Qaraciyəri sağlam saxlamağın YOLLARI

3-08-2024, 15:44           
Qaraciyəri sağlam saxlamağın YOLLARI
Qaraciyər xəstəlikləri – yaşadığımız dövrdə ölüm hadisələrinin ən çox təsadüf edilən səbəblərindən biridir.

Qaraciyəri sağlam saxlamaq üçün hansı amillərin onun üçün zərərli, hansı amillərin isə xeyirli olduğunu bilmək lazımdır:

Alkoqol – qara ciyərin əsas düşməni olmuş və olmaqdadır! Alkoqolun tərkibində olan etanol orqanizm üçün təhlükəli zəhər hesab olunur və məhz buna görə də qara ciyər onu zərərsizləşdirməli olur. Ancaq alkoqol bədənə xeyli miqdarda (qara ciyər üçün!) daxil olduqda, qara ciyər hüceyrələri buna davam gətirə bilməyərək dağılmağa başlayırlar. Bir sıra mütəxəssislər hesab edirlər ki, kişilər üçün alkoqolun nisbətən təhlükəsiz hesab edilən miqdarı, gün ərzində 24 qram etanol maddəsidir ki, bunu da qara ciyər özü üçün zərərsiz şəkildə olaraq “emal” edə bilir. Bu, təxminən 60 ml araq, 80-90 ml çaxır və ya 240 ml pivə içkisinə bərabərdir. Qadınlar üçün təhlükəsiz hesab edilən miqdar isə 2 dəfə aşağı olub, gün ərzində 12 qram etanola bərabərdir. Bu miqdardan artıq olanlar sağlamlığın ciddi şəkildə pozulmasına səbəb ola bilər. Ancaq yadda saxlamaq lazımdır ki, biz, alkoqolun qara ciyər üçün, yalnız “nisbi təhlükəsiz” hesab edilən miqdarı barədə danışırıq! Qara ciyər sağlam olmadıqda isə, bu miqdarın olması belə, ona daha çox zərər vurmaq üçün kifayət edər. Hər hansı bir dərmanlarla müalicə alarkən, alkoqolun da qəbul edilməsi daha çox təhlükəli hesab olunur! Alkoqolun və dərmanın qara ciyərə eyni vaxtda təsir etməsi qara ciyər üçün məhvedici təsirə malikdir.
Yağlı, qızardılmış, kəskin, duzlu qidaların, yağlı bulyonların, ədviyyatların qəbul edlməsinə “aludə olmaq” qara ciyər üçün çox zərərli hesab olunur. Buna görə də, qara ciyəri sağlam saxlamaq istəyirsinizsə, xeyirli və düzgün şəkildə qidalanmaq lazımdır. Yəni bütün zərərli vasitələri məhtudlaşdıraraq və ya onlardan imtina edərək, daha çox meyvə-tərəvəz, yağsız süd turşusu məhsulları, müxtəlif sıyıqlar qəbul etmək lazımdır. Qara ciyərin ən çox “sevdiyi” məhsullar bunlardır: bal, qreypfrut, yemiş, şaftalı, balqabaq, yulaf yarması, kök, itburnu yarpağı və meyvəsinin dəmləmələri, meyvə şirələri, badımcan, dəniz kələmi, çuğundur, kəsmik. Qara ciyər üçün zülallar da çox vaçibdir. Buna görə də zülalların əsas mənbəyi olan ət məhsullarından da, heç bir halda, imtina etmək olmaz. Yağsız ət məhsullarına üstünlük verərək, onları əsasən, buğda və suda bişmiş şəkildə və ya yağsız şəkildə qızartmaqla yemək məsləhət görülür.
Heç bir zaman həddindən artıq çox yeməyə çalışmayın! Bu halda siz digər mədə bağırsaq orqanları kimi, qara ciyəri də əlavə işlə yükləmiş olursunuz. Kiçik paylarla olmaqla, gün ərzində 4-6 dəfə qidalanmaq daha məsləhətli hesab olunur. Bu zaman, qara ciyər və digər həzm orqanları tərəfindən əvvəlki qidanın həzm olunması üçün, növbəti qida qəbulu hər dəfə, ən azı 3 saatdan sonra olmalıdır.

Piylənmə qara ciyər üçün çox təhlükəlidir! Artıq piy dəri altında toplanaraq insanların normal bədən formasını pozmaqla yanaşı, digər orqan və toxumalarda da (ürək, damarlar və s.) yığılaraq onların da işini çətinləşdirmiş olur. Qara ciyər isə bu zaman tamamilə piy toxuması ilə dolduğu üçün, onun hüceyrələri öz normal funksiyasını yerinə yetirə bilmir.

