Vəkil: Həbsxanada 49 gündür aclıq edən doktorant dəhşətli ağrılardan əziyyət çəkir
2-08-2024, 15:14
Azərbaycanda Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımov 49 gündür aclığı davam etdirir. O “qanunsuz həbsinə” etiraz edir.
Bu barədə vəkil Rövşanə Rəhimli avqustun 1-də Fazil Qasımovla görüşündən sonra Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Fazil Qasımov aclığı sonadək davam etdirəcəyini deyib.
“Qasımov hətta dərman qəbulundan imtina edir, yalnız su qəbul edir. O, hazırda Penitensiar Xidmətin Müalicə müəssisəsində ayrıca otaqda saxlanılır. Qasımovun səhhəti çox ağırdır. 20 kiloqramdan çox çəki itirib. Qan təzyiqi gün ərzində müxtəlif olur, gah 70/50, gah 100/80 nisbətində olur. O, dəhşətli böyrək ağrılarından, ürək sancmasından əziyyət çəkir. Baş gicəllənmələri olur, gözləri qaralır, yataqdan qalxmaq iqtidarında deyil. Dedi ki, başında uyuşmalar hiss edir”, vəkil qeyd edib.
Vəkilin dediyinə görə, bu gün Müalicə müəsisəsinin rəhbəri də Qasımovdan aclığı dayansdırmasını xahiş edib. O deyib ki, indiki anda belə aclığın ciddi fəsadları qalacaq.
Bununla yanaşı, vəkilin sözlərinə görə, Fazil Qasımovun Ombudsmana, hökumət rəhbərlərinə müraciətinə hələ cavab verilməyib.
"49 gün aclıq edən bir ailmin dərdini soruşan yoxdur", o qeyd edib.
1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-na keçən gecə səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata ayrılıb.
“Fazil Qasımovun işi ilə bağlı Anar Əliyev adlı şəxs də həbsdədir. O, Qasımova qarşı ifadə verib. Hər iki şəxsin işinə eyni məhkəmə prosesində baxılacaq”, vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib.