Ölümlə təhdid olunan baş redaktor DANIŞDI - "Mən də onun arxasında dayananların kimliyinin müəyyənləşdirilməsini istəyirəm"
13-09-2024, 17:54
“Hürriyyət” qəzetinin, eyni adlı saytın (hurriyyet.az) və “Youtube” kanalının (Hurriyyet TV) rəhbəri Vüqar Məmmədov təhdid olunduğunu deyir.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Vüqar Məmmədov bildirib ki, vəziyyət kifayət qədər ciddidir və tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciət edib:
“Mənə qarşı təhdidlər, həyatıma açıq təhlükə ilə bağlı iki gün ardıcıl rəhbərlik etdiyim kanal və sayt vasitəsilə məlumatlar, videogörüntülər paylaşıldı, müraciət olundu. Üçüncü gün – sentyabrın 12-də isə rəsmi qaydada da həm Dövlət Təhlükəsizliyi Xidmətinə, həm Baş Prokurorluğa, həm də Daxili İşlər Nazirliyinə rəsmi qaydada da müraciət etdik. Bunu həm də ona görə etdik ki, sabah bəhanə olmasın. Hərçənd, mətbuatda getmiş materialın özü belə, araşdırmanın başlanması üçün əsasdır. Biz hər ehtimala qarşı rəsmi qaydada da müraciət etdik. Hələ ki, heç bir nəticə yoxdur”.
Bugünlərdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənəniyar kənd sakini Malik Cabiyev “TikTok” şəbəkəsi vasitəsilə paylaşdığı videogörüntülərdə Vüqar Məmmədovu təhdid edib.
“Sənin qulağın deyəsən, lezva görməyib. Mən sənin qulağına lezva çəkərəm...”, - həmin videoda Malik Cəbiyev “Hürriyyət”in baş redaktoruna xitabən belə deyir.
Malik Cəbiyev videogörüntülərdə iddia edir ki, Vüqar Məmmədov və onun çıxışlarına şərh yazanlar şəhid ailələrini aşağılayır. Amma Vüqar Məmmədov bu iddiaları qəbul etmir. Baş redaktor deyir ki, əksinə, şəhid ailələrinə, qazilərə hörmətlə yanaşır və onların bir çox məsələlərdə alətə çevrilməsinin əleyhinədir:
“Mən Naxçıvanla bağlı ciddi mövzulara toxunuram. Hesab edirəm ki, hədəfə gəlməyimin əsas səbəbi də budur. Kifayət qədər çox təhdidlər alıram, təzyiqlərə məruz qalıram. Bunların böyük əksəriyyətini heç ictimailəşdirmirəm. Budəfəki təhdid artıq bütün sərhədləri keçməkdir. Əgər sosial şəbəkə üzərindən o cür açıq-aşkar hədələyirsə, deməli, kiməsə arxayındır. Mən də onun arxasında dayananların kimliyinin müəyyənləşdirilməsini istəyirəm”.
Vüqar Məmmədov əlavə edib ki, əgər hüquq-mühafizə orqanları onun müraciətini araşdırmasa, o zaman onların hərəkətsizliyindən məhkəməyə şikayət edəcək.