Bilidiyimiz kimi, qara ciyərin özünü bərpa etmək kimi, nadir bir xüsusiyyəti də vardır! İnsanın öz çəkisini normaya salması, qara ciyərin də tez bir zamanda öz funksiyasını bərpa etməsinə səbəb olur. Ancaq bu zaman diqqət yetirilməsi vacib olan bir məqam da vardır - tez bir zamanda xeyli dərəcədə arıqlamaq qara ciyərə xeyli ziyan vurur. Çünki, sürətlə və xeyli dərəcədə arıqlama zamanı, bədəndən xaric edilməli olan artıq piy toxumaları qanın tərkibinə sorularaq, emal edilmək üçün, qara ciyərə tərəf “hücuma keçirlər”. Qara ciyər, xeyli miqdarda parçalanmış olan bu piy toxumasının emal edilməsinin öhdəsindən gələ bilmədiyi üçün, artıq məhsulların bir hissəsi onun özündə toplanmağa başlayır. Ona görə də qara ciyərin daha sağlam olması üçün həftə orzində orta hesabla 0,5–1 kq arıqlamaq tempi (sürəti) daha münasib (optimal) hesab edilir.

Qara ciyərin normal şəkildə fəaliyyət göstərməsi üçün, düzgün qidalanmadan savayı, gün ərzində kifayət qədər (2 litrdən az olmayaraq) maye qəbul edilməsi də vacib hesab olunur.

Aerozollar, həlledici və aşındırıcı maddələr, turşular və digər kəskin kimyəvi maddələr qara ciyər üçün çox zərərli hesab olunurlar. Nəfəs alarkən, bu maddələrin havada olan kiçik hissəcikləri ağ ciyərlər vasitəsi ilə qana sorularaq, daha sonra neytrallaşdırılması üçün qara ciyərə daxil olur. Bu kimyəvi maddələrin miqdarı qanda nə qədər çox olarsa, qara ciyərin onları neytrallaşdırmaq işi bir o qədər çətinləşmiş və onun zədələnməsi ehtimalı isə artmış olacaq. Ona görə də kimyəvi boyalar, həlledicilər və s. bu kimi maddələrlə işləyərkən, olduğunuz otaqda hava cərəyanının yaxşı olmasına əmin olmaq, nəfəs almaq üçün qoruyucu maskalardan istifadə etmək, dərinizi qorumaq, onlar dəriyə düşdükdə isə tez bir zamanda su və sabun ilə yumaq lazımdır.
Məişətdə istifadə edilən kimyəvi maddələri xüsusilə qeyd etmək lazımdır. Təmizləmə, paltar yuyulması və digər ev işləri zamanı bu kimyəvi maddələrdən minimal miqdarda istifadə etmək və işləyərkən əllərinizi qorumaq üçün mütləq məişət əlcəklərindən istifadə etmək lazımdır. Ev işləri zamanı məişət kimyası vasitələrdən istifadə edərkən, otaqda (hamam, tualet) havanın dəyişdirilməsi (hava axını) də kifayət dərəcədə olmalıdır. Məişət kimyası vasitələrinin ətraf mühitə xaric olmasının qarşısını almaq üçün, onları mütləq, kifayət qədər sıx şəkildə bağlı olan qablarda (paket, plastik butulka və digər qablarda) saxlamaq lazımdır!

Satışa daxil olan dərmanların əksəriyyətinin tərkibində (otlar da daxil olmaqla), qara ciyər hüceyrələri üçün potensial dərəcədə təhlükəli olan maddələr var. Buna görə də, əgər siz uzun bir müddət ərzində, hər hansı bir dərman qəbul etməli olursunuzsa, onun qara ciyərə mümkün ola biləcək mənfi təsirini öz həkiminizdən soruşun. Belə bir təsir olduğu halda isə, hər dəfə müəyyən bir müddət keçdikdən sonra, profilaktik olaraq qara ciyərinizi müayinə edərək, lazım gələrsə onu müalicə etmək lazımdır.
A, B, C, D, E və G spesifik virusları qara ciyər toxuması üçün çox təhlükəli hesab olunurlar. Viruslu hepatitlərin (qara ciyərin iltihabı) 90%-i məhz onların hesabına baş verir. Bu viruslar arasında, B, S virusları daha təhlükəli hesab olunurlar! Bu xəstəliklərə yoluxma, virusa yoluxmuş olan insanların qanı ilə (qan köçürülməsi, cərrahi əməliyyat, dişlərin müalicəsi, manikur, pedikur və s.) və ya cinsi akt zamanı baş verir. Buna görə də, tibb müəssisələrində istənilən tibbi xidmətlər alarkən, orada tibbi alətlərin kifayət dərəcədə sterilizasiyası (mikrobsuzlaşdırılma) üçün müvafiq şəratin olması ilə maraqlanmaq lazımdır! Manikur və pedikur xidmətlərinə gəldikdə isə, bu məqsədlə, özünüz üçün fərdi alətlər almaq və kosmetik salona gedərkən yalnız onlardan istifadə etmək məsləhət görülür.
Orqanizmin parazit-qurdlara yoluxması da qara ciyərin fəaliyyətinə çox pis təsir edir. Əlbətdə ki, bu halda, ilk növbədə qara ciyərin özündə parazitlik edən qurdlar (exinokok və s.), daha sonra isə bağırsaqlarda, ağ ciyərdə və s. orqanlarda yaşayan digər parazitlər nəzərdə tutulur.
İçki ilə bağlı Müqəddəs Quranda ALLAHIN adından belə deyilir:

“Ey iman gətirənlər! İçki də, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (Əl-Maidə, 90-91)

Uca Allah sizləri pis, çirkin və sizə ziyan verən vərdişlərdən qorusun!

Saglamolun.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.