oligo yunanca - az, frenicos -ağıl, idrak) deməkdir. Qadınlara nisbətən kişilər arasında 1.5 dəfə çox rast gəlinir.Oliqofreniya dedikdə mərkəzi sinir sisteminin üzvi və zədələnməsi nəticəsində fərdin dərketmə fəaliyyətinin pozulması nəzərdə tutulur. Oliqofreniya üç mərhələdə -- prednatal (bətndaxili), natal (doğuş zamanı), postnatal (doğulduqdan sonra) müəyyən səbəblər nəticəsində mərkəzi sinir sisteminin, ilk növbədə baş beyin qabığının zədələnməsilə fərdin əqli və psixi inkişafının ləngiməsidir. Oliqofreniyanın yaranmasına aşağıdakılar səbəb ola bilər:
Ananın hamiləlik dönəmində yoluxduğu yoluxucu xəstəliklər (qızılca, məxmərək və.s. ) , toksiplazmoz, düzgün qidalanmama, irsi faktorların olması, rezus-faktor uyğunsuzluğu, valideynlərin alkoqolik yaxud narkotik vasitələrdən istifadə etməsi, doğuş zamanı alınan travmalar və s...
Oliqofreniyanın 3 yaranma səbəbi var:
1.Endogen səbəblər
2.Ekzogen səbəblər
3.Endogen-ekzogen səbəblər
Endogen səbəblər nəticəsində daun sindromu yaranır. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Daha dəqiq meyozun (qametogenezin) normal gedişinin pozulması ilə əlaqədardır. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf eləməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının pozulmasına gətirib çıxarır. Kişilər dölsüz olur, qadınlar bəzən nəsil verə bilir. Daun sindromlu xəstələrin əksəriyyətinin böyrəklərində və ürəklərində anadangəlmə qüsur müşahidə edilir. Ağılkəmliyi bütün bu xəstələrdə xarakterikdir. Ağılkəmliyi iki formada olur: ideateya və imuselis. İmuselis bu xəstəliyin daha yüngülüdür. Ən ağır forması isə ideateyadır. Daun xəstələrində tez-tez piylənmə halları da aşkar edilir. Daun sindromlu uşaqlar çox mehriban olurlar. Onlar insanlarla tez bir zamanda ünsiyyət qururlar. Hətta özlərinə qulluq etməyi də bacarırlar. Belə körpələr digər normal uşaqlar kimi şeir, nağıl öyrənib yadda saxlayırlar.
Ekzogen səbəblər nəticəsində hidrosefaliya əmələ gəlir. Hidrosefaliya (yunan. "hidro" - su, "sefalon" - baş) zamanı beyinin mədəciklərinin ölçüləri artır. Bunun səbəbi beyində likvorun həcminin artmasıdır. Körpə uşaqlarda hidrosefaliyanın simptomları arasında bunları sadalamaq olar:
- baş çevrəsinin ölçüsünün sürətlə artması. Kəllə sümüklərinin tikişləri körpələrdə açıq olur ki, nəticədə patoloji sürətlə böyüyən beyin bu tikişləri sanki "aralayır". Körpə uşaqlar hər bir-iki aydan bir profilaktik müayinələrdən keçirilir və bu zaman onların boyu və çəkisi ilə yanaşı başın çevrəsi də ölçülür.
- böyük əmgək böyüyür, qabarıq və gərgin olur. Orta hesabla böyük əmgək təxminən uşağın 1 yaşına kimi bağlanmalıdır. Lakin hidrosefaliyası olan uşaqlarda əmgək hətta 3 yaşına kimi açıq ola bilər.
- kəllə sümükləri nazilir, alın hissəsi qeyri-proporsional və qabarıq olur. Uşağın alnında və üzündə damar toru əmələ gəlir.
- uşağın psixo-motor inkişafı ləngiyir - uşaq öz vaxtında başını düz tutmur, oturmur, yerimir, çox passiv olur (oyuncaqlarla oynamır və s.). Uşaq tez-tez "səbəbsiz" ağlayır, uşaqda qıcolma tutmaları ola bilər.
Endogen-ekzogen səbəblər nəticəsində mikrosefaliya yaranır. Mikrosefaliya olan uşağın baş çevrəsi kiçikliyi ilə fərqlənir. Mikrosefaliya uşağın başının ölçüsünün eyni yaş və eyni cinsdə olan uşaqlardan daha kiçik olması ilə fərqlənən nadir nevroloji xəstəlikdir. Bəzən uşaq anadan olan kimi, bəzənsə həkim tərəfindən müayinə zamanı aşkar edilir. Mikrosefaliya anormal beyin inkişafı ilə nəticələnə bilər
Mikrosefaliya müxtəlif genetik və ekoloji faktorlarla bağlı ola bilər. Mikrosefaliyası olan bəzi uşaqlar normal ağıl səviyyəsinə və normal nevroloji inkişafa sahib ola bilərlər. Mikrosefaliyanın əlamətləri
- İnkişaf geriliyi (danışmaq və hərəkətlərə təsir edir)
- Tarazlıq və koordinasiya çətinlikləri
- Boy balacalığı
- Üzdəki anormallıqlar
- Hiperaktivlik
- Epilepsiya
- İntellektual çatışmazlıq
Oliqofreniyanın üç dərəcəsi ayrılmışıdır:
1. Ağır dərəcə (idiotluq) - Bu diaqnoz ona görə ən ağır dərəcə hesab olunur ki, bu zaman baş beyin qabığının bir neçə mərkəzi (nitq, görmə, eşitmə və s.) zədələnir. Belə fərdlər ətraf aləmi alqılaya bilmirlər, emosional sferaları, idrak prosesləri, və .s. ciddi formada aşağı olur. Eyni zamanda, öyrənmə prosesi çox ləng gedir, akademik inkişaf demək olar ki, yox səviyyəsində olur. Onlara ancaq sadə özünəxidmət bacarıqları verilir.Xarici qıcıqlara qarşı reaksiyaları zəif olub məqsədəuyğun olmur.Bəzən oturduqları yerdə narahat olur aqressiv hərəkətlər edirlər.
2. Orta dərəcə (imbesillik) - İmbesil fərdlər sadə əmək vərdişlərinə, nitqə ilkin ən sadə biliklərə yiyələn bilərlər.Belə adamlar,çox sadə,konkret təfəkkür formasına malik olurlar.Mürəkkəb suallara cavab tapmırlar.Özlərinə xidmət göstərə bilir,sadə əmək vərdişlərini aşılamaq olur.
3. Yüngül dərəcə (debillik) - Belə fərdlərə ən sadə akademik biliklər vermək, fikrini ifadə edə bilmək, sosial bacarıqlar və s. bu kimi bilgiləri aşılamaq mümkündür.
İdrak proseslərinin göstəriciləri:
Nitq: Oliqofrenlərdə nitq ləng inkişaf edir. Nitq prosesi ləng başlamaqla paralel, onlarda passiv və aktiv lüğətin zəifliyi müşahidə olunur. Sözlər mövcud olsa da ,onlardan istifadə çox zəifdir. Onların nitqi qrammatik cəhətdən düzgün olmur, belə ki, əvəzliklərdən düzgün istifadə edilmir, mürəkkəb və uzun cümlələr qura bilmir, fikirlərini izah etməyə cümlə seçimi zəif olur və s...
Təfəkkür: Ümumiləşdirmə, qruplaşdırma, fərqləndirmə, uyğunlaşdırma və s. təfəkkür prosesləri hesab olunur. Ona görə oliqofren hesab olunan fərdlərlə təfəkkürün inkişafı üçün əsasən bu tip tapşırıqlarla işlənilir. Bu proseslərdən birinin pozulması təfəkkürün pozulması hesab oluna bilər. Eyni zamanda, oliqofren fərdlə təfəkkürün inkişafı üçün, sözlü ünsiyyətin inkişafına xüsusilə diqqət yetirmək lazımdır.
Hafizə: Müşahidələr göstərir ki, oliqofren fərdlər hər bir yeniliyi çətinliklə mənimsəyir, verilən materialı tez-tez yaddan çıxarırlar. Buna səbəb isə, oliqofren fərdin sinir proseslərinin xüsusiyyətlərindəndir. Əsasən isə bu "yaddaşsızlıq" təfəkkürün inkişafı ilə bağlı olur. Eyni zamanda, bu diaqnozlu fərdin məqsədli öyrənmə və yadasalması mümkün olmur. Bu isə onun narahatlığı ilə birbaşa bağlıdır.
Diqqət: Oliqofren fərdlərin hər birinə rast gəlinən əsas narahatlıq diqqətin qeyri-sabit, dağınıq, davamlılığının az olmasıdır. Bu bir qayda olaraq, bütün oliqofren fərdlərdə rast gəlinir.Ən sadə diqqət tapşırıqlarının aparılması bunun üçün əsas vasitədir.
Şəfəq Qayıbova
Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu
http://dushunce.az/.../oliqofreniya-k%C9%99ma%C4%9Filliliq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.