Bakıya gələn ermənilər belə qorunacaq - Mühafizənin təşkilində vacib detal
5-11-2024, 00:14
11-22 noyabr tarixlərdə Bakıda keçirilməsi gözlənən COP29 sammitinə qısa müddət qalıb. Bu tədbir çərçivəsində ölkəyə çox sayda xarici ölkə nümayəndələri, dövlət və hökumət başçıları, nazirlər, iş adamları, jurnalistlər gələcək.
Məlum olduğu kimi Azərbaycan Ermənistana da tədbirdə iştirakla bağlı rəsmi dəvət göndərib. Lakin rəsmi İrəvan iştirak edib-etməyəcəyi ilə bağlı dəqiq məlumat verməyib. Mediada yer alan məlumatlara görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edə bilər.
Bu kontekstdə ortaya müəyyən suallar çıxır. Ermənistan nümayəndə heyəti COP-da Bakıya gələrsə, onların təhlükəsizliyi beynəlxalq səviyyədə qorunacaq, yoxsa bu işi Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanları bu işi həyata keçirəcək? Adətən beynəlxalq praktikada necə olur? Qarantor dövlətlər bu məsələdə məsuliyyəti bölüşürmü?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, COP29 tədbiri paytaxtda ən yüksək səviyyədə hazırlanıb, təşkil olunacaq:
“Bu əminlik indiyə qədər keçirdiyimiz qlobal səviyyədə olan humanitar, mədəniyyət, idman tədbirləridir. Həmin tədbirlərdən sonra ölkəmiz nümunə kimi də göstərilib. Peşəkar yanaşma var. Azərbaycan bu məsələlərdə işinə məsuliyyətlə yanaşan, ən incə məqamları nəzərə alan ölkə imicini qazanıb. Təsadüfi deyil ki, 200 ölkənin COP29 tədbirini ölkəmizdə keçirilməsinə razılıq verməsi Azərbaycana olan etimada, inama söykənir. Tədbir çərçivəsində ölkəmizə gələcək ölkə başçıları, parlament rəhbərləri, siyasilər, ekspertlər və digər qonaqların təhlükəsizliyi ölkəmizin müvafiq orqanları tərəfindən ən yüksək səviyyədə qorunacaq”.
Deputatın sözlərinə görə, Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin edilməsi də digər qonaqlar səviyyəsində həllini tapacaq:
“Ermənistan nümayəndə heyəti manipulyasiyanı kənara qoymalıdır. COP29-un bəşəri ideyaları özündə əks etdirdiyini anlamalıdır. Konfrans planetimizin gələcəyi ilə bağlı qayğıları özündə əks etdirir. Bu planetdə yaşayan hər bir ölkə sözügedən məsələyə biganə qala bilməz”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza qeyd edib ki, Ermənistan Azərbaycanın COP29-la bağlı dəvətini qəbul edəcək:
“Ermənistan Baş naziri Nikol Paşinyanın da dəvətdə iştirak etməsi gözləniləndir. Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır. Bu mövqeyini də dəfələrlə göstərib. Ermənistanın və digər qonaqların təhlükəsizliyi ən yüksək səviyyədə ölkəmiz tərəfindən təmin olunacaq”.