Qərbi Azərbaycan Xronikası: Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu

27-06-2024, 09:23           
Qərbi Azərbaycan Xronikası:
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Vorontsovka rayonu haqqında süjet hazırlanıb.

"Çar Rusiyasının Vorontsovkada siyahıyaalma saxtakarlığı" adlı süjetdə kəndləri yer üzündən silinən, əhalisi amansızlıqla qətlə yetirilərək su quyularına atılan, barışıq bəhanəsi ilə tövlələrə toplanıb yandırılan rayonun tarixi yerlərinin saxtalaşdırıldığı, yaşayış məskənlərində oğuz türklərinin izinin itirildiyi, tarixi abidələrin dağıdıldığı bildirilib.

Qeyd olunub ki, bütün bunlar ermənilərin və havadarlarının məkrli siyasətindən qaynaqlanır: "Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşən Vorontsovka rayonu ərazisində 1828-1831-ci illərə qədər türklər üstünlük təşkil edib, sonradan bura Türkiyədən və İrandan kütləvi şəkildə ermənilər köçürülüb. Etnik tərkibi dəyişdirmək üçün Rusiyanın mərkəzi quberniyalarından bura malakanlar da yerləşdirilib. 1905-1907, 1918-1920-ci illərdə Cənubi Qafqazda baş verən münaqişələr zamanı Vorontsovka rayonunun bir çox kəndi erməni vandallarının hücumuna və işgəncələrinə məruz qalıb, azərbaycanlılar tamamilə qovularaq ruslaşdırılıb".

Diqqətə çatdırılıb ki, inzibati ərazi vahidi olan Vorontsovka rayonunun adı 1937-ci il dekabrın 31-də dəyişdirilərək Kalinino adlandırılıb. 1991-ci ildə rayonun adı yenidən dəyişdirilərək Taşir qoyulub. Rayonun Soyuqbulaq kəndi yaxınlığında Armudlu və Qaçaqqıran dərələrində əsrlərin yadigarı olan Soyuqbulaq qayaüstü rəsmlərin mövcudluğu, Cücəkənd kəndində əlləzlilər, qaraqurbanlılar, sakatlar, qarakəllər, dəmirçilər, saraclılar, bocalevi, işvahannılar, çırpanevi, dərvişlər kimi qədim oğuz tayfalarının yaşaması bu məkanın qədim tarixini əks etdirib.

Bildirilib ki, 1948-1953-cü illərdə yenidən deportasiya həyatı yaşayan Vorontsovka sakinləri məcburi prinsiplər altında acınacaqlı vəziyyətdə Azərbaycanın Aran rayonlarına köçürülüb. Son olaraq 1988-ci ildə azərbaycanlılar yaşadıqları 16 kəndi məcburi tərk ediblər. Bundan sonra rayon üzrə 19 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə mərkəzi Böyük Qarakilsdə, yəni Vanadzor olan Lori mərzliyi yaradılıb.

Sonda vurğulanıb ki, Vorontsovka rayonu da müxtəlif vasitələrlə, havadarların köməyi ilə erməniləşdirilib: "Amma bu gün Qərbi Azərbaycan reallığı Ermənistan hakimiyyətinin kabusuna çevrilib. Biz isə doğma yurd-yuvamızda pozulan növrağımızı yenidən qurmaq üçün Qərbi Azərbaycan hədəfinə addım-addım yaxınlaşırıq".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.